Onlayn ictimai-siyasi qəzet
“Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlətlərinin liderləri ilə sıx dostluq münasibətləri var. Xalqların və dövlətlərin dost olması mühüm şərtdir, lakin dövlət başçılarının dost olmasının əhəmiyyəti böyükdür. Tarixdən göründüyü kimi, bəzən qohum xalqlar arasında münasibətlər müharibə vəziyyətinə gətirib çıxarır. Liderlərin münasibətlərinin pis olması vəziyyəti gərginləşdirə bilər”.
Bu fikirləri Musavat.com-a millət vəkili Elman Nəsirov deyib.
O qeyd edib ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri bir sıra beynəlxalq qurum çərçivəsində inkişaf tempinə malikdir:
“Azərbaycan da, Mərkəzi Asiya dövlətləri də Türk Dövlətləri Təşkilatının üzvləridir. Bu çərçivədə iqtisadi, ticarət, mədəni, humanitar əlaqələrin inkişafı üçün geniş imkanlar açılıb. İnfrastruktur layihələrinin reallaşdırılması, turizmin inkişafı, sənaye və kənd təsərrüfatı sahəsində əlaqələrin daha da sürətləndirilməsi, enerji sahəsində əməkdaşlığın dərinləşdirilməsi baxımından bütün bu amillər xüsusi rola malikdir. SPECA 1998-ci ildə qəbul edilmiş BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramıdır.
Azərbaycan bu proqrama 2002-ci ildən qoşulub. Bu formatda əlaqələr günü-gündən inkişaf edir. Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 22-də Bakı Ekspo Mərkəzində Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı - SPECA həftəsi çərçivəsində Azərbaycanın xüsusi təşəbbüsü ilə keçirilən “SPECA Ölkələrinin Sərgisi: Dayanıqlı inkişaf üçün regional əməkdaşlıq” adlı sərginin açılışında iştirak edib.
Sərgidə Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistanın istehsalı etdiyi məhsullar nümayiş etdirilib. Azərbaycan stendi xüsusi diqqət mərkəzində idi. Sərgidə Azərbaycan iqtisadiyyatının dünəni və bu günə, o cümlədən sabaha baxışı var. Stenddə eyni zamanda Azərbaycanın müdafiə sənayesi sahəsində qazandığı uğurlar, işğaldan azad edilmiş ərazilərin bərpası ilə bağlı proses və s. öz əksini tapıb.
Qeyd etmək yerinə düşər ki, Azərbaycan iqtisadiyyatı son 20 ildə sürətlə inkişaf edib. ÜDM 78,7 milyard dollara qədər artıb. Azərbaycanın gəlirləri 2002-ci ildə 0,9 milyard dollar idisə, 2023-cü ildə bu rəqəm 18,1 milyard dollara qədər yüksəlib. Sənayemiz də inkişaf edib - 10,4 milyard dollarlıq səviyyəyə qalxıb. İşğaldan azad edilmiş ərazilərin bərpası üçün 7 milyard dollar xərclənib. 2024-cü ildə isə dövlət büdcəsindən bu məqsəd üçün 2,4 milyard dollar vəsait ayrılıb. Bu inkişafın təməlində dayanan fundamental səbəb Heydər Əliyev siyasətinə sədaqət və kursun davam etdirilməsidir”.
E.Nəsirov bildirib ki, Azərbaycanın xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi çəkiyə malikdir:
“Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə birgə vahid mədəni, coğrafi arealı bölüşür, əlaqələrimizin tarixi kökləri var, biz eyni mənəvi dəyərlərə malikik. Bütün bu reallıqlar heç şübhəsiz ki, əlaqələrin inkişafı üçün unikal imkan yaradır. Azərbaycanın ali siyasi rəhbərliyinin müəyyən etdiyi xarici siyasət kursu həm Türk Dövlətləri Təşkilatında, həm də SPECA çərçivəsində Azərbaycanın türk dövlətləri ilə əməkdaşlığının inkişafı üçün geniş imkanlar açıb. Bütün bu reallıqlardan üzv dövlətlər qazanırlar, bu, nəticə etibarilə qeyd edilən ölkələrin həm əməkdaşlığının inkişafına töhfə verir, həm də onların dünya iqtisadiyyatına inteqrasiyası üçün geniş imkanlar açır”.
Nigar HƏSƏNLİ,
Musavat.com
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ