İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat Qarabağdakı revanşistlərin DARMADAĞIN edilməsindən DANIŞDI

“Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi parlamentin bugünkü iclasında birinci oxunuşda təsdiqlənib.

Musavat.com-un xəbərinə görə, deputat Sahib Alıyev layihə ilə bağlı bildirib ki, hər bir büdcənin qarşısında bir neçə mühüm vəzifə var, onların da başında makroiqtisadi sabitliyin və iqtisadi artımın təmini, eləcə də dövlətin üzərinə götürdüyü sosial öhdəliyin tam yerinə yetirilməsi gəlir.

“Bu baxımdan yanaşdıqda, 2023-cü ilin dövlət büdcəsinin bütövlükdə uğurla icra edildiyini görməmək mümkün deyil. Ancaq bütün bunlarla birgə bizim üçün son dərəcə mühüm vəzifə İkinci Qarabağ savaşında əldə edilən zəfərin möhkəmləndirilməsi, revanşizmə can atanların qarşılarının qətiyyətlə kəsilməsi və işğaldan azad olunan torpaqlarımızda quruculuq prosesinin sürətli davamı, soydaşlarımızın yurd yerlərinə qaytarılmalarının nə qədər mümkündür bir o qədər tez baş tutmasıdır ki, buna ötən il üst-üstə 12 milyard manatdan çox vəsait ayrılmışdı.

Böyük məmnuniyyətlə deyə bilərəm ki, 2023-cü il büdcəsinin haradasa üçdə birinin bu sahəyə yönəldilməsi özünü tam doğrultdu. Bu, təkcə Laçına, Füzuliyə, işğaldan azad edilən digər yaşayış məskənlərimizə yurd həsrətlilərimizin dönüşündə özünü göstərmədi. Baxın, son 30 ildə dünyada ötən ildəki qədər çox regional qarşıdurma qeydə alınmayıb. Dəhşətdir, 183 qanlı toqquşmadan söhbət gedir. Bu toqquşmaların içərisində mülki şəxslərə mümkün qədər az zərər yetirmək, peşəkarlıq və gələcəkdə regionda sülhün təmininə xidmət baxımından örnək sayılan, unikal təsir bağışlayan məhz ötən il sentyabrın 19-20-də Azərbaycanın keçirdiyi lokal antiterror tədbiridir ki, burada da yeridilən büdcə siyasətinin rolu heç də az deyil.

Yəni biz görürük ki, ordu quruculuğu və təhlükəsizlik sahəsinə təqribən 7,3 milyard manat elə-belə sərf edilməyib. Mən əminəm ki, əgər ordu quruculuğuna və təhlükəsizlik məsələlərinə bu qədər diqqət yetirilməsə, işğaldan azad edilmiş ərazilərdəki quruculuq işlərinə 4.8 milyard manat ayırmaqla soydaşlarımızın ora köçlərini belə uğurla reallaşdırmasaydıq, nə “miatsum”çular ötən ilki addımı atacaq, nə də Rusiya hərbi kontingenti Qarabağı tərk edəcəkdi”, - deputat əlavə edib.

S.Alıyevin sözlərinə görə, işğaldan qurtarılan ərazilər üçün ayrılan 4.8 milyard manat vəsait tam icra edilib:

“Ümumiyyətlə, 2023-cü ildə 36 milyard 458,5 milyon manat dövlət büdcəsi xərcləri 99,5 % icra olunub ki, son on ildə biz ikinci dəfədir belə bir reallıqla üzləşirik və bu, müsbət haldır. Xatırladım ki, 2022-ci ildə də büdcə xərclərinin icrası 99,3 faiz yerinə yetirilmişdi. Mən az öncə İkinci Qarabağ savaşında əldə edilən qələbənin möhkəmləndirilməsinə, Azərbaycanın yaratdığı reallıqla barışmaq istəməyənlərin fakt qarşısında qoyulmasına toxundum ki, burada ilk baxışda qəribə təsir bağışlasa da, 2023-cü il büdcəsindəki iki xərc də az rol oynamayıb. Onlardan biri beynəlxalq tədbirlərin keçirilməsidir ki, 25-dən artıq müxtəlif təyinatlı belə tədbirlərə ötən il 200 milyon manatdan çox vəsait sərf olunub. Düz də edilib. Çünki hamısı birmənalı şəkildə Azərbaycanın yumşaq güc potensialının artmasına aparıb çıxarıb.

Eyni zamanda 112,7 milyon manatlıq xarici yardımlar haqqında da bunu demək olar. Təbii və humanitar fəlakətlə bağlı 103,6 milyon manat yardım alanların ön sırasında qardaş Türkiyə, Pakistan və Ukrayna gəlir ki, bu da səbəbsiz deyil. Yəqin İkinci Qarabağ savaşı günlərində Müzəffər Ali Baş Komandanımızın bizə dəstək verən dövlətləri heç vaxt unutmayacağımız haqda dediklərini hamımız xatırlayır və görürük ki, verilən söz əməldə yenə də öz təsdiqini tapır. Hazırda Qarabağ və Şərqi Zəngəzurdakı quruculuq prosesinə ən çox qardaş Türkiyənin şirkətləri cəlb olunublar.

Xarici yardımların sırasında Rohinca müsəlmanlarına qarşı ədalətsizliklə bağlı məhkəmə prosesinin davam etdirilməsi xərclərinin ödənilməsi də var ki, onu dövlətimizn islamofobiyaya qarşı mübarizənin ön cərgəsində olduğunun daha bir göstəricisi saymaq olar”.

Deputat bildirib ki, Azərbaycan donor dövlət kimi 80-dən artıq ölkəyə yardım edib, bu da Fransasayaq özündənrazı güclərin bizə qarşı beynəlxalq müstəvidəki fəaliyyətinin qarşısının alınmasında az rol oynamayıb:

“Toxunmaq istədiyim daha bir neçə məqam vardı ki, vaxtın azlığını nəzərə alaraq onların üzərindən keçirəm. Hesab edirəm ki, 2023-cü il büdcəsinin icrası bütövlükdə Hesablama Palatasının hesabatında vurğulandığı kimi, “Büdcə sistemi haqqında” qanunun 18-ci və 20-ci maddələrində təsbitlənmiş müddət və formalara, tam da olmasa uyğundur. Burada Hesablama Palatasının adını elə-belə qeyd etmədim. Onun hesabatında büdcənin icrasıyla bağlı çatdırılma forması yumşaq olsa da, eyni üsluba əməl etməklə bildirək ki, xeyli ciddi uyğunsuzluqlar və sual doğuran məsələlər var ki, bu da məncə, büdcənin lazımi səviyyədə proqramlar üzrə tərtib olunmamasından irəli gəlir.

Sonda onu deyim ki, hörmətli Tahir Mirkişili kimi mən də “Beynəlxalq Büdcə Tərəfdaşlığı” təşkilatının 2023-cü il üzrə Açıq Büdcə İndeksi hesabatında Azərbaycanın mümkün 100 baldan 67 bal toplayaraq 21 pillə irəliləyib 125 ölkə arasında 23-cü yeri tutmasını böyük uğur sayıram. Xatırladım ki, bu reytinq tərtib edilərkən Dünya Bankının “Dövlət Xərcləri və Maliyyə Hesabatlılığı”, Beynəlxalq Valyuta Fondunun “Fiskal Şəffaflığın Ən Yaxşı Təcrübələr Məcəlləsi”, “Lima Bəyannaməsi”, “Fiskal Şəffaflıq üzrə Qlobal Təşəbbüs”ün prinsipləri və sair kimi mühüm sənədlərə istinad olunur. Burada büdcə məlumatlarının cəmiyyət üçün əlçatanlığı və şəffaflığıyla yanaşı, effektli nəzarət prosedurları da az rol oynamır ki, onu da həyata keçirən qurumlardan biri məhz Hesablama Palatasıdır. Bu uğura görə Hesablama Palatasını təbrik edir, 2023-cü il büdcəsinin icrasını qənaətbəxş sayıram”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR