İnsanlara hürriyət, millətlərə istiqlal!

Çoxüzlü fiqur – Paşinyan fərqli paytaxtlarda fərqli mesajlar verməkdə rekord qırır

Ermənistanın baş naziri Nikol Paşinyanın səfərləri, hərəkətləri, davranışları, bəyanatları, mesajları ən azı 5 ölkədə diqqətlə izlənilir.

Bu ölkələrin başında erməni liderin öz ölkəsi gəlir. Ermənilər indilərinin və gələcəklərinin necə olacağını müəyyən etmək üçün baş nazirin ağzına baxırlar, onun dediyi hər sözə həssaslıqla yanaşırlar.

Onu ən çox izləyən ikinci ölkə Azərbaycandır. Bizimlə düşmənçilikdən heç cür vaz keçməyən, 120 ildən artıq ömrü olan intriqanı hələ də sürdürmək istəyən ölkənin birinci şəxsinin niyyətlərinin xəbərçisi olan bəyanatlarını, hərəkətlərini həmişə nəzarətdə saxlamağa məcburuq.

4444.jpg (34 KB)

Hazırda Rusiya da bu adamın nəylə nəfəs aldığını, ən son fikrinin nə olduğunu, ölkəsini hara aparmaq istədiyini total şəkildə izləyir və istəmir ki, Ermənistan ondan qopub, yadların, düşmənlərin ağuşuna düşsün.

ABŞ da eyni durumdadır. Bu ölkə Paşinyanı özünə iki dəfə lider seçən, 44 günlük müharibədə uğradığı acı məğlubiyyətə bağxmayaraq, onun tərəfini tutan, bununla da baş nazirin Qərbyönlü siyasətini dəstəkləyən ölkənin Rusiyanın qoltuğunun altından çıxıb birdəfəlik ona sarı gələcəyini gözləyir və belə bir qərar verməsi üçün onu şirnikləndirir.

33333.jpg (34 KB)

Yerdə qaldı Fransa. Fransızlar hazırda ermənilərin ən sadiq və ən güclü müttəfiqləridir. Bu iki dövlətin coğrafi yaxınlığı olmasa da, mənəvi və siyasi yaxınlıqları daha ötədir. Makron və digər fransız siyasətçilər Paşinyanın manevrlərini izləyərkən bir qədər rahatdırlar, digər dörd ölkənin siyasətçilərindən fərqli olaraq düşünürlər ki, Paşinyan və bütün ermənilər heç bir halda Fransadan üz döndərməzlər.

110 il əvvəl Osmanlı imperiyasının başbilənləri də elə düşünürdülər. 5 il əvvələ qədər isə ruslar da o fikirdəydi. Deyəsən, yalnız amerikalılar tarixdə və indi baş verənlərə analitik nəzərlərlə baxır, ermənlərin sədaqəti xüsusunda böyük illüziyalar qurmur, xəyala qapılmırlar.

Hazırda bu beş ölkənin siyasətçiləri, politoloqları və fəalları Paşinyanın manevrlərini izləyərək qəti qərara gələ bilmirlər ki, bu adamın fikri nədir, nə etmək istəyir, bu, bir-birinə zidd bəyanatlar nə vaxta qədər səslənəcək.

Baş nazirin açıqlama və mesajlarında aydın və birxətli leytmotiv yoxdur. Brüsseldə eyzən sülhdən, barışıqdan danışan Paşinyan Moskvada başqa söz danışır, sülhün yaxınlıqda olmadıığını deyir.

2222.jpg (24 KB)

Parisdə fransız-erməni bacılığından ağız dolusu danışan, sammitlərdə Makronun dizinin dibindən ayrılmayan baş nazir İrəvana çatıb nəfəs dərməmiş Moskvaya uçur, Rusiyanın baş naziri Mişustinlə səmimi fotolar çəkdirir, erməni-rus qardaşlığının sarsılmaz olduğunu bildirir.

Oradan qayıdır, ABŞ-ın İrəvandakı səfiri ilə görüşür, Ermənistanın gələcəyinin Qərbə inteqrasiyada olduğunu bildirir, ABŞ-a öygülər yağdırır.

Onun Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasiminə qatılması isə yeni cığır idi və erməni ictimaiyyəti tərəfindən birmənalı qarşılanmasa da, bir çox siyasi dairələrdə müəyyən rəğbət elementləri doğurmamış deyil.

11111.jpg (231 KB)

Bunun üstünə Paşinyanın ABŞ və Avropa ilə açıq düşmənçilik cəbhəsində olan İranla səmimi münasibətlər yaratmasını, müttəfiqlik büsatı qurmasını da gəlmək olar.

Bunun adına siyasi-diplomatik manevrlər də demək olar, adi ikiüzlülük və riyakarlıq da.

Ancaq əslində Paşinyanın ikiüzlülüyündən danışmaq ədalətsizlik olar, ortada olan şey çoxüzlülükdür. Bu qədər çoxüzlü fiqur heç həndəsədə də yoxdur.

Əlbəttə, Paşinyanın bu hərəkətlərinə, öz hirs-hikkələri, xəstə fantaziyaları üzündən özlərini qonşu dövlətlərlə pis etmiş erməniləri mövcud naqolay durumdan çıxarmaq üçün olduğunu nəzərə alaraq, ona haqq qazandıranlar da ola bilər. Amma bütün bu çabalamalar effekt verirmi?

Rusiya rəhbərliyi onun 9 may paradında iştirakından, hər çağrılanda Moskvaya cummasından, öz təşəbbüsü ilə Kremlə yarınmasından məmnundurlarmı? Məmnun deyillər. Ruslar istəyirlər ki, Paşinyan ortaya qəti mövqe qoysun, son niyyətinin nə olduğunu desin.

yenipaşşşş.JPG (87 KB)

Elə ABŞ-da səbrlə gösləyir ki, bu adam, nəhayət, sözdən işə keçəcək. Paşinyanın dediyi “Ulrayna müharibəsində Rusiya ilə müttəfiq deyilik” bəyanatı amerikalılar üçün qaneedici deyil. Birincisi, Paşinyan bunu müharibənin 1,5 il tamam olandan sonra deyib. İkincisi, ona qədər Ermənistan heç də neytral olmayıb, Rusiyanın yanında olub.

Beləcə, regionla maraqlanan siyasi dairələr gözləyirlər ki, Paşinyan nə vaxt bu cür davranışlarına son verəcək, realist addımlar atacaq. Çünki onun söykənə-söykənə irəlilədiyi divar artıq qurtarır. Bir tərəfdə pis mənada maksimalist düşüncəli xalqı var və ondan güclü, firavan Ermənistan tələb edirlər, digər tərəfdə isə Ermənistanı öz satellitinə çevirmək istəyən üç qüdrətli dövlət durub. Onlar da Paşinyandan aydın mövqe, qəti seçim tələb edirıər. Paşinyan seçim etsə, o dövlətlərdən ikisi narazı qalacaq, hələ öz xalqını da bilmək olmaz.

Belə anlaşılır ki, bu adam, sadəcə, riyakar olmağa məcburdur, amma bu, onu və ölkəsini xilas etmir, ermənilər düşdükləri durumdan bir və ağ üzlə çıxa bilərlər. 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR