İnsanlara hürriyət, millətlərə istiqlal!

Çingiz Qənizadə: Əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunması dövlət siyasətinin prioritetidir

Hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlılığının əsas şərtlərindən biri etibarlı ərzaq təminatıdır. Ölkəmizdə bu məsələ daim dövlətin diqqət mərkəzində saxlanılır. Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi ilk illərdə respublikamızda zəruri ərzaq məhsullarının təminatında ciddi problemlər yaranmışdı. Lakin 1993-cü ilin ikinci yarısından başlayaraq respublikamızda həyat tədricən öz axarına düşüb və əhalinin zəruri ərzaq məhsullarının təmin edilməsi sahəsində də keyfiyyətcə yeni mərhələ başlanıb. Cəmiyyətin hər bir üzvünün zəruri ərzaq məhsullarına olan tələbatının tam ödənilməsi üçün müvafiq tədbirlər həyata keçirilib.

Musavat.com xəbər verir ki, bu fikirləri AZƏRTAC-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Hüquq müdafiəçisi deyib ki, ulu öndər Heydər Əliyevin uzaqgörənliyi sayəsində MDB məkanında ilk dəfə məhz ölkəmizdə torpaq islahatları həyata keçirildi və torpaqlar əvəzsiz olaraq kəndliyə verildi. İslahatlardan bir neçə il sonra isə “Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı” təsdiq edildi. Bununla da ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində qətiyyətli addım atıldı. Kəndə yaşayanlar əkib-becərdikləri məhsulu istədikləri bazarlarda heç bir problem olmadan sata bildilər. Ulu Öndərin siyasi kursuna bütün sahələrdə sadiqliyini nümayiş etdirən Prezident İlham Əliyev əhalinin zəruri ərzaq məhsulları ilə təmin olunması istiqamətində bütün imkanlardan istifadə edir.

Ç.Qənizadə deyib ki, Prezidentimizin ölkəyə rəhbərlik etdiyi vaxtdan təsdiq etdiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının qarşıya qoyduğu vəzifələr də bundan ibarətdir. Dövlətimizin başçısı bununla yanaşı, əhalinin ərzaq təhlükəsizliyinin təmin olunması sahəsində də bir neçə dövlət proqramı təsdiq etdi. Həmin vaxtdan başlayaraq, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva mütəmadi olaraq regionlara səfərlər edir, dövlət proqramlarının qarşıya qoyduğu vəzifələrin icrası ilə yaxından tanış olurlar: “Bir neçə gün əvvəl Prezident İlham Əliyevin və birinci xanımın Qobustan, İsmayıllı və Ağsu rayonlarına səfərlərinin də məqsədi bu idi. Səfər çərçivəsində bir sıra müəssisələrin açılış mərasimi keçirildi. Regionların simasının dəyişməsi isə nəticə etibarı ilə insanların rifahının yaxşılaşdırılması deməkdir. Məsələn, Basqal qəsəbəsində yeni 179 yerlik otel istifadəyə verilib və nəticədə 300 nəfər işlə təmin olunacaq. Ağsu rayonunda Aqroparkın yaradılması sayəsində 200 nəfər işlə təmin olunacaq. Belə müasir infrastrukturun işə salınması, həm də işsizlik probleminin aradan qaldırılmasında mühüm rol oynayacaq”.

Komitə sədri dövlət başçımızın əsas hədəflərindən birinin əhalinin ərzaq məhsulları ilə etibarlı təminatının olduğunu bildirib: “Son illərdə dünyada baş verən qarşıdurmalar, müharibələr, miqrant axını, enerji daşıyıcılarının qiymətinin kəskin artması, aparıcı ölkələrin maliyyə bazarlarında baş verən neqativ meyillər, koronavirus pandemiyasının dünyanın başı üzərini alması, habelə əhalinin sayının çoxalması nəticəsində ərzaq məhsullarına olan tələbat daha da artıb. Eyni zamanda, iqlim dəyişkənliyi, su ehtiyatlarının məhdudluğu və digər səbəblərə görə əsas ərzaq məhsullarının dünya bazarlarında qiymətləri artmağa başlamış, bəzi ölkələrdə ərzaq qıtlığı özünü açıq şəkildə büruzə verib”.

Hüquq müdafiəçisi deyib ki, Prezident İlham Əliyev Basqalda Azərbaycan Televiziyasına müsahibəsində də bu məsələlərə toxunub. Dövlətimizin başçısı deyib ki, Azərbaycan dünyanın bir parçası olduğundan, sözsüz ki, dünyada gedən istənilən iqtisadi proseslər bizə də təsirsiz ötüşmür. O cümlədən dünyada mövcud olan ərzaq mallarının bahalaşması da, əlbəttə ki, bizə də təsir edir.

Komitə sədri ərzaq qıtlığının və dünya bazarlarında bahalaşmanın əsas səbəbini Rusiya - Ukrayna müharibəsi ilə əlaqələndirib. Deyib ki, Rusiya dünyada ən çox buğda istehsal edən ölkədir. Ukrayna isə bu göstəriciyə görə dünyada beşinci yerdədir: “Rəqəmlərin dili ilə desək, Rusiya ildə 32 milyon ton, Ukrayna isə 18 milyon tondan çox taxıl ixrac edir. Bu iki ölkənin müharibəsi dünyada ərzaq qıtlığına və bahalaşmaya öz təsirini göstərir. Lakin buna baxmayaraq, Prezident İlham Əliyevin reallaşdırdığı siyasət nəticəsində Rusiya tərəfi ilə əldə olunan razılaşmalar bizi belə təhlükələrlə qarşılaşdırmayacaq. Rusiyadan sifariş verdiyimiz qədər taxıl daxil olur. Bu, o deməkdir ki, əhalimizi ciddi qıtlıq gözləmir. Elə sahələr var ki, məsələn, heyvandarlıq məhsulları və quş əti ilə özümüzü təmin edirik”.

Ç.Qənizadə ərzaq təhlükəsizliyi təminatının prioritet sahə olduğunu qeyd edib və bu sahəyə getdikcə daha çox diqqət yetirildiyini bildirib. Vurğulayıb ki, işğaldan azad edilmiş ərazilərdə bu il 50 min hektar sahədə taxıl-əkilib becərilib. Növbəti ildə 100 min hektar əkilməsi nəzərdə tutulub. Torpaqlar minalardan təmizləndikcə əkin sahələri də artırılacaq. Bu da ölkənin zəruri əraq məhsulları ilə təminatında mühüm rol oynayacaq. Dövlət başçısı da qeyd etdi ki, özümüzü bütün problemlərdən tam sığortalamaq üçün praktiki işlər aparırıq və aparacağıq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR