İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəm qazı bir ailəni xəstəxanalıq etdi – ZƏHƏRLƏNMƏMƏK ÜÇÜN BUNLARI EDİN!

Sumqayıtda Yaşıl dərə yaşayış massivində 5 nəfər dəm qazından zəhərlənib.

Zəhərlənənlər bir ailənin üzvləridir. 39 yaşlı Qabil Niftalı oğlu Orucov, onun həyat yoldaşı 29 yaşlı Gülbuta İmamverdi qızı Orucova, övladları - 5 yaşlı Niftalı Qabil oğlu Orucov, 16 yaşlı Aysun Qabil qızı Orucova və 8 yaşlı Samirə Qabil qızı Orucova dərhal Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına aparılıb.

Hər il qış fəslində dəm qazından zəhərlənmələrin artması müşahidə olunur. Əhali mənzillər isti olsun deyə qapı və pəncərələri daha kip saxlayır. Bu isə nasaz qaz cihazlarının istismarı zamanı və ya tüstü bacalarının normal işləmədiyi hallarda dəm qazından zəhərlənmə hallarının baş verməsinə səbəb olur.

Dəm qazından zəhərlənmələrdən necə yayınaq? “Səssiz ölüm”dən qorunmaq üçün hansı tədbirlər görülməlidir?

Mütəxəssislər deyirlər ki, dəm qazından zəhərlənmədən qorunmaq üçün qış mövsümü başlamazdan əvvəl sobalara baxış keçirilməli, tüstü bacalarının sazlığı və işə yararlı olması yoxlanılmalıdır.

Əhalinin əsasən yol verdiyi səhvlər bunlardır:

- standarta uyğun olmayan və kustar yolla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməsi;

- suyu qazla qızdırılan duş və vanna otaqlarında nəfəsliklərin olmaması, bu zaman duş qəbul edən şəxsi nəzarətdə saxlamaq və tez-tez maraqlanmaq vacib şərtdir;

- yanacağa yanma üçün lazımi miqdarda havanın daxil olmaması;

- tüstü çıxarıcı boruların və tüstü bacasının yaxşı işləməməsi;

- sobanın və tüstü çəkən bacanın nasaz vəziyyətdə olması;

- sobada və borularda çatların və nasazlıqların olması.

Mütəxəssislər deyir ki, mənzillərdə isə dəm qazından zəhərlənmə təhlükəsi əksər hallarda evi qızdırıcı cihazlarla qızdırarkən və ya hamam otağında baş verir.

Kimyəvi adı karbon monooksid olan dəm qazı yanacaq məhsullarının natamam yanması nəticəsində əmələ gəlir. Bu qaz iysiz və rəngsiz olduğundan hiss edilmir. Məhz bu səbəbdən də zəhərlənmə sezdirilmədən və tez bir zamanda baş verir, xilas üçün atılacaq hər hansı bir addıma zaman qalmır. Qapalı şəraitdə daha da təhlükəli olur.

Nasaz sobalardan və tüstü borularından istifadə etmək olmaz. Havaçəkən sistem işləməli, nəfəslik açıq olmalıdır. Hamam otağında ventilyasiya borusu, qapının aşağısında dəliklər olmalıdır. Tüstü bacaları ildə iki dəfə təmizlənməlidir. Tüstü boruları binaların dam örtüyünün xarici səthindən ən azı 70 sm hündürlükdə olmalıdır. Sobaların korpusunda və tüstü borularında çatlar olmamalı, tüstü borularının təmizlənməsi qış mövsümü başlanmazdan əvvəl həyata keçirilməlidir.

Tüstü bacası normal işləmədikdə, təkcə dəm qazından zəhərlənmə halı deyil, həm də yanğın baş verir. Məlumdur ki, əksər hallarda hotel, restoran, xəstəxana, məktəb və digər mətbəxi olan müəssisələrin tüstü bacalarında yağlı təbəqə əmələ gəlir. Bu yağlar bacaların şaquli və üfüqi kanallarında və mühərriklərin üzərində yığılır. Həmin yağlar çox yüksək yanma qabiliyyətinə malikdir. Ani qığılcım çox böyük yanğına səbəb olur və sürətlə yayılır. Yanğın zamanı bacanın içərisində temperatur 800 dərəcə selsiyə qədər çatır. Bu istilik bacanın yaxınlığında olan digər yanan materialları da alovlandırır və yanğın qısa bir zamanda bütün binaya yayıla bilir.

Təhlükəli məqamlardan biri də odur ki, dəm qazı ilə zəhərlənən insan əksər hallarda öz-özünə kömək edə bilmir.

Mütəxəssislər xəbərdarlıq edir - tüstü borusu olmayan sobaları almayın!
Boru olmadıqda və otaq mütəmadi havalandırılmadıqda orada mütləq dəm qazı yaranır. Dəm qazı ilə zəhərlənən insan əksər hallarda özü-özünə kömək edə bilmir.

Qaz cihazlarından təlimata uyğun düzgün istifadə edilməməsi səbəbindən insan itkisi və xəsarət alması ilə nəticələnən partlayış, yanğın, zəhərlənmə kimi bədbəxt hadisələrin baş verməməsi üçün aşağıdakı təhlükəsizlik qaydalarına əməl etmək vacibdir:

- Yanğın, partlayış və dəm qazından zəhərlənmə kimi fövqəladə halların baş verməməsi üçün obyektlərdə və yaşayış sahələrində standartlara uyğun olmayan qaz cihazlarından istifadə etmək qadağandır!

- Hər bir məişət qaz cihazının təhlükəsizlik qurğuları daim saz vəziyyətdə olmalı və onlardan istifadə zamanı müəyyən edilmiş təhlükəsizlik qaydalarına tam riayət edilməlidir!

- Müəyyən məqsədlər üçün qaz cihazlarından qurğu və aqreqatların, hissələrin çıxarılmasına yol vermək olmaz. Qaz cihazlarının yerinin dəyişdirilməsi, təmiri yalnız qaz təsərrüfatı müəssisəsi tərəfindən həyata keçirilməlidir!

- Mənzildə adam olmayanda içəri daxil olarkən qazın sızmamasına tam əmin olmamış işığı yandırmaq, elektrik cihazlarını işə salmaq, siqaret çəkmək, açıq alovdan istifadə etmək olmaz!

- Qış mövsümü başlanmazdan əvvəl mütəxəssislər tərəfindən sobalara baxış keçirilməli, bütün sobaların tüstü bacaları təmizlənməlidir!

- Qaz cihazlarını işlək vəziyyətdə qoyub yatmaq, uşaqlara, xəstələrə etibar edib evdən çıxmaq olmaz!

- Qaz cihazlarına qazın nəql edilməsində rezin şlanqlardan istifadə olunması qəti qadağandır!

- Qaz kəmərlərindən və cihazlarından qazın sızmasını yoxlamaq üçün açıq alovdan istifadə etmək olmaz. Bundan ötrü yalnız sabun məhlulundan istifadə edilməlidir! Qaz cihazlarından istifadə edərkən pəncərənin nəfəsliyi açıq vəziyyətdə olmalıdır. Mənzili tərk edərkən qaz cihazları mütləq söndürülməli, qaz borularının ventilləri bağlanmalıdır!

- Mətbəxdə məişət qaz sobalarının üzərinə qazan, çaydan və s. suyun səviyyəsi elə olmalıdır ki, su qaynayanda daşmasın. Belə ki, qaynayan su daşıb odluğu söndürə bilər. Bu isə qaz sızması ilə nəticələnər və partlayış baş verər!

- İşlək qaz cihazlarını nəzarətsiz qoymaq, sobaların həddindən artıq qızmasına yol vermək olmaz!

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

18 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR