Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Trampın Çin mallarına yeni tariflər tətbiq edəcəyini elan etməsindən sonra Pekin Vaşinqtona sərt reaksiya verib. Çin Xarici İşlər Nazirliyi yayımladığı bəyanatda ABŞ-nin təzyiqlərinə boyun əyməyəcəyini bildirərək "Əgər ABŞ müharibə istəyirsə - istər tarif müharibəsi, istər ticarət müharibəsi, istərsə də başqa bir müharibə - sona qədər döyüşməyə hazırıq" açıqlamasını verib.
Tramp administrasiyası Meksika və Kanada mallarına 25 faiz rüsum tətbiq etdikdən sonra Çindən idxal edilən məhsullara da yeni tariflər qoyub. Prezident Tramp Konqresdə çıxışı zamanı bu siyasətin davam edəcəyini açıqlayaraq aprelin 2-dən etibarən "qarşılıqlı tariflər" və qeyri-tarif tədbirlərinin də qüvvəyə minəcəyini bildirib.
Çin isə bu tariflərin arxasında ABŞ-ın fentanil problemini əsas gətirməsini "əsassız bəhanə" adlandırıb. Pekin Tramp administrasiyasını şantajda ittiham edərək "Təhdidlər bizə təsir etmir. Çinlə düzgün münasibət qurmağın yolu təzyiq, məcburiyyət və təhdidlər deyil" bəyanatını yayıb.
Vaşinqton-Pekin münasibətləri Trampın ilk prezidentlik dövründən bəri gərgin iqtisadi rəqabətlə davam edir. Yanvar ayında Trampın ikinci prezidentlik dövrü başlamazdan bir neçə gün əvvəl, o, Çin lideri Si Cinpinlə telefon danışığı apararaq ticarət, fentanil və TikTok məsələlərini müzakirə etmişdi. Si Trampı təbrik edərək iki ölkə arasındakı münasibətlərin inkişaf etdirilməsinə ümid etdiyini bildirmişdi. Lakin Tramp fevral ayında Çin mallarına 10 faiz əlavə rüsum tətbiq edərək yeni ticarət qarşıdurmasını alovlandırıb.
Pekin isə ABŞ-dan idxal edilən kömür və mayeləşdirilmiş təbii qaz məhsullarına 15 faiz, xam neft, kənd təsərrüfatı texnikası və iri mühərrikli avtomobillərə 10 faiz tarif qoymaqla cavab verib. Bununla yanaşı, Çin "Google"a qarşı antiinhisar araşdırması başladıb və ABŞ-nin məşhur geyim markalarının sahibi PVH-ni "etibarsız şirkətlər" siyahısına əlavə edib. Həmçinin, müdafiə və təmiz enerji sektorlarında istifadə edilən beş nadir metalın ixracına məhdudiyyətlər tətbiq edib.
Fevralın 21-də isə Tramp ABŞ-nin strateji sahələrinə - texnologiya, infrastruktur, səhiyyə, kənd təsərrüfatı, enerji və xammal sektorlarına Çin sərmayələrinin qarşısını alan fərman imzalayıb. Ekspertlər bu addımların iki ölkə arasında iqtisadi münasibətləri daha da gərginləşdirəcəyini və dünya ticarətinə ciddi təsir göstərə biləcəyini bildirirlər.
Qeyd edək ki, fentanil böhranı ABŞ və dünyanın bir çox ölkəsində geniş yayılan opioid epidemiyasının ən təhlükəli mərhələlərindən biridir. Fentanil güclü sintetik opioiddir və tibbdə əsasən ağır ağrıları aradan qaldırmaq üçün istifadə olunur. Lakin qeyri-qanuni istehsal və ticarəti nəticəsində bu maddə heroin və digər narkotiklərə qarışdırılaraq satılır, bu da ölüm hallarının kəskin artmasına səbəb olur.
Fentanil adi opioidlərdən 50 dəfə, heroinlə müqayisədə isə 100 dəfə daha güclüdür. Çox az miqdarı belə ölümcül təsir göstərə bilər. ABŞ-da opioid epidemiyası çərçivəsində baş verən ölümlərin böyük hissəsi məhz fentanillə bağlıdır. 2010-cu illərin ortalarından etibarən fentanilin qeyri-qanuni istehsalı və yayılması sürətlə artıb.
Vaşinqton bu böhranın əsas mənbələrindən biri kimi Çini göstərir. ABŞ hökuməti Çindən və Meksikadan gələn fentanil və onun prekursor kimyəvi maddələrinin ölkəyə axınının qarşısını almaq üçün müxtəlif tədbirlər görür, o cümlədən sərt ticarət məhdudiyyətləri və tariflər tətbiq edir. Pekin isə bu iddiaları rədd edir və ABŞ-nin problemin həlli üçün daxili tədbirlər görməli olduğunu bildirir.
Fentanil böhranı ABŞ-da narkotik istifadəsindən ölüm hallarını rekord həddə çatdırıb. 2021-ci ildə təkcə bu maddə ilə əlaqəli 70 mindən çox ölüm qeydə alınıb. ABŞ hökuməti bu böhrana qarşı sərt hüquq-mühafizə tədbirləri ilə yanaşı, narkotikdən asılılığı olan şəxslərə tibbi və psixoloji dəstək proqramlarını genişləndirmək üçün səylər göstərir.
Milli.az
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ