İnsanlara hürriyət, millətlərə istiqlal!

"COP29-un informasiya təhlükəsizliyinə cavabdeh bu şirkətdir" - Ekspert açıqladı

"COP29-un və digər əlaqəli qurumların rəsmi internet resurslarının təhlükəsizliyinin təmin edilməsinə, məlumat bazalarının qorunmasına, telekommunikasiya və internet problemlərinin həllinə kim cavabdehdir? Bildiyim qədər COP29 Əməliyyat Şirkəti tərəfindən informasiya təhlükəsziliyinin təmin edilməsi "Cyberpoint" şirkətinə tapşırılıb".

Musavat.com bildirir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

Mütəxəssisin fikrincə, əsas təhlükəsizlik həllərini "Cisco" təqdim edəcək:

"Əvvəllər A2Z tərkibində olan, sonralar ondan ayrılaraq əsasən kibertəhlükəsizlik sahəsində ixtisaslaşan "Cyberpoint" Azərbaycanda kibertəhlükəsizlik xidmətlərinin təminatçısı sahəsində ən öndə gedənidir.

"Cyberpoint" kritik inftrastruktura, bir çox iri dövlət qurumlarına və özəl şirkətlərə xidmət göstərir, kiber mütəxəssislərin yetişdirilməsi sahəsində universitetlərlə əməkdaşlıq edir. Geniş kibertəhlükəsizlik infrastrukturuna malikdir.

Düşünmək olar ki, COP29 dünyanın diqqət mərkəzində olduğundan tədbirlərin keçirildiyi ərəfədə və tədbirlər zamanı Azərbaycana qarşı kiber hücumlar, DDOS hücumlar artacaq.

Hazırda Azərbaycanın beynəlxalq trafiki 3 magistral operatorun (Delta Telecom, Azertelecom və Aztelekom) üzərindədir.

Ümid edirəm bu magistral provayderlərin işində, tədbilər keçirilən binalarda və ərazilərdə internet problemi olmayacaq".

Osman Gündüz qeyd edib ki, Bakı şəhərində parklarda və bulvar ərazisində, ictimai yerlərdə, ictimai nəqliyyatda keyfiyyətli internetin əlçatan olması vacibdir:

"Güman ki ölkədəki bütün otellər xarici qonaqlarla dolu olacaq. COP29 ilə əlaqəli bütün obyektlərin internet təminatının alternativlər üzərindən olmasına, rəqəmsal infrastrukturuna diqqət yetirmək də doğru olardı.

Bu günlərdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti də COP29 zamanı informasiya təhlükəsizliyinin təmin edilməsi üçün mühüm addımlar atıldığını bildirib.

Düşünürəm ki, COP29-un internet təminatı, təhlükəsizlik və şəbəkə işləri, məlumat bazalarının qorunması, bütövlükdə rəqəmsal işlərlə bağlı əlaqələndirici qurumun formalaşdırılması, bu məsələlərdə hesabatlılıq və şəffaflığın gücləndirilməsi faydalı olardı.

Beləliklə, hələlik görünən odur ki, COP29-un təhlükəsizlik və internet məsələlərində "Cyberpoint" və "Cisco" şirkəti, XRİTDX və RİNN dövlət qurumları əsas iştirakçılardır. Ümid edirəm COP29-un rəqəmsal təminatında problem olmayacaq".

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR