İnsanlara hürriyət, millətlərə istiqlal!

Çinin Fələstin gedişi - ŞOK RAZILAŞMANIN SENSASİON DETALLARI - 2006-cı ildə...

Bu həftənin əvvəlində Pekində Çin hökumətinin vasitəçiliyi ilə Fələstində hərbi-siyasi qruplar arasında barışıq əldə olunub. Fəth, HƏMAS və daha 12 hərbi-siyasi qrupun iştirak etdiyi danışıqlar nəticəsində əldə olunan razılaşmaya əsasən, Fələstin təşkilatları müharibədən sonra milli birlik hökuməti yaradacaq.

“Parçalanmanın dayandırılması və birliyin gücləndirilməsi barədə Pekin Bəyannaməsi” Fəth və HƏMAS arasında 17 ildən çoxdur davam edən parçalanmaya faktiki olaraq son qoyur və Qəzza müharibəsi başa çatdıqdan sonra Fələstin Azadlıq Təşkilatının (FAT) himayəsi altında müvəqqəti xalq birliyi hökumətinin yaradılması razılaşdırılır.

HEMAS SON.jpg (69 KB)

Doğrudur, bundan əvvəl Misirin və Əlcəzairin vasitəçiliyi ilə Fələstindəki siyasi qruplar, xüsusən də HƏMAS və Fəth arasında barışıq danışıqları və razılaşmalar olub. Lakin bu razılaşmalar nəticəsiz qalıb.

Məlum olduğu kimi, 2006-cı ildə Fələstində keçirilən ümumxalq səsverməsində HƏMAS 60 faizdən çox səs almaqla qalib gəlib. Lakin ABŞ, İsrail və digər nüfuzlu ölkələr Mahmud Abbasın rəhbərlik etdiyi Fələstin administrasiyasına HƏMASA hökumət qurmaq səlahiyyəti verməməsi üçün təzyiq etdi. Nəticədə Abbas HƏMASA hökumət qurmaq səlahiyyəti verməkdən imtina etdi və Fələstində siyasi qruplar arasında münaqişə yarandı.

MAHMUD.jpg (60 KB)

2007-ci ilin iyununda Fəth hərəkatının Qəzza zolağındakı təmsilçisi və daxili işlər naziri Məhəmməd Dahlan və HƏMAS silahlıları arasında baş verən toqquşmanın ardınca HƏMAS Qəzzaya nəzarəti ələ keçirərək burada öz hökumətini qurdu. Fəth hərəkatı isə Ramallahda ikinci bir hökumət qurdu. Beləliklə ərazi münaqişəsi və işğala məruz qalan Fələstin bu dəfə daxildə parçalandı.

Ərəb dövlətlərinin sonrakı illərdə Fələstində barışığın əldə olunması cəhdləri bir qayda olaraq uğursuzluqla nəticələnib. Burada həm də sülhün təminatçısı rolu, vasitəçi ölkələrin tərəfsizliyi kimi mövzuların xüsusi təsiri olub. Lakin indi Çinin vasitəçi rolunu üzərinə götürməsi ümumilikdə region üçün yeni situasiyadır.

Yeri gəlmişkən, Pekin 2023-cü ilin martında 10 ilə yaxın gərginlikdən sonra İran və Səudiyyə Ərəbistanı arasında barışığın əldə olunmasına vasitəçilik edib. Çinin Yaxın Şərqdə uğurlu siyasi-diplomatik gedişlərinin bir neçə xüsusi səbəbi var.

SAUDO .png (851 KB)

Birincisi, Çin regionda və ümumiyyətlə, dünyada yeni siyasi oyunçu hesab olunur. Bu səbəbdən də ABŞ, Fransa, Rusiya, Britaniya kimi ölkələrdən fərqli olaraq Çinin siyasi keçmişi ilə bağlı hansısa “acı xatirə” və mənfi təcrübə yoxdur. Hər hansı siyasi qrup üçün Çin mənfi hadisə ilə xatırlanmır.

CİNO.jpg (89 KB)

İkincisi, Çin regionda tərəfsizdir, əsasən beynəlxalq hüquqa əsaslanan siyasi kurs həyata keçirir. Yəni məsələn, İranla olduğu qədər Səudiyyə Ərəbistanı ilə yaxın münasibətə malikdir, birgə hərbi təlimlər keçirir. Yaxud da İsraillə yaxşı iqtisadi əlaqələrə malikdir, ancaq eyni zamanda Fələstin siyasi və hərbi qrupları ilə normal münasibətlərə malikdir.

Xüsusən də körfəz ərəb ölkələri ilə ticarət və iqtisadi tərəfdaşlığa malikdir. Üstəlik, region ölkələrinin əksəriyyəti ilə iqtisadi əlaqələri var, sərmayə qoyuluşu həyata keçirib. Bu səbəbdən də bütün ölkələrlə dil tapa bilir.

Xüsusən də son olaraq 7 oktyabrda HƏMAS və İsrail arasında başlayan hərbi qarşıdurmada qəti şəkildə İsraili dəstəkləyən ABŞ və Avropa dövlətlərindən fərqli olaraq rəsmi Pekin daha çox tərəfsiz və BMT qərarlarına əsaslanan mövqe nümayiş etdirib və son dövrlərdə isə Qəzzada baş verən humanitar böhrana görə İsrail hakimiyyətini sərt şəkildə tənqid edib.

HEMA.jpg (67 KB)

Məhz bu mövqeyinə görə və eləcə də Qərbin birtərəfli, İsraili müdafiə edən mövqeyinə görə Yaxın Şərq ölkələrində Çinin nüfuzu sürətlə artır. Təbii ki, bu şəraitdə Pekinin regionda siyasi vasitəçilik cəhdləri də daha effektiv olur.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR