Onlayn ictimai-siyasi qəzet
Ekspert: “Təbii fəlakətlər, fövqəladə hadisələrə qarşı fəaliyyət planı olmalıdır”
Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacda ciddi təhlükə davam edir. Dövlət qurumları təhlükənin aradan qaldırılması üçün çalışsalar da, məsələ həllini tapmayıb.
Sözügedən yolda - Badamdar qəsəbəsi ərazisində, Bakı Kənar Dairəvi avtomobil yolunun sol tərəfindəki yamacın yuxarı hissəsində mövcud karniz şəkilli süxur kütlələrindən 6.5 metr uzunluğunda bir hissə qırılıb.
Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyevin sözlərinə görə, bu, sürüşmə prosesi olmasa da, ekzogen-geoloji prosesin bir növüdür: “Hazırda aidiyyəti qurumlar tərəfindən qırılan süxur kütləsinin götürülməsi istiqamətində müvafiq tədbirlər görülür”.
Baş Dövlət Yol Polisi İdarəsinin inspektoru, polis leytenantı Elvin Hacıyev açıqlamasında bildirib: "Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrinin sol tərəfində baş verən sürüşmə nəticəsində xəsarətlə nəticələnə biləcək hər hansı hadisə baş verməyib. Sözügedən ərazidə hazırda tam şəkildə təhlükəsizlik tədbirləri görülüb. Baş Dövlət Yol Polisi İdarəsinin Ekoloji Nəzarət üzrə YPX Bölüyünün əməkdaşları və eləcə də aidiyyəti qurumların əməkdaşları ilə birlikdə ərazidə lazımi tədbirləri görürlər. Həmin istiqamətdə sürücülərin təhlükəsizliyi tam şəkildə təmin edilib və qabaqlayıcı tədbirlər görülüb".
Ötən gün Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətləri birgə məlumat yayıb.
Bildirilib ki, Bakı şəhəri, Səbayel rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlərin həyata keçirilməsi davam etdirilir.
Bununla əlaqədar olaraq avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə gün ərzində Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.
Qeyd olunanları nəzərə alaraq, sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq edilən məhdudiyyətlərlə əlaqədar alternativ yollardan istifadə edilməsi xahiş olunur.
Bakı şəhəri, Səbayel rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması yolda uzun tıxaca səbəb olub.
Bir çox ekspertlər isə bildirir ki, həmin parça oradan götürülsə belə, yağıntılar olan kimi sürüşmə davam edəcək. Çünki ərazidən çəkilən fotolardan da görünür ki, həmin yamacın yuxarı hissəsində xeyli tikili var. Onların qanunsuz inşa edildiyi bildirilir. Bir neçə dəfə mətbuatda bu tikililərin gələcəkdə fəlakətli hadisələrə səbəb olacağı da bildirilib. Bəs indiki durumda nə edilməlidir?
Elmar Nurəliyev
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Yeni Müsavat”a şərhində bildirdi ki, torpaq sürüşməsi təbii mənşəli təbiət hadisəsidir. Ekspert sürüşmə təhlükəsi olan ərazilərə daim nəzarət etməyin əhəmiyyətini vurğuladı: “Nəinki torpaq sürüşməsi, hər bir yerləşmə zamanı ərazinin coğrafi quruluşu nəzərə alınmalı, təbii fəlakətlər, fövqəladə hadisələrə qarşı fəaliyyət planı olmalıdır. Öncədən təhlükəsizlik tədbirlərinin görülməsi daxil, torpaq sürüşməsi ehtimalı varsa, müvafiq bərkidilmə, mühafizə sədlərinin tikilməsi, məlumatlandırıcı, xəbərdaredici lövhələrin quraşdırılması və s. tədbirlər görülməlidir. Ərazidəki tikililərə gəlincə, istər sürüşmə zonasında olsun, istərsə də digər ərazilərdə, tikinti prosesi tikinti normativ qaydalarına uyğun olaraq layihələndirilərək həyata keçirilməlidir. Belə olan halda, təhlükəli ərazidə yaşayan əhalinin özünün həyat və sağlamlığı üçün risk ehtimalı azalır”.
Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ