İnsanlara hürriyət, millətlərə istiqlal!

Çoxlu boş çoxluqlar

Uca millətimiz müəyyən dərəcədə safdır, qəlbi təmizdir, sadədildir, dələduzlar da bundan sui-istifadə edirlər. Məsələn, birdən görürsən yekəqarın məmurlar basıb karate üzrə qara kəmər yiyəsini döydülər. Bəs o boyda məşq hara getdi? Olmaz belə. Gənc nəsilə düzgün nümunələr verilməlidir. Yeri gəlmişkən, gənclərimizi bayramları münasibətiylə təbrik edirəm, arzu edirəm Azərbaycanda qocalsınlar.

Karateçi haqda bir pritça yadıma düşdü, onu yazım, keçərik həlli vacib başqa məsələlərə. Bir obada güclü bir cavan varmış, heç kim bunun qolunu qatlaya bilmirmiş, üstəlik, kənddə ürəyi istəyəni tutub döyürmüş. Hardansa ora karateçi qonaq gəlir, camaat yığışır, deyirlər sən bu karateçini döyə bilməzsən. Cavana bu söz təsir edir, karateçini duelə çağırır. Karateçi başlayır kamali-ədəblə, eşşək sudan gələnəcən bunu döyməyə. Heç əlini qaldırıb müqavimət göstərə bilmir. Camaat da qıraqdan baxıb gülüşür. Bu zaman cavan toz-torpağın içindən güc-bəla başını qaldırıb karateçiyə deyir: “Qardaş, bağışla, bir söz soruşum, sənin adın nədir?” Karateçi deyir: “Güloğlan”. Cavan dönür kəndçilərinə, deyir: “Ay camaat, qoy Güloğlan kənddən getsin, sizə gününüzü göstərəcəyəm”. (Lətifənin orijinalında “gün göstərmək” daha radikal formada ifadə edilmişdi, əlbəttə, burda yaza bilmərəm, ariflər özü anlamışdır).

Dələduzluq temasından yazırdıq. Bugünlərdə mən bir neçə cinayət işinə baxdım, xalqımızın həqiqətən saf olmasına növbəti dəfə inandım. Hətta beyət elədim. Buyurun, özünüz də baxın.

Bir cinayət işində dələduz adamdan 22 min manat alıb, deyib səni türmə idarəsində işə düzəldəcəyəm. O biri cinayətkar isə bir nəfəri 5 min 500 manata fövqəladə hallara, başqasını da 10 min manata ekologiyaya işə qoymalıymış.

Qimətləri görürsünüzmü? 22 min, 5,5 min və 10 min. Açıq-aşkar dələduzluq olduğu min kilometrdən görünür axı. Lakin bu tora düşənlər varmış. Necə ola bilər, fövqəladə ekologiyadan iki dəfə, türmə nəzarətçisindən isə 4 dəfə (!!!) ucuz olsun? Qətiyyən dövlətçilik fəlsəfəsinə yaraşan, gələcək perspektivlərimizə uyğun olmayan hallardır.

Lap tutalım türmənin fövqəladədən baha olduğunu qəbul etdik: onsuz əvvəl-axır hamı türmədən keçir, hansı vəzifəni tutmağından asılı olmayaraq, yığdığını gətirib nəzarətçiyə verməyə məcburdur. Bəs ekologiyanın türmənin yarı qiyməti çıxmağına necə yanaşaq? Hava çirkli olandan sonra, harda olursan-ol. Suda zəhər artanda türmənin içi və çölünün fərqi qalmır.

O boyda iqlim konfransı keçirmişik, yenə camaat belə müdrik prosesləri, proqnozları dərk etmir. Bəlkə də dərk edirlər, lakin anlamaq istəmirlər. Hətta neqativ, mənfi fikirli görünmək istəmirəm: ola bilər anlayırlar, ancaq veclərinə almırlar.

Bu istiqamətdə görüləcək işlərimiz çoxdur. Riyaziyyatda “boş çoxluqlar” deyə bir anlayış var. Heç bir elementi olmayan çoxluğa deyilir, üstündən xətt çəkilən sıfır (0) ilə işarə edilir. Məncə, bizim də belə çoxlu boş çoxluqlarımız yaranıbdır. Baxırsan idarə, vəzifə, müdir var, ancaq iş yoxdur. Ya da tərsinə, çoxlu iş görən adamlar var, idarələri yoxdur. Bu da eyni şəkildə boş çoxluq adamlardır.

Təsəlli odur ki, hazırda dünyada hər yerdə belə boş çoxluqlardır. Hara baxırsan boş adamlar boş işlər görüb boşboğazlıq edir. Lap təzəlikcə Çin süni intellektə aid nəsə proqram qayırmışdı. Nəticədə texnoloji kompaniyaların hamısının dəyəri düşdü. “Nvidia” şirkəti hətta 600 milyard dollar itirdi. Təsəvvür elə. Gör bunu necə yalandan üfürüb şişirdiblər. Bir gündə 600 milyard itirmək o var-dövlətin havadan, qazdan ibarət olduğunu göstərmirmi? Bunun qiyməti “Güloğlan kənddən gedənə” qədər imiş.

Dövrə qapandı, yazı bitdi.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

02 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR