İnsanlara hürriyət, millətlərə istiqlal!

COVİD-19-la bağlı HƏYƏCANLI XƏBƏR - DİQQƏTLİ OLUN!

Həkim: “Təhlükəli regionlara səfərlərin məhdudlaşdırılması vacibdir, çünki...”

Ümumdünya Səhiyyə Təşkilatı COVİD-19 pandemiyasının bitdiyini elan etsə də, bir çox ölkələrdə bu virusla bağlı həyəcan davam edir. O cümlədən MDB məkanında da COVİD-ə yoluxmaların baş qaldırdığına dair informasiyalar verilir. Rusiyada son həftə ərzində COVİD-19 xəstəliyinə yoluxma halları, demək olar ki, 30 faiz artıb. Bu haqda koronavirus infeksiyası ilə mübarizə üzrə Federal Əməliyyat Qərargahı məlumat yayıb. “Ötən həftə 100 min nəfərə düşən yeni koronavirus infeksiyasına yoluxma göstəricisi əvvəlki həftə ilə müqayisədə 29,1% çoxdur”, - deyə əməliyyat qərargahından bildirilib. Ekspertlər Rusiyanın 59 subyektində yoluxanların sayının çoxaldığını bildiriblər, 12 regionda isə bu göstərici ölkə üzrə orta göstəricidən daha sürətlə artır. Bu arada İranda və Gürcüstanda da COVİD-ə yoluxmaların çoxaldığına dair məlumatlar gəlməkdədir.

Yaxın günlərdə Paris Olimpiadasında iştirak edən qırxdan çox idmançı da COVİD-19-a yoluxmuşdu. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının epidemiyalar üzrə məsul nümayəndəsi Mariya van Kerxove bildirib: “Burada təəccüblü hal yoxdur, virus bir çox ölkədə sürətlə yayılır. Son aylarda bir çox ölkədə koronavirusalər yoluxmalar sıçrayışla artır. O cümlədən də Olimpiya oyunlarında”, - deyə Kerxove bildirib.

Beləliklə, COVİD yenidən sərhədlərimizdən “boylanır”. Bu nə dərəcədə təhlükəli ola bilər? Yenidən qapanmalar, karantin elan edilə bilərmi? Bu arada Afrikada meymun çiçəyi epidemiyası (mpox) səbəbindən fövqəladə vəziyyət elan edilib. Məlumatı “Reuters” yayıb. Meymun çiçəyi dünyaya yayıla bilərmi?

Bu arada, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) gələcəkdə pandemiyaya səbəb ola biləcək ən təhlükəli virus və bakteriyaların siyahısını təqdim edib. Siyahıya hazırda A qrip virusları, qızdırma və meymun çiçəyi də daxil olmaqla, 30-dan çox potensial təhlükəli patogenlər daxildir. ÜST pandemiya kimi fövqəladə vəziyyətə səbəb olmaq potensialına əsaslanaraq prioritet patogenləri müəyyən edib. Yoluxuculuq səviyyəsi, patogenlik, eləcə də peyvənd və müalicə imkanlarının məhdudluğu kimi meyarlar qiymətləndirilib. Alimlər bu siyahını tərtib etmək üçün təxminən iki il vaxt sərf edərək, viruslar və bakteriyalar da daxil olmaqla, 1,6 mindən çox patogen növünü öyrəniblər. Siyahıda patogenlərin də adı salınıb. Belə ki, ən yüksək prioritet patogenlər arasında qlobal COVİD-19 pandemiyasına səbəb olan SARS-CoV-2 də daxil olmaqla koronaviruslar var.

Siyahıya həmçinin Yaxın Şərq tənəffüs sindromuna səbəb olan MERS-CoV virusunun da daxil olduğu merbekoviruslar da var. Digər təhlükəli patogenlər arasında 2022-ci ildə dünya miqyasında epidemiyaya səbəb olan meymun çiçəyi virusu, həmçinin qrip A virusunun altı alt növü, xüsusən də ABŞ-da mal-qara epidemiyasına səbəb olan H5 alt növü daxildir. Bakteriyalar arasında vəba, dizenteriya, ishal və pnevmoniya kimi xəstəliklərə səbəb olanlara üstünlük verilir. Siyahıya, həmçinin, son vaxtlar insanlara yoluxmağa başlayan gəmiricilər tərəfindən ötürülən iki virus və yarasalar tərəfindən ötürülən Nipa virusu da əlavə edilib.

Nəzərə alsaq ki, Azərbaycanda qarşıdan gələn aylarda mötəbər tədbirlər olacaq, dünyanın hər bucağından ölkəmizə qonaqlar gələcək. Belə ki, paytaxtımız növbəti Azərbaycan Qran Prisinə 2024-cü ilin 13-15 sentyabr tarixlərində ev sahibliyi edəcək.  11-24 noyabr tarixlərində isə Bakıda keçiriləcək COP29 çərçivəsində dünyanın təxminən 190-dan çox ölkəsini təmsil edən 80-100 min nəfərə qədər nümayəndə heyətinin qəbul edilməsi gözlənilir. Deməli, ölkəmizdə epidemioloji vəziyyət də kəskinləşə, müxtəlif viruslar yayıla bilər. Əhali təhlükəli viruslardan necə qorunmalı?

Medicina.az - Zülfüqar Yusifov - MD, FİPP, CİPS, TTT, İnvaziv ağrı  mütəxəssisi, fleboloq

 Zülfüqar Yusifov 

İnvaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı  “Yeni Müsavat”a deyib ki, pandemiyanın bitdiyi elan olunsa da, bu,  COVİD-19 virusunun bitdiyi anlamına gəlməməlidir: “Yoluxmanın kütləvi hal aldığı hallar zaman-zaman baş verir. Ayrı-ayrı endemik şəraitlərdə müxtəlif faktorlardan asılı olaraq bu virusun az, ya da orta, çox səviyyədə yoluxuculuğunun artması hallarına rast gələ bilərik. Əgər iqlim şəraiti əlverişsizdirsə, müəyyən qrup insan yoluxubsa, məsafəyə əməl etmədikləri halda, izdiham varsa virusun yayılma arealı da getdikcə artacaq. Amma epidemiya pandemiya anlamına da gəlmir. Müxtəlif qrip ştamları da müəyyən fəsillər zamanı  azalıb -çoxalıb. COVİD də  bu ştamlardan biri olaraq artıq həyatımıza daxil olub. Zaman-zaman alovlanan hallarına regionlarda rast gələcəyik. Bəs nə etməli? Pandemiya dövrünün təcrübəsini yada salmaq qorunma tədbirlərinə riayət etmək lazımdır.  Məsafənin saxlanması, maskalardan istifadə və sairə bu qəbildən olan tədbirlərə əməl etmək lazımdır”.

O ki qaldı meymun çiçəyinin yayılmasına, həkim deyib ki, bu yoluxuculuğu yüksək olan viruslardandır: “Bu, suçiçəyi ailəsinə aid virusdur. Meymun çiçəyində də əlamətlər bənzər şəkildə gedir. Hərarət, halsızlıq, öskürəklə müşahidə edilir. Meymun çiçəyində bu əlamətlərindən əlavə dəridə qaşınmalar, suluqlu səpkilərin meydana çıxması da özünü göstərir. Eyni zamanda bu virus həm hava damcı yolu ilə keçə bilir, həm də dəri tamlığının pozulması nəticəsində sıyrıntılar olarsa, bir adamdan digərinə keçmək ehtimalı var. O səbəbdən də COVİD-dən necə qorunduqsa, bu virusdan da elə qorunmalıyıq. Təhlükəli regionlara səfərlərin məhdudlaşdırılması vacibdir. Bu səfərlər vacibdirsə, o zaman səfər zamanı qorunma tədbirlərinə əməl olunmalı, həkim yoxlamasından keçmək lazımdır”.    

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR