Onlayn ictimai-siyasi qəzet
Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) davam edir. Bu gün konfransın 8-ci günüdür.
Musavat.com xəbər verir ki, bu günlər ərzində 70 mindən çox qonağı ictimai nəqliyyat mərkəzlərindən tutmuş, tədbirin keçirildiyi Bakı Olimpiya Stadionunun hər bir guşəsinə qədər hər yerdə könüllülər qarşılayır. COP29-da 3 min könüllü çalışır.
Xaricilərə "Good morning", "Welcome", azərbaycanlılara "Sabahınız xeyir", "Xoş gəlmisiniz" deyən bu gənclər səhər saat 7-dən axşam tədbir bitənə qədər saatlarla ayaqüstə qalır, nəzarət edir, hər qonağı, iştirakçını izləyirlər ki, yardıma ehtiyac olduqda dərhal əl uzada bilsinlər. Əl demişkən, çöldə işıqlı işarəvericilərlə, içəridə isə əlləri ilə lazımi istiqamət verir, hətta qonaqların istəyi ilə onların fotolarını da çəkirlər. Əksəriyyəti universitet tələbəsidir, aralarında məktəbin yuxarı siniflərində oxuyanları da var. May ayında qeydiyyat açılanda dərhal müraciət ediblər və qəbul olunublar.
Könüllülük bu gənclər üçün böyük fürsətlər yaradır. Həm xarici dili inkişaf etdirirlər, həm də gələcəkdə iş əldə etmək üçün fürsət yaratmış olurlar.
Könüllülər qida, uniforma, ictimai nəqliyyatdan pulsuz istifadə ilə təmin olunurlar.
Nigar HƏSƏNLİ,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ