Onlayn ictimai-siyasi qəzet
Deputat Sahib Alıyev Milli Məclisin iclasında çıxışı zamanı bildirib ki, dünyanın bir sıra yerlərində rəngli inqilab yoluyla ideoloji işğal həyata keçirənlərin Azərbaycanın İkinci Qarabağ savaşındakı qələbəsini və torpaqları üzərində suverenliyinin təminini həzm etməmələrinin kökündə eyni siyasəti burada da yeritmək niyyətləri durur.
Musavat.com xəbər verir ki, S.Alıyevin sözlərinə görə, əslində ideoloji işğal bir sıra hallarda fiziki işğaldan daha təhlükəlidir ki, biz onu dost ölkələrdən birinin düşdüyü vəziyyətdə görürük.
“Ötən əsrin 90-cı illərində Türkiyədən, Polşadan, Macarıstandan daha böyük iqtisadi potensialı olan bu ölkə indi tam şəkildə qərbdəkilərdən asıldırsa, dozalarla göstərdikləri yardımlarına möhtacdırsa, plasdarmlarına çevrilibsə, hətta artıq özünün insan resurslarının önəmli bir hissəsi üzərində belə kontrolu itiribsə, bunun adı işğal deyil, bəs nədir? Ötən əsrin 40-cı illərinin ikinci yarısında Almaniya və Koreya kimi ikiyə, yəni təsir zonalarına bölünmək üçün görülən hazırlıqlar da ondan xəbər vermirmi ki, orada da bir yox, azı iki işğalçıdan söhbət gedir. Nə olsun ki, onlardan biri sərt, digəri isə yumşaq güc tətbiq etməklə istədiyini reallaşdırır, nə fərqi var, nəticə eynidir. Oxşar işğalçılıq siyasəti bölücü xətlər çəkməklə hazırda bizim regionda da reallaşdırılmağa çalışılır ki, aprelin 5-də Brüsseldə keçirilən üçlü görüşdən sonra bu, daha açıq-aydın görünməkdədir”, - o qeyd edib.
Deputat bildirib ki, Prezident İlham Əliyevin oktyabrın 4-də Cəbrayılda etdiyi xəbərdarlıqdan Ermənistan rəhbərliyi düzgün nəticə çıxarmalı, onları yeni qarşıdurmaya həvəsləndirən ABŞ, Fransa və digərlərinin heç də haymərkəzli deyil, hayalətli siyasət yeritdiklərini və yenə bunun ağrısını çəkəcəklərini anlamalıdırlar:
“Qərbdəkilər, o sıradan da özünün-özünə yazdığı müraciəti 60 konqresmenə imzalatdıran ABŞ dövlət katibi Blinken də bilməlidir ki, çirkli planları yürüməyəcək. Əli azərbaycanlıların qanına batan hərbi cinayətkarları və terrorçuları buraxdırmaq, bölgəni yenidən qan çanağına çevirmək cəhdləri Azərbaycanda hiddət doğurur və asimmetrik də olsa, cavabsız buraxılmayacaq. Əli Kərimli, eləcə də legion olaraq fəaliyyət göstərən guya azərbaycanlı sayılan digər muzdlu nökərlərini legion üzvlərinin Qərbdəki bəlli çevrələrin yeritdikləri siyasətə haqq qazandırmağa çalışmaları həmin ünsürlərin mənəvi tənəzzülün hansı dərinliyində olduqlarını göz önünə sərməkdən başqa nəyisə dəyişən deyil. Burada ideoloji işğal mümkünsüzdür. Çünki nə Azərbaycan indiki kimi güclü, nə də hakimiyyət-xalq birliyi indiki qədər möhkəm olub. Müzəffər Ali Baş Komandanımızın əmrinə müntəzir bu ordu xalq kimdən gəlməsindən asılı olmayaraq bütün təhlükələri dəf etmək qüdrətindədir”.
E.Paşasoy,
Musavat.com
23 Noyabr 2024
22 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ