Onlayn ictimai-siyasi qəzet
“Azərbaycanın xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlıq xüsusi yer tutur. Xüsusilə, İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan fəal xarici siyasət həyata keçirir. İstər region, istərsə də qeyri-region ölkələri ilə əlaqələri dərinləşdirir. Təbii ki, bu əlaqələrdə ölkəmiz siyasi, iqtisadi maraqlarını nəzərə alaraq addımlar atır”.
Bu fikirləri Musavat.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Azərbaycanın D-8-ə üzvlüyü ilə bağlı şərhində bildirib.
O vurğulayıb ki, Azərbaycanın D-8 formatına daxil olan ölkələrlə müxtəlif səviyyələrdə, hətta Türkiyə ilə müttəfiqlik əlaqələri var:
“Hesab edirəm ki, D-8-ə qoşulmaqla Azərbaycan sözügedən ölkələrlə əlaqələri daha da dərinləşdirmək imkanı əldə edəcək. Nəzərə almaq lazımdır ki, D-8-ə daxil olan ölkələrin əhalisi dünya müsəlmanlarının 60 faizini əhatə edir. Bu ölkələrin çox böyük iqtisadi potensialı var. Bu baxımdan D-8 Azərbaycanın xarici siyasətinə uyğun formatdır. Ölkəmiz çoxvektorlu xarici siyasətində müxtəlif güc mərkəzlərini və beynəlxalq təşkilatları nəzərə alır”.
Mətin Məmmədlinin fikrincə, Azərbaycan da D-8 ölkələri üçün maraqlı ölkədir:
“Azərbaycanın coğrafi, geosiyasi mövqeyi, malik olduğu resurslar ölkəmizi D-8 ölkələri üçün cəlbedici edir. Onu da nəzərə almaq lazımdır ki, bu, təşkilatın ilk genişlənməsidir. Təşkilat 1996-cı ilin oktyabr ayında Türkiyənin təşəbbüsü ilə yaradılıb. Son 27 ildə ilk dəfə genişlənmədə Azərbaycanın üzv seçilməsi ilə təşkilatın daha da genişlənməsi üçün müəyyən zəmin yaranmış oldu”.
Nigar HƏSƏNLİ,
Musavat.com
20 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ