İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “İranın Zəngəzur dəhlizini özünə təhlükə sayması bir bəhanədir”

“İran cənub hissədə Azərbaycanın mövqelərinin güclənməsində maraqlı deyil. Ona görə də Zəngəzur dəhlizinə qarşı çıxır. Görünən odur ki, İranın dini rəhbəri Xamenei də yaşa dolub, heç bir siyasi etikaya uyğun olmayan açıqlama verir. Görünür, ona sənəd verənlər məsələni fərqli formada təqdim ediblər. Zəngəzur dəhlizinin açılmasının İrana heç bir aidiyyəti, İranın yolunun kəsilməsinə dəxli yoxdur. Əslində onların narahatlığının məntiqi izahı yoxdur, yaşlı adamdır və görünən odur ki, ali rəhbərə doğru-dürüst məlumat verməyiblər. Məncə, əsas hədəf Zəngəzur məsələsi deyil. Çünki orada İranın maraqlarına toxunacaq, ona problem yaradacaq hər hansı məsələ yoxdur”.

Bunu xeber.media-ya Milli Məclisin deputatı Fazil Mustafa deyib.

F. Mustafanın iddiasına görə, Qarabağın azad edilməsi - nə qədər əksini söyləsələr də - İranda mutsuzluq yaradıb: “Onlar əmin idilər ki, torpaqlar işğal altında qalacaq, Azərbaycan bu hissədə İrandan daha çox asılı olacaq. Amma indi Azərbaycan həmin əraziləri işğaldan azad etdikdən sonra bərpa edir və İran da bunu gələcəkdə Azərbaycanın mövqeyinin bölgədə güclənməsi kimi görür”.

Deputat bildirib ki, Azərbaycanın İranla münasibətləri açıq və şəffafdır. Yəni ölkəmiz İranla dostluq münasibətləri qurmaq istəyir:

“Biz İranla və digər ölkələrlə problem yaşamaq istəmirik. İran bunu deyəcəksə, biz də İranla bağlı siyasətimizə baxa bilərik, lakin biz bunda maraqlı deyilik. Bizim digər ölkələrlə münasibətlərimizin İrana qarşı olan tərəfi yoxdur. İsraillə dostuq, eləcə də ABŞ-la, eyni zamanda da İrana qarşı sanksiya və digər məsələlərdə iştirakçı deyilik. Rusiya ilə də eyni münasibətdir. Yəni heç kimə təhdid yaratmırıq. Belə olan halda Zəngəzur üzərindən mənasız və əsassız yanaşma ortaya qoymaq doğru deyil. Bunu aşağı ranqlı İran məmuru desəydi, məsələyə diqqət ayırmamaq olardı. Lakin İranın ali dini liderinin deməsi təəccüb doğurur ki, ətrafında olan insanlar nədən ona normal və əsaslı sənəd təqdim etməyiblər”.

F. Mustafa qeyd edib ki, Zəngəzur dəhlizinə Azərbaycan, Rusiya və Ermənistan arasında bağlanan üçtərəfli razılaşmanın icrası kimi baxmaq lazımdır: “İran hansısa tələblərlə çıxış edəcəksə, bu, həm də Rusiyaya qarşı demarş olacaq. İran bu mərhələdə Rusiyaya qarşı belə demarş irəli sürməməlidir. Yox, əgər Ermənistanı təhrik edəcəksə, bu zaman Ermənistan və İran birgə olacaq. İranla birgə olmaq Ermənistana nə dərəcədə uğur gətirər? Bu mənada biz bəhanələri kəsmək üçün konkret olaraq təklifərimizi bir daha təkrarlamalıyıq”.

F. Mustafa bir daha diqqətə çatdırıb ki, Azərbaycan İranla yaxın və qonşuluq siyasətinin aparılmasında maraqlıdır: “Yaxş olardı ki, İrandan ölkəmizə yüksək səviyyəli nümayəndə heyəti gəlsin, bizimkilər də ora getsin və müzakirə aparsınlar. İran da göstərsin ki, Zəngəzur dəhlizindən onlara hansı təhlükə var. Əks halda İran bölgədə sülh istəmir, Zəngəzur məsələsi sadəcə bəhanədir. Biz İranla əməkdaşlıq edirik. Bu əməkdaşlıq hara, düşmənçilik hara? Odur ki, bunun izahı verilməlidir. Nümayəndə heyətləri görüşüb İranın sıxıntısını söyləməlidir. İran isbat edə bilməz ki, Zəngəzur dəhlizinin İrana hansısa təhlükəsi var. Onların dedikləri tamamilə yalandır. Azərbaycan haqlı olduğu üçün İrana çağırış etməlidir ki, buyurun gəlin, Zəngəzurda İranı təhdid edən faktı göstərin”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR