İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: İndiki dönəmdə türkdilli dövlətlərin həmrəylik nümayiş etdirməsi vacibdir

“Azərbaycan daim Türk dünyasının əlaqələrinin güclənməsinə öz töhfəsini verib və bundan sonra da Türk dövlətlərinin birliyi amallarına sadiq qalacaq. Son illər türk dövlətləri arasında əlaqələr, inteqrasiya davamlı olaraq genişlənir. Türkdilli ölkələrin yüksəksəviyyəli rəsmiləri həm ikitərəfli platformalarda, həm də Türk Dövlətləri Təşkilatının Zirvə görüşləri və digər tədbirləri çərçivəsində bir araya gələrək fəaliyyətlərinin koordinasiya edilməsi məqsədilə aktual müzakirələr aparırlar. Belə görüşlərdə bir qayda olaraq keçilmiş yola nəzər salınır, yeni hədəflər və fəaliyyət istiqamətləri müəyyənləşdirilir. Bu baxımdan, noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə görüşünün keçirilməsi böyük önəm kəsb edir”.


 Bu fikirləri Musavat.com-a deputat Fatma Yıldırım deyib. O qeyd edib ki, Azərbaycan öz təşəbbüsləri ilə türk dövlətləri arasında əlaqələrin daha da dərinləşməsinə xidmət edib:

"Ümumiyyətlə, türk dövlətləri arasında həm ikitərəfli, həm də çoxtərəfli səviyyədə əməkdaşlığın daha da dərinləşməsi istiqamətində səylər artırılıb. Qlobal təhdidlərin çoxaldığı indiki həssas dönəmdə isə türkdilli dövlətlərin daha sıx həmrəylik nümayiş etdirmələri xüsusilə vacibdir.

Millət vəkilinin sözlərinə görə, Türk dövlətləri arasında iqtisadi münasibətlər genişlənir:

"Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizdə müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb. Bu gün Orta Dəhlizlə yükdaşımaların həcmi nəzərəçarpacaq dərəcədə artmaqdadır.

Dövlətimizin başçısı  İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı Vətən müharibəsindən sonra Cənubi Qafqazda vəziyyət, Ermənistanın qeyri-konstruktiv mövqeyi və işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən quruculuq işləri haqqında fikirlərini ifadə edib. 30 illik işğal dövründə yüzlərlə şəhər və kəndimiz, tarixi və dini abidələr, qəbiristanlıqlar Ermənistan tərəfindən məqsədli şəkildə dağıdılıb. Hazırda ölkəmiz Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparır. Biz sıfırdan 9 yeni şəhər və birinci mərhələdə 300-dən çox kənd və qəsəbə qururuq. Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsi, ölkələrin xarici siyasətdə tam koordinasiyalı və vahid məqsəd uğrunda çalışdığını göstərən nümunələrdən biri Azərbaycanın erməni işğalından azad etdiyi Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərində özünü göstərir. 44 günlük Vətən müharibəsində qardaş Türkiyə Azərbaycana qətiyyətli dəstək göstərdi və qələbəmizdə bu amil mühüm rol oynadı. Ümumiyyətlə, TDT ərazi bütövlüyümüzün bərpası məsələsində hər zaman ölkəmizə mənəvi və siyasi dəstək verib. Bundan əlavə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Macarıstan tərəfindən azad olunmuş ərazilərimizdə qardaşlıq hədiyyəsi olan məktəb və yaradıcılıq mərkəzi inşa edilib, eləcə də yeni məktəblər də tikiləcək.

Fatma Yıldırım qeyd edib ki, Zirvə görüşündə türk dövlətlərinin liderləri əlaqələrimizin gücləndirilməsini vurğulamaqla yanaşı,  Bakıda keçiriləcək COP29-la bağlı təbriklərini çatdırıblar. Təqdirəlayiq haldır ki, bütün türk dövlətləri COP29-da yüksək səviyyədə təmsil olunacaqlar. Bütövlükdə, proseslər göstərir ki, türk dünyasının birliyi ildən ilə daha da güclənir. Bu, olduqca mühüm amildir. Çünki qloballaşan dünyada türk dünyasının birliyinin alternativi yoxdur və biz hədəflərimizə doğru inamla gedirik".

 

Afaq Mirayiq,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR