Onlayn ictimai-siyasi qəzet
Çin hökuməti Donald Trampın dövründə ABŞ-la ticarət müharibəsi təhlükəsi ilə mübarizə aparmaq üçün yuanın məzənnəsini zəiflədə bilər.
Musavat.com xəbər verir ki, bu barədə "Reuters" mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, Çin hakimiyyəti milli ixracın rəqabət qabiliyyətini artırmaq üçün yuanı zəiflədə, həmçinin stimullaşdırıcı pul siyasəti həyata keçirə bilər. Bu cür tədbirlər ABŞ tərəfindən deflyasiya və potensial tarif artımları ilə mübarizə məqsədi daşıyacaq.
Mənbələrdən biri "Reuters" agentliyinə bildirib ki, Çin hökuməti məzənnəni təxminən 3,5 faiz azaldaraq, ABŞ dolları üçün 7,5 yuana çatdıra bilər. Belə bir azalma ciddi iqtisadi şokların qarşısını alacaq.
Noyabr ayında "Bloomberg" Çinin Donald Trampın idxal tariflərini artırmasına cavab olaraq genişləndirici monetar və fiskal siyasət yürüdə və yuanı devalvasiya edə biləcəyi ehtimalını qeyd edib. "Bloomberg" analitikləri hesab edirlər ki, ABŞ tarifləri 60 faizə qədər artırsa, ofşor yuanın məzənnəsi (CNH kotirovkası) bir ABŞ dolları üçün 7,5-7,7 vahidə qədər zəifləyə bilər.
Qeyd edək ki, Çin ABŞ-dan soya, pambıq və qarğıdalı, mikroçiplər, yolsuzluq avtomobilləri, mayeləşdirilmiş neft qazı və neft, kokslaşan kömür, mis və mis filizi idxal edir. Amerika tərəfi Çindən smartfonlar, kompüterlər, litium-ion batareyalar, plastik məhsullar, təhlükəsizlik kameraları, məişət texnikası, ayaqqabılar, uşaq oyuncaqları və və sair alır.
Çin-Amerika münasibətləri son bir neçə ildə daha da gərginləşərək iki ölkə arasındakı ticarətə təsir göstərib. 2022-ci ildə onların ticarət dövriyyəsi cəmi 0,6 faiz artaraq 759,4 milyard dollara çatıb. 2023-cü ildə o, 11,6 faiz azalaraq 664,45 milyard dollar təşkil edib. 5 noyabrda ABŞ prezident seçkilərində qalib gələn Tramp seçki proqramında Çindən idxala 60 faiz rüsum tətbiq olunacağını vəd edib.
Musavat.com
05 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ