Onlayn ictimai-siyasi qəzet
Azərbaycanda oğurluğa görə cəzalar sərtləşdirilib.
Milli Məclisin qanunda etdiyi yeni dəyişikliyə görə, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talamaya görə cəza sərtləşdirilir, bu əmələ görə azadlıqdan məhrumetmə 2 ildən 3 ilə qaldırılır.
Buna qədər qüvvədə olan Məcəlləyə əsasən, eyni əməl 360 saatdan 480 saatadək ictimai işlər və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.
Oğurluğa görə Cinayət Məcəlləsinin 177-ci maddəsinin sanksiyasına üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının daxil edilməsi ilə bu cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasından çıxarılır və az ağır cinayət hesab edilir.
Dövlət orqanları bu qərarı zəruri addım sayır. Oğurluq halları hər il sabit cinayət statistikası arasında yer alır. Daxili İşlər Nazirliyinin 2024-cü ilin rəsmi məlumatlarına görə, ölkədə ümumi cinayətlərin 21 faizindən çoxu məhz mülkiyyət əleyhinədir. Oğurluq bu siyahıda ilk üçlükdədir.
DİN-in hesabatına əsasən, oğurluq faktları ötən il 38,9 faiz azalsa da, bu sahədə tam sakitlik yoxdur. Hüquq-mühafizə orqanlarının genişlənən kameralar şəbəkəsi, çipli kart sistemləri, proaktiv patrul xidmətləri effektsiz deyil.
Lakin deputatlar bu tədbirlərin qanunla dəstəklənməsinin vacibliyini əsas gətirirlər. Milli Məclisin qəbul etdiyi son dəyişikliklərlə bağlı hüquqşünaslar və ekspertlər ikili mövqedədirlər.
Tanınmış vəkil Cavad Cavadov Musavat.com-a deyib ki, oğurluq kimi cinayətlər üçün cəzaların sərtləşdirilməsi ilk baxışda cəmiyyət üçün ədalət görüntüsü yaradır:
“Hazırda əksər ölkələr bu yanaşmadan uzaqlaşır. Müasir hüquq sistemləri alternativ cəzalara üstünlük verir. Elektron qolbaqlar, ictimai işlər, zərərçəkmişə ödəniş tələbi kimi üsullarla cinayətkarın təkrar cinayətə meylini azaldır. Azərbaycanda isə bu dəyişikliklər paradoks yaradır. Bir tərəfdən məhkəmə-hüquq islahatı, digər tərəfdən sərt cəza artımı var. Xırda oğurluğa görə adam türməyə salmaq nə maliyyə, nə də sosial yük baxımından rasionaldır”.
Vəkil bildirib ki, qanun dəyişsə də, icra mexanizmləri geridə qalır:
“Məsələn, cərimə və elektron nəzarət geniş tətbiq olunmalıdır. 300 manatlıq telefon oğurladığına görə 2 il cəza vermək nə cəmiyyətə, nə iqtisadiyyata qazanc gətirəcək. Oğurluğun kök səbəbləri aradan qaldırılmalıdır. İşsizlik, narkotik asılılığı, yoxsulluq həll olunmadan sərt cəza kriminal şəraiti dəyişməyəcək”.
Cavad Cavadov xatırladıb ki, Azərbaycan 2020-ci ildən bəri məhbus sayını azaltmağa çalışır:
“Məhkəmə-hüquq islahatlarının aparılması, alternativ cəzaların tətbiq olunması qarşıya məqsəd qoyulub. Oğurluq və digər cinayətlərə görə cərimə, azadlığın məhdudlaşdırılması, islah işi tətbiqi təqdir edilir. Bu dəyişiklik isə sanki əvvəlki kursa zidd gedir.
Əgər kiçik oğurluğa görə də həbs cəzası kəsiləcəksə, bir neçə il sonra türmələrdəki sıxlıq məsələsi yenidən gündəmə gələcək. Üstəlik, cinayətkar həbsdə daha təhlükəli elementlərlə birgə cəza çəkəcək, bu isə “peşəkarlaşma” riskini artırır. Həbs etmək əvəzinə əmlak oğurluğunun dəyərinə görə cəza fərqləndirilsin. Kiçik məbləğ üçün cərimə və ictimai iş üstünlük təşkil etsin. Alternativ cəza üsulları genişlənsin. Elektron qolbaq, qeydiyyat məhdudiyyəti, ev dustaqlığı tətbiq olunsun. Profilaktik işlərə pul ayrılsın. İcbari təhsil, yoxsulluğa qarşı proqramlar nəhayət ki, kağız üzərindən real həyata transfer olunsun.
Təkrar cinayət törətmiş şəxslər üçün fərdi reabilitasiya proqramlarının tətbiqi də həyata keçirilməlidir”.
Vəkil deyib ki, cəzanı sərtləşdirmək asan olsa da, vəziyyətdən çıxış yolu deyil:
“Cəzanı sərtləşdirməklə türmələri dolduracaqlar, dövlət büdcəsindən məhbusların saxlanılmasına ayrılan vəsaitin həcmini artıracaqlar. Təbii ki, bu sərtlik oğurluğu azaltmayacaq.
Təcrübə göstərir ki, cinayət təkcə qorxu ilə yox, həm də sosial və hüquqi balansla idarə olunur. Oğurluğa gedən 2 il əvəzinə 3 il cəza alacağını düşünüb əməlindən əl çəkəcək? Ümumiyyətlə, oğurluğa gedən bu haqda düşünürmü?”
Elşən MƏMMƏDƏLİYEV,
Musavat.com
14 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ