İnsanlara hürriyət, millətlərə istiqlal!

Çölləmə köşə

Bir nəfər başqasından 40 min manat alıb, onu Nazirlər Kabinetində işə düzəltməyə söz verib. Sonra iş düzəlməyib. Dələduzluq maddəsiylə adamı tutmuşdular, məhkəmə oldu, pulu qaytarmağını nəzərə alıb şərti cəza ilə çölə buraxdılar. 

Söz gəlişi, bu “çölə buraxmaq”, “çölə çıxmaq” kimi ifadələrə diqqət etmisinizmi? Ana dilimizdə bunlar evi, hər hansı qapalı obyekti tərk edib harasa eşiyə, küçə-bayıra çıxmaq anlamında işlədilir (çölə çıxmağın hətta tualetə getmək mənası da var, çox şərh eləmirəm, özünüz mövzunu bilirsiniz). Məncə, bu, bizim çölçülük, qədim türk adətlərimizdən irəli gəlir. Bizim üçün evdən qıraqdakı hər yer çöldür. Ucu-bucağı bilinməyən düzənlikləri, çölləri fəth edən türk xalqı üçün bu relyef olduqca doğmadır. Biz meşə, dağ, dəniz-filan adamı deyilik. Ona görə nə dənizçiliyimiz olub, nə meşəçiliyimiz. Dağçılığımız da ilk qar yağana qədərdir (Aşıq demişkən: “Ay həzərat, ay camaat, Dağa qar düşdü, qar düşdü!” Həyəcanın şiddətinə bax). Bir çox ağacın, balığın adını dilimizdə heç bilmirik. Ancaq otun, çiçəyin, çöl heyvanlarının adlarını, xasiyyətlərini soruş, sənə dastan bağlayaq. 

Mövzuya dönsək, məni düşündürən məbləğ oldu. Niyə vətəndaşlarımız 40 minə Nazirlər Kabinetində iş tapa biləcəyinə əmindirlər? Məncə, çox aşağı qiymətdir. Vəzifənin ucuzlaşmağıdır. NK mətbuat xidmətinin müdiri, ünlü Almaniya fatehimiz İbrahim müəllimdən bu istiqamətdə tarixi arayış gözləyirik. Qiymət qalxmalıdır. 

Ucuz ətin şorbası olmaz demiş atalarımız. Ucuz vəzifənin də torbası dolmaz - bunu indicə kəşf elədim. Camaat 40 minə drandulet maşın alır, sən isə o boyda (oxucular artıq haqlı sual verə bilər: nə boyda?) NK-da işə düzəlmək istəyirmişsən.

Yeri gəlmişkən, yanvarın 2-də bəzi kommunal xidmətlər bahalaşanda müəyyən ekspertlər bunu belə izah etdilər ki, guya manatın devalvasiyası gözlənilirmiş, hökumət onu önləmək üçün qaz-mazda yüngülvari artıma məcbur qalıb. 1-2 qəpiklə valyuta bərkitmək çətin məsələdir. Yenə ata sözü çəksək, şilə ilə dağılan ev, plov bişir qoy dağılsın. (Şilə qaynadılmış sadə düyüdür). Məncə, hökumət hərdən qiymətləri yüngülvari də olsa qaldırır ki, camaat şadlığına şitlik eləməsin, cızığından çıxmasın. Çəkinin sabit qalması üçün belə addımlar vacibdir: həm çörək verirsən, həm də arada qorxudursan. 

Elə son vaxtlar dəbə minən “ayda iki dəfə qəbz” də bu müdrik siyasətin tərkib hissəsidir. Yoxsa hökumət müftə qəbz yatağı kəşf etməyib ki, ayda iki dəfə sayğac yazan yoldaşlar qapı-qapı dolaşıb millətə ödəməli olduqları pulları xatırladırlar. Qətiyyən. Qəbzlərin kağızı, mürəkkəbi, işçilərin gəzməyi pul aparır. Sadəcə, hökumət millətə ayda cəmi 1 dəfə xəbərdarlıq eləməyin az olduğu qənaətinə gəlibdir. Doğrudan da, sanarsan İtaliyada-filanda yaşayırıq (orada çeklər 3 aydan bir gəlirmiş). Yaxşı olar ödəniş  qəbzləri həftəlik, hətta gündəlik verilsin, camaat tam özünə yığışsın. Mən fikir verirəm, son günlər bəzi idmançılar kəllə atır. Avtobus şoferi sərnişini döyür. Nə bilim, manıslar təpikləşir. Buna son qoymağa bizim imkanlarımız çatır. 

İmkan demişkən, son bir ayda ali rəhbərlik artıq neçənci dəfədir Rusiyanı kəskin tənqid edir. Bəs müəyyən müxalifətçilər bizim guya ruslardan asılı olduğumuzu, Putindən qorxduğumuzu deyirdilər, o necə oldu? Deməli, belə ucuz şüarlarla siyasət qurmaq mənasızdır. 

Bu istiqamətdə başqa maraqlı detal da var. Rusiya mediası yerli gömrüyə istinadla 2024-cü ildə ölkələrinin xarici ticarət dövriyyəsində ilk onluqdakı dövlətləri açıqlamışdı. Sıralama belə idi: Çin (33,8 faiz), Hindistan (8,8), Türkiyə (8,3), Belarus (7,1), Qazaxıstan (4) və sairə. Hətta Ermənistan Rusiyanın xarici ticarətində ilk onluqda vardı, Azərbaycan isə yox. Deməli, Azərbaycanın guya Rusiya ilə əsas ticarət partnyorlarından olması düşmənlərimizin uydurmasıdır.     

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR