Onlayn ictimai-siyasi qəzet
Mütəxəssislər deyir ki, dəm qazından qorunmağın ən başlıca üsulu qaz detektorlarının işlək vəziyyətdə saxlanmasıdır
Dəm qazı Azərbaycan xalqının bəlasına çevrilib. İl başladığı bir həftədir, artıq bir neçə dəm qazından boğulma baş verib. Naxçıvanda bir ailənin 3 üzvü dəm qazından zəhərlənib. Şəhər sakinləri - 1977-ci il təvəllüdlü Ruhiyyə Hacı qızı Rəsulova və onun övladları - 2000-ci il təvəllüdlü Jalə Vüqar qızı Mirzəyeva, 2011-ci təvəllüdlü Fidan Vüqar qızı Mirzəyeva evdə dəm qazından zəhələniblər. Onlar təcili olaraq Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Qeyd edək ki, Ruhiyyə Rəsulova tanınmış jurnalistdir. Bakı Dövlət Universitetinin tələbəsi, BDU-nun SABAH qruplarının Kompüter elmləri ixtisasının III kurs tələbəsi Sənan Mahir oğlu Qasımov da dəm qazından boğularaq vəfat edib. İllərdir bu problemdən danışılır, çıxış yolları göstərilir, amma ortada nəticə yoxdur. Bunun məsuliyyəti kimin üzərindədir? Konkret hansı tədbirlərin həyata keçirilməsin başlanılmalıdır ki, insanlar yatdığı yerdə boğulub ölməsin?
Mütəxəssislər deyir ki, dəm qazından qorunmağın ən başlıca üsulu qaz detektorlarının işlək vəziyyətdə saxlanmasıdır. Dünyanın bir çox ölkələrində qaz qurğularının detektorsuz istifadəsi qadağandır. Azərbaycanda da qaz sayğaclarında qaz detektorlarının klapanları, sayğaclarla bərabər yaşayış yerində quraşdırılmalı detektorlar da fərdi evlərin sahiblərinə təqdim olunur. Lakin bir çox hallarda vətəndaşlar səhlənkarlıq göstərir, detektorların mənzillərdə quraşdırılması təmin etmirlər.
Dəm qazından zəhərlənmənin səbəbləri sırasında bir neçə hallar durur.
Bunlar aşağıdakılardır:
- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması (duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir);
- soba ilə qızdırıcı sistemlərdə texniki təhlükəsizlik qaydalarının pozulması;
- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;
- sobanın qapağının vaxtında bağlanmaması;
- yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması;
- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;
- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;
- sobada və borularda çatların və nasazlıqların olması;
- insanların yanğın ocaqlarında olması;
- qarajda avtomobilin işlək vəziyyətdə olması;
Dəm qazından zəhərlənən zaman ilk olaraq küt başağrısı, başgicəllənmə, gicgah nahiyəsində döyüntü hissiyyatı, təngnəfəslik, quru öskürək, gözdən yaş axma və müvazinətin itməsi kimi hallar baş verir ki, bunu da hiss etdiyiniz zaman dərhal otağı və ya olduğunuz yeri tərk etməlisiniz. Təcili olaraq zərərçəkmişə oksigenin verilməsini təmin etmək əsas şərtdir.
Ölkəmizdə qaz paylayıcı ilə istehlakçı arasındakı bütün münasibətlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilmiş “Qazdan İstifadə Qaydaları” ilə tənzimlənir. Qeyd edək ki, həmin qaydaların tələblərinə uyğun olaraq yeni tikilmiş binalara və fərdi yaşayış evlərinə qazın açılışına icazə verilməsi üçün nəzərdə tutulan tələblərdən biri də məhz mənzillərdə qaz detektorlarının quraşdırılmasıdır. Yeni mənzillərdə detektor quraşdırılmasa “Azəriqaz” həmin mənzillərə təbii qazın verilməsinə icazə vermir. Lakin “Azəriqaz”ın bu səlahiyyəti yalnız yeni tikilən mənzillərə şamildir. Daha əvvəlki dövrdə qaz şəbəkəsinə qoşulan binalarda və fərdi evlərdə detektorların quraşdırılmasını tələb etmək “Azəriqaz”ın səlahiyyətində deyil.
Azərbaycanda da belə qurğular satışda da var. Qiyməti istehsalçısından asılı olaraq 30-50 manat arasında dəyişir. Çox təəssüf ki, insanlarımız bu kimi qurğulara pul xərcləməyə həvəsli deyil. Nəticə isə acınacaqlıdır. İnsanlarımızın hamam otaqlarında dəm qazından zəhərlənməsi mövsümü tempraturlar aşağı düşdükcə artır.
“Ayaq ucunda səssiz-səmirsiz gələn ölüm”ün qarşısını almaq üçün sakinlər evlərinə detektor quraşdırmalıdırlar.
Mütəxəssislər deyir ki, bu gün bəzi yeni çoxmərtəbəli binalarda mənzil-tikinti kooperativləri evləri qazla bağlı problemləri aşkarlayan detektorla təchiz edirlər. Bu olduqca yaxşı haldır. Yeni tikilən binalarda detektorların quraşdırılması məcburidir. Həm də qazla işləyən qızdırıcı cihazların hamam otaqlarında quraşdırılması ənənəsinə son qoyulmalıdır. Dəm qazı ilə bağlı ölüm işləri araşdırılarkən həmin cihazları quraşdıran ustalar da istintaqa cəlb edilməli, onlara xüsusi tapşırılmalıdır ki, belə cihazları hamam otaqlarında quraşdırmasınlar. Ustalara müvafiq qurumlar efir vasitəsi, telekanallar və mətbuat vasitəsilə müraciət edib onları hamam otaqlarında qazla çalışan qızdırıcılar quraşdırılmaması tövsiyə etməli, müvafiq təlimatlar çatdırılmalıdır.
Usta düşünməlidir ki, qazla çalışan qızdırıcı cihazı hamamdan kənar yerdə də quraşdırmaq mümkündür və bunu etməlidir. Mənzil sahibinə də izah olunmalıdır ki, qızdırıcı cihazın hamam otağında olması vacib deyil, bunu eyvanda, həyət evidirsə yaxınlıqdakı yardımçı otaqda, hansında ki, normal ventilyasiya sistemi var, orada quraşdırmaq mümkündür. Bu zaman hamam otağına isti suyun verilməsində heç bir problem də olmur. Bu zaman mənzil sahibinin 10-20 manat əlavə xərci olacaq. Amma bu, onun və yaxınlarının həyatını dəm qazı kimi qatildən kənar tutacaq.
Mütəxəssislər deyir ki, dəm qazından zəhərlənməmək üçün hamam otaqlarının havalandırma sisteminə də diqqət etmək lazımdır: “Dəm qazının spesifik, haradasa sarımsaq iyinə oxşar qoxusu var. Dəm qazı gözlərdə qıcolmaya oxşar reaksiya yaradır. Hamam otağında suyun fasiləsizliyi halında bunu hiss etməyə bilərsiniz. Dəm qazından qorunmaq üçün hamam otağının ölçüləri də standartlara uyğun olmalıdır. Hamamın hündürlüyü 2.20 sm, qapısı da bayıra açılmalı və aşağısında dəliklər olmalıdır. Həmin dəliklər vasitəsilə xaricdən havanın daxil olması, qazın yanma prosesinə kömək etməsinə hesablanıb. Çox təəssüf ki, əksəriyyət bu normativləri bilmir və ya əməl etmir. Qaz qızdırıcılarını quraşdıran ustalar bu məqamlara xüsusi diqqət etməlidirlər. Vətəndaş qızdırıcıları özü quraşdırmaqdan çəkinməlidir. Çünki müvafiq standartları bilmədiyi üçün yanlışlığa yol verə bilər. Qazla yanlış davranış isə faciə ilə nəticələnir. Bundan əlavə, gecələr qızdırıcı lazım deyilsə, mütləq söndürmək lazımdır. Çünki gecə saatlarında qaz kəsilə, yaxud bacadakı problem səbəbindən dəm qazı formasında evə dola bilər. Bunun da sonu bəllidir. Qazı yandırma qaydasına da diqqət etmək lazımdır. Öncə odu gətirmək lazımdır, sonra qazı açmaq gərəkdir. 1 kubmetr metan qazı yanan zaman 9 kubmetr hava lazım olur. Bu hava çatmayanda və ya çox olanda yanma prosesi pozulur. Bu zaman da karbon 4 oksid əvəzinə, karbon 2 oksid ayrılır və 7 dəqiqə ilə 30 dəqiqə arasında o mühitdə nəfəs alan insan zəhərlənir. Ona görə də tüstü, boru ilə xaricə ötürülməli və bu boru da damdan yarım metr hündürə qalxmalıdır”.
Mütəxəssislərin sözlərinə görə təhlükəsizlik baxımından kombi sistemi ilk yerdədir: “Lakin sistemi yenə də usta qurmalıdır. Kombi bacası evlərin, tikililərin daxilinə deyil, kənara çıxarılmalıdır. Bu halda tam təhlükəsizlik şəraiti yaranır”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ