İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat kokteyli və ona ağız büzənlər

 

Yox e, bu camaatın içində ala qarğa bala çıxartmayacaq, mümkün deyil. Çox sözbaz camaatıq. Qoyasan, eyzən kiməsə vedrə bağlayaq, hər sözə bir söz qoşaq, ucundan tutub ucuzluğuna gedək.

Bax, bir deputat, prezidentliyə namizəd özü üçün iki kivi, bir limondan ibarət qarışım-kokteyl hazırlayanda və bunu ictimaiyyət üçün paylaşanda nə olar? Çoxmu böyük qəbahətdir?

Adam hardasa görüb, götürüb, eksperiment edib, xeyrini görüb, indi də istəyir ki, seçiciləri, bütövlükdə xalq kütlələri yatmazdan qabaq bu kokteyldən içsinlər, rahat yatsınlar, sağlam olsunlar. Olmazmı?

Deyirlər, yox, belə şeylər deputata yaraşmır. Xüsusilə də prezident olmaq istəyən deputata. Guya ki, bu, qeyri-ciddi işdir. Sanki deputat həmişə qanun hazırlamalıdır, kokteyl hazırlamaq onun işi deyil.

O vaxt parlamentdə mərhum Səttar Səfərovdan çox qanun hazırlayan yox idi, kimin yadındadır? Amma rəhmətlik ikicə dəfə kokteyl hazırlasaydı və TV ekranında xalqa nümayiş etdirsəydi, hələ də xatırlanardı.

Özü də bu camaatın yaddaşı yeyib-içmək məsələsində çox itidir. Bir dəfə bir fəhləyə rast olmuşdum, danışırdı ki, 90-cı illərin axırında “Hyatt Regensy” otelinin yaxınlığında baş prokuror Eldar Həsənovun evini təmir edirdik, bir axşam idman kostyumunda gəldi, özüylə araq, kolbasa-çörək, turşu-murşu gətirdi, qəzetdən süfrə açdıq, axıracan bizimlə vurdu. Gör, aradan nə qədər keçib, adam hələ də o söhbəti unutmayıb və qabağına çıxan hər kəsə danışır. Çünki baş prokurorla oturub kolbasa-çörəklə araq içmək hər malyara nəsib olmur.

Prezidentliyə namizədin təklif etdiyi kokteylə də bu prizmadan baxmaq lazımdır. 2 kivi, 1 limon götürmürsən, 6 kivi, 3 limon götürürsən, Razi bəyin dediyi qaydada əzib-sıxıb qarışdırırsan, bir stəkanını özün içirsən, iki stəkanını soyuducuya qoyursan, qonaq gələn kimi çıxarıb təklif edirsən və deyirsən, bu elə-belə şey deyil, bunun reseptini Milli Məclisin üzvü, prezidentliyə namizəd təklif edib, təcrübədə sınanıb, al, nuş elə. Əgər o vaxta qədər Razi Nurullayev prezident seçilsə, daha yaxşı, o zaman bu kokteylin dəyəri daha da artar. Hətta işbaz adamlar bunun serial istehsalını da təşkil edərlər. Adı da üstündə: “Prezident kokteyli”.

Amma biz nə edirik? Baxıram, Razi bəyin müvafiq kokteyli necə hazırladığını göstərən videonu paylaşır, lağlağı edirlər. Hərə bir söz yazır. Bir adam da yazmır ki, deputat düz deyir, bu kokteyl orqanizmə çox faydalıdır.

Belə edirik ki, bu tərəflərə demokratiya gəlmir. Odur, tərifli Avropada deputatlar velosiped sürür, gecə barında rəqs edir, paraşütlə tullanır, canım sizə desin, müxtəlif əyləncə tədbirləririnə qatılır, maska-zad da taxırlar və heç kim bir söz demir. Bizdə deputat velosiped sürsə, seçici ona bir daha səs verməz, deyərlər, ondan bizə deputat olmaz, getsin o tərəfə.

Bundan qabaq bir deputat vardı, həmişə piyada gəzirdi, sonrakı seçkilərdə onu seçmədilər ki, özünə gün ağlamayan deputat bizim üçün nə edəcək. Hərçənd onun yerinə seçilən “Gelandevagen”li deputat da heç nə etmədi. Mağıl, yenə seçicilər piyada gəzən deputatla metroda, avtobusda rastlaşıb dərd-sərini deyə bilirdi, lüks avtomobili olan deputatın üzünü də görmürlər.

İndi bəziləri deyir ki, görünür, bu, Nurullayevin seçkiqabağı təbliğat-təşviqat piarıdır, seçicilərin diqqətini bu yolla qazanmaq istəyir.

Onun əvəzindən İmişlidəki seyid qohumlarımın cəddinə and içərəm ki, elə şey yoxdur, bu, onun içindən gəlir, səmimi şəkildə düşünür ki, xalqa sağlam həyat tərzinə dair nümunələr göstərməklə, maarifləndirici videolar təqdim etməklə daha faydalı olmaq olar.

Ona görə də qoy deputatımızın belə hərəkətləri heç kəsə çöçün gəlməsin. Kokteylə də ağız büzməyin. Çox turşdursa, bir qaşıq şəkər tozu əlavə edin. Bu da bir rəngdir. Çox deyəcəksiniz, bezdirəcəksiniz, o da Feysbuk hesabını bağlayacaq, videolar çəkməyəcək, heç parlamentdə sosial məsələlərdən də danışmayacaq, olacaq tanımadığımız 75 deputatdan biri, ondan sonra dincələcəksiniz. İmkan verin, adam özünü ifadə etsin.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR