İnsanlara hürriyət, millətlərə istiqlal!

Daha bir ölkə paytaxtı köçürmək istəyir - bəs Bakı?

Mütəxəssislərə görə, Azərbaycan paytaxtı uğurlu coğrafi məkan deyil, amma...

Qırğızıstan parlamentinin iclasında deputat Bakıtbek Maripov paytaxtı başqa yerə köçürməyi və Nazirlər Kabinetini orada yerləşdirməyi təklif edib. Deputat bu yolla tüstü və tıxac probleminin həll ediləcəyi qənaətindədir. “İssık-Kul vilayətində Asman şəhəri tikilir. Bu layihəyə 10 milyard dollar investisiya cəlb olunur. Bişkekdən dəmir yolunun köçürülməsi üçün 550 milyon dollar tələb edilir. Dolama yolun tikintisi ilə birlikdə isə 1 milyard dollardan çox vəsait lazımdır”, - deputat bildirib.

Maripov hesab edir ki, hökumətin Bişkekdən köçürülməsi nəqliyyatın hərəkəti ilə bağlı problemin həllinə imkan verəcək.

Yada salaq ki, İranın prezidenti Məsud Pezeşkian Tehranı paytaxt kimi saxlamaqda davam etməyi qeyri-mümkün hesab edib.  Prezident deyib ki, ölkənin siyasi və iqtisadi mərkəzlərini respublikanın cənub sərhədlərinə, Fars körfəzi sahillərinə köçürməkdən başqa çarə yoxdur.

 Mütəxəssislərə görə, əhalinin yaşam tərzinə görə Bakı ən uğursuz coğrafi məkandır. Bakı coğrafi mövqeyinə görə yarımsəhra və quruçöldür.  Xəzəryanı dövlətlərdən ancaq Azərbaycanın paytaxtı dənizin sahilində yerləşir. Bakıda mütəmadi olaraq müşahidə edilən tıxaclar və mərkəzə insan axınının artması şəhər həyatının iflic olmasına səbəb olub. Bu vəziyyətin şəhərin ekoloji cəhətdən pisləşməsinə də təsiri danılmazdır. Mövcud vəziyyət iş günləri daxil, insanların həftəsonu istirahətlərinə də əlverişli şərait yaratmır.

Bir neçə il öncə məlum  sıxlığın qarşısının alınması üçün  paytaxtın köçürülməsi Milli Məclisdə gündəmə gətirilsə də, nəticəsiz qaldı. Maraqlıdır ki, indiki şəraitdə paytaxtın köçürülməsi mümkündürmü?

Natiq Cəfərli REAL Partiyasının Siyasi Komitəsinin yeni sədri seçilib

Natiq Cəfərli 

İqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a açıqlamasında bildirib ki, əsas müzakirə mövzusu paytaxtın köçürülməsi yox, onun artıq yüklənmədən xilas yolunu tapmaqdır: “Paytaxtın köçürülməsindənsə, Bakının yükünün azaldılması üzərində çalışmaq daha məntiqli olar. Çünki yeni paytaxtın salınması 10 milyardlarla dollara başa gələcək. Azərbaycanın indiki iqtisadi vəziyyətində isə bu qədər vəsaiti ayırmaq çətin məsələdir. Çünki ölkənin neft gəlirlərində azalmalar müşahidə olunur, işğaldan azad olunmuş rayonlara daha çox yatırım tələb olunur. İndiyə qədər bu ərazilərə 19 milyard manat xərclənib və bu il də təxminən 4 milyard yenə sərf olunacaq. Qarabağa xərclənən vəsaitin həcmi hər il artacaq. Buna görə də paytaxtın köçürülməsi kimi böyük məbləğdə vəsait tələb edən layihəyə start vermək məntiqli deyil.  Əsas məsələ Bakının yükünün azaldılmasıdır və bunu paytaxtı köçürmədən də etmək mümkündür. Azərbaycanın digər şəhərlərinə, əsasən də azad olunan bölgələrə dövlət və hökumət orqanlarından bəzilərinin, məsələn, Kənd Təsərrüfatı Nazirliyinin, Sosial Müdafiə Fondunun, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, həmçinin universitetlərin köçürülməsi, həmin yerlərdə yarım milyonluq şəhərlərin yaradılması gələcəkdə Bakının yükünün azaldılmasına xidmət edən amillərdir.

Bütün iqtisadi, mədəni, sosial infrastruktur və iş imkanları Bakıda toplaşıb. Buna görə paytaxt boğulur. Bu problemləri doğuran səbəbləri aradan qaldırıb, bir sıra nazirlikləri başqa şəhərlərə köçürsək, kifayət qədər ciddi effekt yarada bilər. Fantastik xərclər çəkmədən Bakını yaşana biləcək şəhərə çevirmək mümkündür. Bakı qorunmaq və təhlükəsizlik nöqteyi-nəzərdən sərhədlərdən kifayət qədər uzaqdır və dəniz üzərindən qorunması da mümkündür. Bu şəhər paytaxt üçün çox əlverişli yerdədir.

Türkiyədə paytaxtın İstanbuldan Ankaraya köçürülməsi ona görə baş verdi ki, İstanbul təhlükələrə açıq bölgədə idi. Ankara isə ölkənin daxilindədir və potensial təhlükələrdən uzaqda yerləşir. Bakının isə belə dərdi yoxdur".  

Yeni Bas Plan sixligi azaldacaq, ehalinin rifahina musbet tesir edecek" -  Memar

Cahid Həsənov

Memar Cahid Həsənov isə deyir ki, paytaxtın köçürülməsi böyük məbləğdə investisiya və uzun müddət tələb edir. Onun sözlərinə görə, eyni zamanda Bakı əhalisinin sığacağı ikinci bir şəhər hazırda yoxdur: “İnzibati binalar, nazirliklər, qurumlar Bakıdan çıxarılmalıdır. Məsələn, Energetika Nazirliyi Mingəçevirdə, Kənd Təsərrüfatı Nazirliyi isə Gəncə və ya Bərdədə fəaliyyət göstərsin.  Konservatoriya isə Qarabağda yerləşsin. Bakını inzibatiləşdirilmiş şəhər statusundan çıxarmaq  və turizm, gəzinti məkanına çevirmək lazımdır. Paytaxtın ağırlığına tab gətirən ikinci bir şəhəri təsəvvür etmirəm. Məsələn, Bərdə belə bir ağırlığa dözməz, çökər. Lakin inzibati binaların, ali məktəblərin ayrı-ayrı bölgələrə köçürülməsi həm həmin yerləri inkişaf etdirər, həm də Bakıda sıxlıq azalar. Sıxlığı azaltmaq üçün metro xətlərinin sayı artırılır, lakin bu da öz faydasını vermir, çünki Bakıya axın dayanmır”.

Skuter alternativ nəqliyyat növü ola bilər" - Ekspert

Rauf Ağamirzəyev

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev deyir ki, Bakıda sıxlığı azaltmaq daha sərfəli variantdır: “Hazırda Qarabağda böyük quruculuq işləri gedir, buna isə böyük maliyyə sərf olunur. Buna görə də paytaxtın köçürülməsi məsələsi gündəmdə deyil. Belə olan halda paytaxtın yükünün azaldılmasından və bu istiqamətdə olan həllərə diqqət ayırmalıyıq. İnfrastrukturla bağlı son iki il ərzində görülən işlər sürətləndirilməlidir. 2023-cü ilin ortalarından saatlıq parkinq sistemi işə düşüb.  Bu, çox önəmlidir və daha da təkmilləşdirilməlidir. Bakıda yarımdairəvi yolun tamamlanmasına ehtiyac var. Lökbatan dairəsindən Biləcəri dairəsinə, Zığ dairəsindən aeroporta gedən şose tikilsə də onları əlaqələndirən yarımdairə tikilmədi. Bunlar tamamlandıqdan sonra paytaxta daxil olmadan sürətli əlaqəni təmin etmək olar. Paytaxtın giriş nöqtələrində isə maşınları park edib, səfəri ictimai nəqliyyatla davam etdirmək kimi həlləri təşkil etmək olar. Bunlardan biri hazırda yalnız "Koroğlu" metrostansiyası yaxınlığında təşkil edilib. Zığ, Dərnəgül, avtovağzal və Lökbatan istiqamətində bu növ həlləri təşkil etməklə paytaxta fərdi nəqliyyatın girişin önünü kəsmək və onları ictimai nəqliyyata yönəltmək olar. 

Avtobus zolağının yaradılması çox vacib idi, bunun davamı olmalıdır. Şəhərin mobilliyinin onurğa sütunu relsli nəqliyyatdır. Yaxın 5 ildə 10 metrostansiya salınacaq. Xüsusən də bənövşəyi xəttə diqqət ayrılması doğru qərar idi. Tramvay xətlərininin çəkilməsi və şəhərətrafı elektrik qatarları ilə daşınmanın artırılması  da faydalı olacaq. Şəhər ətrafında - Binə, Maştağa, cənub istiqamətində 100 kilometr radiusda dəmir yolu var, lakin onun hərəkəti təmin olunmalıdır. Orada nəqliyyat əlçatanlığı artarsa, həmin ərazilərdə yaşamağa meyl artacaq. Bütün bunlar rasional qərarlardır. Paytaxtın köçürülməsi bundan dəfələrlə baha başa gələcək işdir".            

Şahanə RƏHİMLİ,
Musavat.com 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR