İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin tikinti sektorunda böhran dərinləşir

"Çin mənzil bazarı hazırda ölkə üçün çox pis nəticəsi ola biləcək yeni böhrana doğru gedir”.

Musavat. com “The Wall Street Journal”a istinadən bildirir ki, Çinin ən böyük daşınmaz əmlak şirkəti olan “China Evergrande Group”un iki il əvvəl iflası tikinti şirkətləri arasında defolt dalğasına səbəb olub və tikinti sahəsindəki problemlər bütövlükdə Çin iqtisadiyyatına mənfi təsir göstərib.

İndi Çinin ən böyük özəl şirkəti “Country Garden Holdings” çətin vəziyyətdədir. Problemləri həddindən artıq israfçılıqdan yaranan “Evergrande”dən fərqli olaraq, “Country Garden”ın problemləri investorların və alıcıların daşınmaz əmlak bazarından geri çəkilməsi ilə bağlıdır.

WSJ qeyd edir ki, “Country Garden”lə bağlı vəziyyət Çin iqtisadiyyatı üçün “Evergrande”nin 2021-ci ildə defoltundan daha ciddi problemlər yarada bilər. “Country Garden”in əməliyyatlarının çoxu daha yaxşı dövrlərdə Çin iqtisadiyyatının böyümə mühərriki olan sənaye zonalarında cəmləşib. İndi bu bölgələr maliyyə baxımından kəskin problemlər yaşayır və sakinlərin xaricə miqrasiyası ilə üzləşir. Bu isə böyük tikinti şirkətinin iflasının qarşısını almağı daha da çətinləşdirir.

İqtisadçılar hesab edirlər ki, mənzil bazarındakı problemlər istehlakçı inamını azaldacaq və sektorda aktivliyin azalması dövrünü uzadacaq. Daşınmaz əmlak və əlaqəli sənayelər Çin ÜDM-nin təxminən dörddə birini təşkil edir.

Harvard Universitetinin iqtisadiyyat professoru Kenneth Rogoff deyib ki, bütün sənaye problemdədir. Kiçik və orta şəhərlər xüsusilə ciddi problemlərlə üzləşir.

Rogoff bildirib ki, tikintinin miqyası bir neçə ildir tələbi üstələyib, nəticədə böyük mənzil təklifi yaranıb və bazarın düzəlişlərə ehtiyacı var. “Çin əhalisinin sərvətlərinin əhəmiyyətli hissəsinin çökə biləcəyini görəndə panikaya düşməsinin qarşısını necə almaq olar? Bu, asan deyil”, - deyə ekspert bildirib.

İyunun 30-na olan məlumata görə, “Country Garden” milyonlarla evi əhatə edən 3000-dən çox layihədə iştirak edib. Şirkətin ümumi öhdəlikləri, o cümlədən satılan, lakin təhvil verilməyən evlər, təchizatçılara və banklara olan borclar və istiqrazlar 186 milyard dollar qiymətləndirilir və onların əsas hissəsi bir il ərzində ödənilməlidir.

Tikinti şirkəti ilin birinci yarısında rekord itki qeydə alıb - bir sıra aktivlərin dəyərini silmək təxminən 7 milyard dollara başa gəlib. Keçən ay “Country Garden” iki dollarlıq istiqraz buraxılışı üzrə 22,5 milyon dollar faiz ödənişini həyata keçirə bilmədi, lakin defoltdan qaçaraq, 30 günlük güzəşt müddəti ərzində ödənişi etmək üçün vəsait tapa bildi. Çin kreditorları şirkətə yuan istiqrazlarının bir hissəsi üzrə ödənişlər üçün möhlət verib.

Analitiklərin dediyinə görə, “Country Garden”də yeni ev satışları avqust ayında ötən ilin eyni ayı ilə müqayisədə 70 faiz azalıb. Satışlar bərpa olunmasa, şirkət defoltla üzləşəcək.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR