Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin iclasında çıxış edən komitə sədri Siyavuş Novruzov Azərbaycana qarşı ikili standartlarla çıxış edən mərkəzlərdən bəhs edib.
Musavat.com-un xəbərinə görə, o bildirib ki, zamanında Azərbaycana qarşı soyqırımıların, müharibə cinayətlərinin törədilməsinə reaksiya verməyən, AŞPA-da çıxış edərək Xocalı soyqırımında iştirakını fəxrlə bəyan, cinayətlərini etiraf edən Ermənistan prezidentinə qarşı hər hansı tədbir görməyən “demokratiya” paytaxtları bu gün də ənənəvi mövqedədirlər.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın uğurlarını istəməyənlər məkrli niyyətlərini həyata keçirməyə başlayıb. Deputat bildirib ki, bu, beynəlxalq təşkilat və dövlətlər, eləcə də Azərbaycanda həmin dövlətlərə xidmət göstərən insanlar, siyasi partiyalar və sairdir:
“Azərbaycan hər zaman atdığı addımı beynəlxalq hüquq normalarına uyğun atır”.
Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın tələb etdiyi və ortaya qoyduğu məsələlər haqq işidir:
“Əfsus ki, dünya ölkələri özlərini demokrat adlandırsa da, bu addımların heç birində Azərbaycanın haqq işində nəinki dəstək göstərmək, onun əleyhinə ikitərəfli bağlanacaq sülh müqavilələri və digər məsələlərə qarşı məkrli niyyətlərini ortaya qoyur. Xocalı soyqırımını, Azərbaycan xalqının və insanlıq əleyhinə cinayət törədənlər, Gəncəni, Bərdəni, Tərtəri bombalayanlara qarşı bu günə qədər hələ sanksiya tətbiq olunmayıb”.
Komitə sədri daha sonra bunları söyləyib:
“Azərbaycanda Əli Kərimli adında “TikToker” var. Bir kompüter, bir də özüdür. Qoyub qabağına danışır. Təbii ki, kompüter danışa bilmədiyindən ona cavab verə bilmir. Əgər Əli Kərimlinin cəsarəti çatıb hər hansı fikir söyləmək istəyirsə, istənilən internet saytda fikir bildirməsi üçün dəvət edirik. Ona başa salaq ki, dünya nədən ibarətdir. Dünya tək başqa dövlətlərə donos verməkdən ibarət deyil. Dünya xalqı və dövlətini sevməkdir. Bu gün görülən işlərə kölgə salmağa çalışmaq, insanlara düzgün olmayan məlumatlar vermək heç də yerində deyil. Nə vaxt istəyir, biz hazırıq”.
E.Paşasoy,
Musavat.com
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ