Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına yüksək səviyyədə davam edən dövlət səfəri dünya mediasının diqqət mərkəzindədir.
Dövlət başçımızın Çin lideri Si Cinpinlə görüşü, Azərbaycanla Çin arasında ötən il imzalanmış strateji tərəfdaşlıq müqaviləsinin ardınca, hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın, həmçinin çoxsaylı əməkdaşlıq sənədlərinin imzalanması Azərbaycanın dünya nəhəngi ilə əlaqələrində möhtəşəm nəticədir və uğurlu xarici siyasətin bəhrəsidir.
Prezidentin və Birinci xanımın qarşılanması mərasimindən Azərbaycana münasibətin necə olduğunu aydın şəkildə gördük.
Yüksək diqqət, sayğı, böyük ehtiram, səmimiyyət çox şeyi deyirdi. Sahəsinə görə dünyanın üçüncü böyük ölkəsi –
9, 780.960 km² əraziyə malik – Çin Xalq Respublikası heç 90 min km² belə olmayan Azərbaycana nə qədər böyük önəm verdiyini bütün dünyaya nümayiş etdirdi.
Bir daha təsdiqləndi, əsas ərazi və say deyil, həm də mahiyyətdir, eyni zamanda coğrafi mövqe də az əhəmiyyətli deyil. Bütün bunlardan vacib isə yürüdülən siyasətdir. Milyard yarımlıq ölkənin lideri ilə dil tapmaq hər bir ölkə başçısının hünərincə deyil, bunu müqayisədə aydın şəkildə gördük.
Azərbaycan Prezidenti və Birinci xanım fəxri qarovulun qarşısından keçdikdən sonra gələcəyin rəmzi olan uşaqlar əllərində Çin və Azərbaycanın qoşa bayraqları ilə, nəğmə oxuyub, rəqs edərək onları qarşıladılar. Bu, iki ölkənin birlik, birgəlik mesajı idi. Daha bir ilk yaşandı, qarşılanma mərasimində Azərbaycan mahnısı səsləndi: “Ey Vətən!”
Bu mahnı təsadüfən seçilməmişdi. 2021-ci ilin oktyabrında Prezident İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Zəngilana səfər edərkən çox maraqlı kadrlar yayılmışdı. Birinci xanımın etdiyi paylaşımda Prezidentin yolboyu Azərbaycan Radiosunda “Ey Vətən” mahnısını dinlədiyi müşahidə edilirdi.
Azərbaycan Prezidentinin səfərinə hazırlıqların həyata keçirilməsində görün necə incəliklər nəzərə alınıb.
Həm də “Ey Vətən”in arxasında strateji mahiyyət dayanır. 4 il öncə bu mahnı Zəngilanda səslənmişdi, bu gün Çin paytaxtında, Pekində. Zəngilan Zəngəzur dəhlizinin ilkin məntəqəsidir. Yəni Çindən gələcək, Ordubada, oradan da Avropaya istiqamət götürəcək qatarın Zəngəzur dəhlizində qarşısını kəsmək nə “dalan” Ermənistanın, nə də ona “hava” verən “dar”larının gücündə deyil! Beləliklə, Çin paytaxtında Zəngəzur dəhlizinin havası çalındı, bundan sonra haylar və haypərəstlər payını götürsünlər!
2024-cü ilin iyulunda Astana şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşü çərçivəsində imzalanan Strateji Tərəfdaşlığın Təsis Edilməsinə dair Birgə Bəyanat ikitərəfli münasibətlərdə yeni mərhələnin əsasını qoyub. Çin, Mərkəzi Asiya və Azərbaycan indi Orta Dəhlizin “Bir kəmər, bir yol” layihəsində rolunu artırmaq üçün daha yaxından işləyirlər ki, burada da məqsəd daha səmərəli ticarət marşrutlarını inkişaf etdirməkdir. Bu, Çinin Azərbaycanın strateji layihəsi olan Zəngəzur dəhlizinə böyük rakursdan baxmasına təkan verir.
Prezident İlham Əliyev ADA-da keçirilən konfrans zamanı əbəs yerə “Zənnimizcə, Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçə bilər”, deməmişdi. Bu sözləri dövlətimizin başçısı həm də Gürcüstan Prezidentinin Azərbaycana səfəri zamanı dilə gətirmişdi. Prezident seçiləndən sonra ilk olaraq ölkəmizə rəsmi səfər edən qonşu dövlətin rəhbəri Mixeil Kavelaşvili çox güman ki, Zəngəzur dəhlizi ilə bağlı tərəddüdlərinə son qoyacaq bundan sonra.
Zəngəzur dəhlizinin Çinin “Bir kəmər, bir yol” nəqliyyat layihəsinə töhfə verəcəyi artıq Pekində də ən yüksək səviyyədə qəbul olunub. 43 km-lik Zəngəzur dəhlizinin reallaşması Çinin Avropa bazarına çıxışında yeni marşrut olmaqla yanaşı, Azərbaycana da əlavə imkanlar qazandıracaq. İki qitə arasında məsafəni yaxınlaşdıracaq Zəngəzur dəhlizinin vasitəsilə yük daşımaları xeyli artacaq. Həm zaman, həm də əlavə maliyyə itkiləri azaldılır, daha böyük gəlirlərə imkanlar yaranırsa, iqtisadi məsələlərə böyük önəm verən Çin nədən bu layihəyə maraq göstərməsin? Üstəlik, Rusiya ilə bağlı yaşanan problemlər “Şimal dəhlizi”ni sual altında qoyub. Çinin Zəngəzur dəhlizinə “hə” deməsi İranın da “qırmızı xətt”lərini yığışdırmasına təkan verə bilər.
Amma Çinlə Azərbaycan arasında əlaqələrdə Zəngəzur dəhlizi bir həlqədir, münasibətlər daha böyük hədəfləri özündə ehtiva edir. Strateji tərəfdaşlıq əlaqələrinə malik Azərbaycanla Çinin bu əlaqələri hərtərəfli strateji səviyyəyə yüksəltməsinin əhəmiyyəti misilsizdir. Həm Bakı, həm də Pekin bir-birini etibarlı və qarşılıqlı faydalı strateji tərəfdaş olaraq görür, qarşılıqlı münasibətlərini bu müstəviyə məmnuniyyətlə yüksəldirlər.
Təsadüfi deyil ki, Çinin milli xəbər agentliyi Sinxua, Çin Kommunist Partiyasının rəsmi nəşrlərindən olan “Jenmin Jibao” və “Global Times” qəzetləri, Çin Media Qrupuna daxil olan Çin Mərkəzi Televiziyası (CCTV), Çin Beynəlxalq Radiosu, CGTN telekanalı, habelə nüfuzlu “China Daily” qəzeti, digər qəzet və xəbər saytları Prezident İlham Əliyevin səfəri barədə bir neçə dildə çoxsaylı materiallar yayıb. Çin mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinin Sinxua agentliyinə məxsusi müsahibəsindən xəbərlər hazırlayaraq oxucularına təqdim edib. Həmçinin Prezidenti İlham Əliyev Pekində CGTN (China Global Television Network) telekanalına müsahibə verib. Özü də…bu müsahibə 2020-ci ildə Ermənistanın işğalından azad edilmiş Kəlbəcərin “İstisu”yunun görüntüsü fonunda alınıb!
Dünyanın bir sıra aparıcı media orqanları da Azərbaycan liderinin Çin səfərini işıqlandırıblar. Diqqət edin, Azərbaycan necə incə şəkildə diplomatik uğurlar seriyasına yenilərini əlavə etməkdədir: Türkiyə və İsrail arasında yaşanan gərginliyi səngidir, üstəlik, tərəfləri Bakıda bir araya gətirir; Rusiya ilə Avropa İttifaqı ölkələri arasında soyuq müharibə gedir, Azərbaycan Avropanın 10-dan artıq ölkəsinə qaz satır, yüksək münasibətlərini davam etdirir, həmçinin Rusiya ilə strateji müttəfiqliyini davam etdirir. İran və İsrail arasında münasibətlər bəllidir, Prezident İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində hər iki ölkə ilə normal əməkdaşlıq davam edir. 28 apreldə Məsud Pezeşkian Azərbaycana 120 nəfərlik böyük heyətlə səfər edəcək. Eyni zamanda İsrailin Baş naziri Benyamin Netanyahunun ölkəmizə səfəri planlaşdırılır. Bu günlərdə ABŞ-Çin gərginliyi yaşanır. Azərbaycan Prezidenti Donald Trampa da münasibəti normaldır, bir müddət öncə ABŞ liderinin də azərbaycanlı həmkarına məktubunda ölkəmizə də dövlət başçımıza böyük ehtiram ifadə olunmuşdu. Kim bilir, bəlkə elə günün birində Bakı İran və İsrail, yaxud ABŞ – Çin danışıqlarının məkanı oldu.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Çin Xalq Respublikasının Sədri Si Cinpinin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”ı imzalaması əməkdaşlığın növbəti mərhələləri üçün yol xəritəsidir. Bu, 2024-cü ildə imzalanan strateji tərəfdaşlığın daha da irəli aparılmasıdır, həm də dünya nəhəngi tərəfindən Azərbaycana böyük etimadın, etibarın ifadəsidir.
Liderlərin birgə bəyanatında da bir daha vurğulanıb ki, Çin Azərbaycanın təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir və qarşıdurmaya yönəlmiş geosiyasi oyunları qeyri-məhsuldar hesab edir. Azərbaycan tərəfi dünyada yalnız vahid bir Çinin mövcudluğunu, Tayvanın Çin ərazisinin ayrılmaz tərkib hissəsi olduğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu tanıdığı kimi, Çin də Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü birmənalı şəkildə müdafiə edir. Əslində bu dəstək Qarabağ işğalda olduğu zaman da var idi. Həmçinin BMT Təhlükəsizlik Şurasında anti-Azərbaycan qətnamələrin qəbulunda 5 daimi üzvdən biri olaraq Çin də hər zaman Azərbaycanın ədalətli mövqeyini müdafiə etdi.
Dünyanın ən güclü dövlətlərindən biri olan Çinin Azərbaycanla əlaqələrə verdiyi önəm və xüsusi diqqət təsadüfi deyil. Azərbaycan Prezidentinə dünyada olan hörmət, dövlət başçımızın beynəlxalq arenada fəaliyyəti, Azərbaycanın dünyada yerinin və rolunun yüksəldilməsi istiqamətində həyata keçirdiyi siyasətin uğurları, Azərbaycanın Orta Dəhlizin vacib ünvanı olması, perspektivlər baxımından potensialı Çinin ölkəmizə və dövlət başçımıza marağının artmasında mühüm rol oynayır. Rəsmi məlumata görə, Azərbaycanla Çin arasında ticarət dövriyyəsinin həcmi 2024-cü ildə əvvəlki illə müqayisədə 20,7 faiz artaraq 3,744 milyard dollara çatıb. Diqqətçəkən budur ki, Çin xarici ticarət dövriyyəmizdə 7,9 faizlik payla Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Üstəlik, idxalımızın 17,7 faizi Çinin payına düşüb. Regionun nəqliyyat habına çevrilən Azərbaycanla Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Azərbaycan Prezidentinin Çin səfəri təkcə Azərbaycanın və Çinin maraqları baxımından önəm kəsb etmir. Naxçıvanla Urumçi şəhərinin qardaşlaşması barədə sənəd imzalandı. Türk Uyğur şəhərinin simasında uyğur türklərinin unudulmamasının rəsmi təsdiqi həm də Türk Dünyasına mesajdır. Yüzlərlə şəhərin içərisindən uyğur türklərinin şəhərinin seçilməsi rəmzi məna kəsb etməklə yanaşı, siyasətin ardıcıllığının məntiqi nəticəsidir: “Bizim başqa ailəmiz yoxdur, ailəmiz Türk dünyasıdır”, demişdi cənab Prezident. Yəni iki həftə öncə Bakıda, çoxsaylı xarici ekspertlərin iştirakı ilə keçirilən mühüm konfransda “Şimali Kiprdəki qardaşlarımızı əmin etmək istəyirəm ki, biz hər zaman onlarla olacağıq”, deyən, ardınca Antalya Diplomatik Forumunda Avropanın ədalətisliyi ilə üzləşmiş Quzey Kıprıs türklərinin lideri Ersin Tatarla şəxsən görüşən Azərbaycan Prezidenti növbəti dəfə milyonlarla türkün qəlbini fəth etdi, xüsusən də uyğur bacı-qardaşlarımızın.
Ötən il imzalanan strateji tərəfdaşlıq sənədində bildirilirdi: “Çin tərəfi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) çərçivəsində əməkdaşlığı gücləndirmək səylərini alqışlayır, ŞƏT-də Azərbaycanın hüquqi statusunun yüksəldilməsini dəstəkləyir. Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir və Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır”. Bu, rəsmi Bakını məmnun edən yüksək dəstəkdir, eyni zamanda qısa müddətdə daha da irəli getmək üçün münbit şəraitin yaranmasını özündə ehtiva edib. Azərbaycan Prezidenti bir müddət öncə Çinlə iqtisadi əməkdaşlıqdan bəhs edərkən bildirmişdi ki, bizim hədəfimiz ticarət limanında 15 milyon ton yükaşırma qabiliyyətinə malik olmaq idi və bu da onilliklər ərzində yetərli olardı. Lakin indi biz ola bilsin ki, növbəti 5-6 ildə 25 milyon ton yük qəbul etməyi gözləyirik. Beləliklə, biz hazırda dəniz ticarət limanımızın və dəmir yolu infrastrukturumuzun genişləndirilməsini maliyyələşdiririk. Azərbaycan özünün böyük potensialını özünün etibarlı müttəfiqlərinə təklif edir. Eyni zamanda dövlətimizin başçısı bildirmişdi ki, Çinlə əməkdaşlıq yalnız yükdaşımaları nəzərdə tutmur, ölkəmizdə yeni müəssisələrin yaradılması ilə bağlı təşəbbüslərə də açığıq. Yəni dövlətimiz Çin sahibkarlarının Azərbaycana investisiya qoymasını, burada yeni iş yerlərinin açılmasına təkan verəcək layihələrin reallaşdırılmasını arzulayır. Eyni zamanda Qarabağda, Şərqi Zəngəzurda, o cümlədən iki qitəni birləşdirəcək Zəngəzur dəhlizi boyunca yeni müəssisələrin yaradılması həm də Çindən olan iş adamları üçün əlavə imkanlar deməkdir. Bu istiqamətdə, turizmi və digər sahələri də özündə ehtiva edən 20-dən artıq sənədin imzalanması hüquqi bazanın yaradılması deməkdir. Növbəti mərhələ qarşıdadır, əl-ələ verib, çalışmaq lazımdır. Ümumiləşdirsək, buna Çin səddini aşmağın Azərbaycan modeli də deyə bilərik. Bunu bacaran Liderə təşəkkürlər!
24 Aprel 2025
ŞƏRHLƏRŞƏRH YAZ