Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın aprelin 2-də dünyanın 185 ölkəsinə qarşı tətbiq etdiyi idxal rüsumları təzyiqinin qarşısında yeganə mətanətlə duran ölkə Çin oldu.
Bu dövlətin rəhbərliyi nəinki ABŞ-nin qarşısından qaçdı, ona öz iqtisadi-ticarət siyasətinə yenidən baxması üçün yalvar-yaxar etdi, əksinə, Vaşinqtona, Ağ Evə meydan oxudu. Bu, Trampın gözləmədiyi reaksiya idi.
Heç demə, Çin belə bir təzyiqə çoxdan hazır imiş. Hətta 10 il öncədən. Çünki məhz 2015-ci ildə artıq alıcılıq qabiliyyəti paritetində dollara çevrilən ÜDM-in həcminə görə Çin iqtisadiyyatı ABŞ-ni geridə qoyub. Hələ o vaxt Çin bazar valyuta məzənnələrində ÜDM baxımından çox irəli getməsə də, bunun yalnız zaman məsələsi olduğuna şübhə edənlər az olub. Budur, 10 ildən sonra Çin öz "yavaş-yavaş tələsmək" prinsipinə əsaslanan sürətli iqtisadi uğuru ilə dünya nəhənginə çevrilib və ABŞ-nin qarşısında Himalay dağı kimi durub.
Müdrik rəhbərin ağıllı siyasəti
Çinin inkişaf etməkdə olan aqrar ölkədən inkişaf etmiş sənaye və modern texonologiya ölkəsinə çevrilməsinin “memar"ı olaraq Den Syaopinin adı çəkilir.
Den Syaopin (1904-1997) Çin Kommunist Partiyasının lideri, Mərkəzi Hərbi Şuranın sədri (1983-1990) olub. Əvvəllər maliyyə naziri vəzifəsini tutmuş Den Syaopin 1975-ci ildə ölkənin baş nazirinin müavini təyin edildikdən sonra Çini dirçəltmək istiqamətində işə başlayıb və 1978-ci idə o və onun tərəfdaşları xarici dünyaya açılmaq, sosialist bazar iqtisadiyyatı qurmaq məqsədi daşıyan islahat siyasətini həyata keçirməyə başlayıblar.
Syaopinin məqsədyönlü siyasətinin nəticəsi olaraq iqtisadiyyatın əksər sahələrində hökumətin rolu azaldılıb, menecerlərə daha çox idarəetmə səlahiyyətləri verilib, özəl sektorun rolu artırılıb. Çin beynəlxalq ticarətə və birbaşa xarici investisiyalara icazə verib. Bu təşəbbüslər Çin əhalisinin əksəriyyətinin həyat səviyyəsini yüksəldib və daha sonra hərtərəfli islahatların dəstəklənməsinə kömək edib.
Bu, o zamanlar idi ki, SSRİ-də hələ də gizli şəkildə ayaqqabı və ya trikotaj sexi işlədənləri tutub güllələyirdilər.
Çin isə artan gəlirlər, artan təşviqlər, xidmət sektorunda əhəmiyyətli artım və inkişaf edən sənaye sektoru ilə ilbəil inkişaf yolunda əmin addımlarla irəliləyirdi.
Ucuz işçi qüvvəsi
Bu ölkənin iqtisadi möcüzısinin əsas sirri siyasi ideologiyanın iqtisadi sektorda kənara qoyulması, kapitalist dünyası ilə ideoloji mübarizədən imtina idisə, fenomenal sıçrayışa təkan verən ən böyük amil ucuz işçilər ordusu olub. Çinin hüdudsuz insan resursundan faydalı istifadə yaxşı nəticələr verməli idi.
Uzun illər ucuz işçi qüvvəsi Çin mallarının aşağı qiymətini təmin edib. Aşağı ixtisaslı və aşağı məhsuldar işçi qüvvəsi ölkənin ucuz işçi qüvvəsinin əsasını təşkil edir. Çin kəndləri qlobal bazarda əsas işçi tədarükçüsü olaraq qalır.
Yuanın məzənnəsinin saxlanılması
1974-cü ilə qədər Çinin milli valyutası yuanın xarici valyutalara nisbəti ilk növbədə funt sterlinq və Honq-Konq dolları ilə müəyyən edilirdi. 1974-cü ilin avqust ayından etibarən valyuta səbəti əsasında yuanın ABŞ dollarına və digər valyutalara qarşı gündəlik kotirovkası tətbiq olunub. 1994-cü ildən Pekin yuanın məzənnəsini 1 dollar/8,27 yuan səviyyəsində saxlayıb. Qərb Çini valyuta ehtiyatlarının toplanması yolu ilə məzənnəni aşağı qiymətləndirməkdə ittiham edir. Bu da ixracyönümlü artımı stimullaşdırmaq üçün alət rolunu oynayır və Çin mallarına əlavə rəqabət üstünlükləri verir.
Bazar müqabilində texnologiya
1990-cı illərin əvvəllərində Çin hakimiyyəti xarici texnologiyaların Çinə ötürülməsi müqabilində daxili bazarın bir hissəsinin transmilli korporasiyalara verilməsini nəzərdə tutan “bazar müqabilində texnologiya” siyasətini elan edib. Qərb korporasiyaları Çində əməyin son dərəcə aşağı qiymətindən istifadə etməyə tələsiblər və kütləvi şəkildə istehsal müəssisələrini, sonra isə tədqiqat mərkəzlərini “Səma imperiyası”na köçürüblər.
Çin istehsalının yalnız ucuz geyim və saxta mallarla əlaqəli olduğu günlər geridə qalıb: bu gün Çin ən böyük mal ixracatçısı və istehsalçısıdır, konveyer kəmərlərindən ən populyar elektron cihazların çıxdığı "dünya fabriki"dir.
Bu gün ölkədə çoxlu yeni texnologiya zonası, xaricdə təhsil almış mütəxəssislər üçün 70-dən çox elmi-texniki zona fəaliyyət göstərir.
İxracın kəskin artması Çinin iqtisadi artımını şərtləndirən əsas xarici amillərdən biridir. Çin malları beynəlxalq bazarda bir çox rəqabət üstünlüklərinə malikdir, lakin uğurlu xarici ticarətin genişləndirilməsi üçün aydın strategiya lazımdır. Xarici bazarlara yönəlmiş sənaye və müəssisələrə vergi, kredit, gömrük və digər üstünlüklərin verilməsi Çinin hakimiyyət orqanlarının həyata keçirdiyi ardıcıl ixracyönümlü sənaye siyasətinin əsasıdır.
Beləcə, cəmi otuz il əvvəl dünyanın ən kasıb ölkələri sırasında olan Çin ağıllı iqtisadi siyasət və saat mexanizmi kimi işləyən sərt qanunlar sayəsində inanılmaz bir sıçrayış etməyi bacarıb və cəmi üç onillikdə dünyanın iki ən mühüm iqtisadi gücündən birinə çevrilib. ABŞ-nin ona qarşı apardığı iqtisadi-siyasi təzyiq kampaniyası məhz öz birinciliyini tezliklə Çinə qapdıracağı qorxusudur.
Belə bir rəy də var ki, Çinin iqtisadi uğurunun arxasında duran amillər hələ də tam müəyyən edilməyib və qavranılmayıb. Ancaq bütün mütəxəssislər bu fikirdədirlər ki, iqtisadi sıçrayışın memarı Den Syaopindir. Təbii ki, Syaopinin siyasi xələfləri onun bu düzgün yolunu davam etdirməsəydilər, iş yarımçıq qalardı.
Hakimiyyət komandasının, Çini idarə edən şəxslərin qanunpərəstliyinin və dövlət işində bir-birinə güzəştsizliyinin nəticəsini də qeyd etmək lazımdır. Çində rəhbərlik səviyyəsində korrupsiyaya, əliəyriliyə, sabotaja yer verilsəydi, yenə də bugünkü nəticəni əldə etmək mümkün olmazdı.
Çində əksər dövlət müəssisələri 1990-cı illərin ikinci yarısında özəlləşdirilib və heç də nazirlər avtomatik olaraq yeni oliqarxlara çevrilməyib. İş adamları kastası başqalarından, dövlət məmurları isə ayrı adamlardan ibarət olub. Məmurlar paralel olaraq həm də iş adamları olmayıblar. 2000-ci illərin əvvəllərində isə dövlət müəssisələrinin sayı bir neçə milyondan 300 minə qədər azalıb. Bunlarla paralel, ölkədə davamlı urbanizasiya prosesi gedib, insanlar aşağı məhsuldarlıqlı təsərrüfatlardan daha məhsuldar (və maliyyə baxımından faydalı) şəhər işlərinə keçib.
Qısa və kəsə desək, ötən əsrin son onilliklərində Çin kommunistləri dövlət idarə etməyin, 1 milyard 400 min əhalisi olan ölkənin xalqını dolandırmağın yollarını çözüblər. Ona görə də bu gün Çin dünyanın ən böyük iqtisadi gücünə çevrilib.
Ölkəmizdə vaxtaşırı olaraq sovet dövrünü nostalji ilə xatırlayanlar olur və adətən belə ifadələr işlədirlər: “Gül kimi dövr idi, hərə bir yerdən çırpışdırır, başını dolandırırdı, hamı babat yaşayırdı”.
SSRİ-nin süqutunun sirri bundadır. Sosialist (dövlət) əmlakının kütləvi şəkildə dağıdılması əvvəl-axır iflasa gətirməli idi. Çində isə dövlət əmlakını dağıtmayıblar, dağıdanları güllələyiblər, daha sonra isə onu ədalətli qaydada işi bilənlərə veriblər.
Araz Altaylı, Musavat.com
16 Aprel 2025
15 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ