Onlayn ictimai-siyasi qəzet
Türkiyədəki ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özel növbəti dəfə Azərbaycan haqda danışıb. Modern.az “Cümhuriyet”ə istinadən xəbər verir ki, o, jurnalistin xarici siyasətlə bağlı sualını cavablandırarkən bu mövzuya toxunub.
“Xarici siyasətlə bağlı təşəbbüs göstərmisiniz. Siz Şimali Kipr Türk Respublikasına getdiniz. Növbəti hansı ölkədir?”, - deyə jurnalist soruşub.
“Mən ilk səfəri Azərbaycana etmək istəyirdim, amma Bosniya və Herseqovinanın Dövlət Günü var və onu qaçırmaq istəmirəm. Biz planlaşdırırıq ki, Azərbaycana keçmiş partiya sədrlərimizdən olan Hikmet Çətinlə gedək. Çünki onun Azərbaycanla münasibətləri var. Onun dövründə (Hikmet Çətin 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri, 1995-ci ildə isə baş nazirin müavini, həmçinin CHP-nin sədri olub - red.) Ermənistanla sərhəd bağlanıb (1993-cü ilin aprelində Kəlbəcərin işğalından sonra Türkiyə-Ermənistan sərhədinin bağlanması nəzərdə tutulur-red.) Hörmətli Hikmet Çətin bir neçə günə Azərbaycana gedəcək. Təqvimə uyğun bir vaxtda isə birlikdə səfər edəcəyik”, - Özel suala cavabında bildirib.
Xatırladaq ki, bundan əvvəl jurnalist Yavuz Donatla telefon danışığı zamanı Özəlin Azərbaycanla bağlı dediklərini yazmışdı: “Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Səhv eləmişik. Tamamilə bizim xətamızdır. Yoluna qoyacağıq. Can Azərbaycanın könlünü alacağıq. İlk səfərimi Kiprə və Azərbaycana edəcəyəm”.
Qeyd edək ki, Özgür Özel CHP-nin 4-5 noyabr tarixlərində keçirilmiş qurultayında sədr seçilib.
Oqtay Qasımov
Politoloq Oqtay Qasımov “Yeni Müsavat”a bildirdi ki, CHP liderinin Azərbaycana gəlmək istəyi təbii qarşılanmalıdır. Çünki Türkiyə ilə Azərbaycan arasında münasibətlər dostluq-qardaşlıq, müttəfiqlik münasibətləridir: “Münasibətlər yalnız hakimiyyətlərarası deyil, o cümlədən partiyalararası, ictimai təşkilatlar və cəmiyyətlərarası münasibətlərdir. Bu münasibətlər kifayət qədər dərin qatlara işləyib. CHP Türkiyə Cümhuriyyətinin ilk siyasi partiyasıdır, uzun müddət Türkiyə dövlətini idarə edən bir partiya olub. Bu partiya həm də Türkiyənin qurucu partiyası hesab olunur, Mustafa Kamal Atatürkün qurduğu partiyadır. O baxımdan, CHP-nin yeni seçilmiş sədrinin Azərbaycana səfər niyyəti təbii qarşılanmalıdır. O ki qaldı Özgür Özəlin keçmiş xarici işlər naziri və CHP-nin sabiq sədri Hikmət Çətinlə Azərbaycana gəlməsi məsələsinə, əlbəttə, burada bir çox məqamlar var. Yəqin ki, Özgür Özəl onu da nəzərə alır. Belə ki, bildiyiniz kimi, Hikmət Çetin 1991-1994-cü illərdə Türkiyənin xarici işlər naziri postunu, ondan sonra baş nazirin müavini vəzifəsini tutub. Onun dövrü Azərbaycanın yeni müstəqillik qazandığı dövrə təsadüf edir. Hikmət Çətin dünyada ciddi dəyişikliklərin getdiyi, SSRİ-nin dağıldığı və yeni müstəqil dövlətlərin qurulduğu bir dövrdə Türkiyənin xarici işlər naziri vəzifəsində çalışıb. Təbii ki, o dövrkü Türkiyə hökumətinin ən nüfuzlu üzvlərindən biri olub. Hikmət Çətin o dövrlərdə bir neçə dəfə Azərbaycana səfər edib. Həm Əbülfəz Elçibəy hakimiyyəti dövründə, həm ondan sonrakı dönəmdə Hikmət Çətinin Azərbaycan iqtidarları ilə normal münasibətləri olub. O, Azərbaycanla hər dövrdə yüksək səviyyəli münasibətləri qoruyub saxlamaq qabiliyyətinə malik şəxsdir. Onun həm yüksək vəzifələrdə olduğu dövrlərdə, təqaüdə çıxdıqdan sonra da Azərbaycanla əlaqələri kəsilməyib. Azərbaycanın indiki hakimiyyəti ilə də Hikmət Çətin arasında yüksək əlaqələr mövcuddur. Azərbaycanda Hikmət Çətinə münasibət yüksəkdir. Onun həm Azərbaycan cəmiyyətində, həm də iqtidarında hörmətlə qarşılandığı bəllidir. CHP sədri Özgür Özəl də Hikmət Çətinin Azərbaycanla olan bu yaxşı əlaqələrini nəzərə alaraq onunla birlikdə Azərbaycana səfər etməyi planlaşdırır. Bu seçim doğru seçimdir”.
Politoloq qeyd etdi ki, Türkiyənin ana müxalifət partiyasının sədrinin Azərbaycana səfər etməsinə AKP iqtidarının mənfi reaksiya verəcəyi gözlənilmir: “Türkiyə demokratik dövlətdir. Orada partiyalara münasibət, onlara yaradılan şərait qanunla tənzimlənir. Ana müxalifət partiyasının sədri hətta dövlət protokoluna daxil olan şəxsdir. Bu cür səfərlər dəfələrlə həyata keçirilib. Həm Türkiyədə fəaliyyət göstərən müxalifət partiyaların liderləri Azərbaycana səfər ediblər, həm Azərbaycanın müxalifət partiyalarının sədrləri Türkiyəyə səfərlər edib görüşlər keçiriblər. Bu, hər iki tərəfdən normal qarşılanıb. O baxımdan hesab etmirəm ki, Özgür Özəlin Azərbaycana baş tutacaq səfərinə, onun burada qarşılanmasına Türkiyə iqtidarından mənfi reaksiya ortaya qoyulsun. Hələ nəzərə alsaq ki, Hikmət Çətin kimi dövlətçi bir şəxsin müşayiəti ilə edilən səfər olacaq, bu səfər tamamilə başqa bir məna kəsb edir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”
29 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ