İnsanlara hürriyət, millətlərə istiqlal!

Deputat: “Azərbaycan-Türkiyə birliyi regionda sabitləşdirici faktor rolunu oynayır”

Biz növbəti tarixi səfərin, tarixi hadisənin şahidi olduq. Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla birgə İğdır-Naxçıvan qaz xəttinin açılışında iştirak etdi. Hər iki ölkə əlaqələrimizlə bağlı mühüm açıqlamalar verdi. Prezident İlham Əliyev çıxışında olduqca mühüm məqamlara toxundu. Ölkə başçısı tarixə ekskursiya edərək tarixi Azərbaycan torpaqlarının Ermənistana necə verilməsi, Naxçıvanın blokadaya alınması, Ulu öndər Heydər Əliyevin Naxçıvana gəldikdən sonra Naxçıvanın müdafiəsi, qazla təmin olunması və digər istiqamətlərdə mühüm açıqlamalar verdi.

Bu fikirləri Musavat.com-a Milli Məclisin deputatı, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun üzvü Ceyhun Məmmədov Prezident

İlham Əliyevin Türkiyəyə səfərini şərh edərkən bildirib. Deputat qeyd edib ki, Azərbaycan-Türkiyə əlaqələri yeni mərhələyə qədəm qoyub:

“Şuşa bəyannaməsinin imzalanması ilə ölkələrimiz demək olar ki, bütün istiqamətlərdə birgə fəaliyyət göstərirlər. Bu da münasibətlərimizin birmənalı olaraq inkişafına öz təsirini göstərəcək. Prezident İlham Əliyev eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının möhkəmlənməsinin önəmindən də danışdı. Xüsusilə, İğdır-Naxçıvan qaz kəmərinin açılışı bir daha Azərbaycan-Türkiyə birliyinin, dostluğunun, qardaşlığının göstəricisidir. Birliyimiz regionda sabitləşdirici faktor rolunu oynayır. Bu gün iki ölkə Türk Dövlətləri Təşkilatı çərçivəsində də sıx əməkdaşlıq edir. Bütün platformalarda Azərbaycan Türkiyənin, Türkiyə də Azərbaycanın yanındadır, bir-birinə dəstəyini heç zaman əsirgəmir”.

C.Məmmədov vurğulayıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə səfərindən sonra iki ölkə arasında əlaqələr daha da möhkəmlənəcək: “Hər iki ölkə lideri qətiyyətlidir, prinsipiallıq nümayiş etdirirlər. Bu da ölkələrimiz arasında münasibətlərin dərinləşməsi prosesinə birmənalı olaraq ciddi müsbət töhfə verir”, deyə deputat əlavə edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Mart 2025

BÜTÜN XƏBƏRLƏR