İnsanlara hürriyət, millətlərə istiqlal!

Cərimələrin artırılması BİRMƏNALI QARŞILANMIR – Ekspert rəyi

Azərbaycanda yeni cərimələr müəyyənləşir. Bununla  bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişiklik təklif olunur. Təkliflərə görə, velosiped yolunda avtomobil saxlamaq, avtobus yoluna girmək 100 AZN, səkidə avtomobil saxlamaq 60 AZN, işıqforun qırmızı işığında və yolun əks istiqamətində hərəkəti davam etdirmək 100 AZN, proqram və ya SMS-lə parkingə başlamamaq, yaxud ödəniş etməməyə görə 20 AZN məbləğində cərimə müəyyən edilib. Saxta “parkovşik”lərin isə 2 000 AZN cərimələnməsi təklif olunur. Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb və müzakirə mövzusuna çevrilib.

Mövzu ilə bağlı Medianews.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki,  qaydalar varsa, ona nəzarət etmək üçün cərimələr və çəkindirici alətlər də olmalıdır.

Ekspertin qənaətincə, qaydaların işlək olması üçün nəzarətin güclü olması şərtdir: “Hazırda müşahidə edirik ki, şəhərimizdə xaotik hərəkət var. Fərdi nəqliyyat vasitələrinin digər hərəkət iştirakçılarının hərəkətinə əngəl törətdiyi hallar mövcuddur. Kütləvi sərnişin daşıyan avtobusların zolaqlarının, səkilərin, velosiped zolaqlarının, piyada keçidlərinin zəbti müşahidə edilir. Velosiped zolaqları altı aydır çəkilir, işlərin birinci mərhələsinin bitdiyi bir dönəmdə mövcud zolaq şəbəkəsi avtomobillər tərəfindən mənimsənilir. Təhlükəsizlik riskləri yaradır. Hərəkət üçün səki, velosiped zolağı, piyada keçidinin zəbt olunduğu təqdirdə bu, nə əlçatan, nə də cəlbedicidir”.

R.Ağamirzəyevin sözlərinə görə, cəzaların sərtləşdirilməsi zamanın və dövrün tələbidir: “Cərimələr hiss edilməlidir. Biz zaman-zaman sosial şəbəkələrdə insanların bu yöndəki çağırışlarını müşahidə edirik. Düşünürəm ki, insanlar bu dəyişiklikləri anlayışla qəbul etməlidir. Nəqliyyatdan istifadə edənlər digər hərəkət iştirakçılarına hörmətlə yanaşmalıdır. Onların hərəkət sahəsinə girməməlidir. Qaydanı pozubsa, cəzalandırılmalıdır. Belə olduğu halda biz bir küçədən parçalanmış axınları müşahidə edəcəyik: piyada, velosipedçi, ictimai nəqliyyat və fərdi nəqliyyat. Qanun layihəsi Milli Məclisə təqdim olunub, komitələrdə müzakirə edilir. Yəqin ki, gələcəkdə plenar iclasda qəbul ediləcək, təsdiq olunacaq, qüvvəyə minəcək və biz bundan sonra daha nizamlı bir şəhərə sahib olacağıq”.

Hüquqşünas Ərşad Hüseynov isə bildirib ki, cərimələr sonuncu dəfə 11 ay bundan öncə artırılıb. Onun sözlərinə görə, cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil: “Yol hərəkəti sahəsində bəzi cərimələrin artırılması və bəzi yeni cərimələr müəyyən edilməsi ilə bağlı layihə barədə məlumatlar yayılır. Layihələr hələlik ortada olmasa da, söhbətin rəsmi olduğu şübhə doğurmur. Bu sahədə sonuncu dəfə 2023-cü ilin iyulunda, yəni bir ildən də az müddətdə bəzi cərimələr artırılıb. Cərimələrin belə tez-tez artırılması heç də yaxşı hal deyil. Əsas hədəf tam hüquqi müəyyənliyin və bundan sonra məsuliyyətin labüdlüyünün təmin edilməsi, insanlarda yüksək hüquq mədəniyyəti və məsuliyyətli davranış tərzinin formalaşdırılması olmalıdır”.

Hüquqşünas deyib ki, bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var: “Artırılan cərimələrin bəziləri hazırda 10 manatdır. Bunun artırılmasını (20 manat olacağı deyilir) başa düşmək olar. Amma ötən il 60 manatdan 80 manata qaldırılan cərimənin bir il sonra 100 manata qaldırılmasını iqtisadi və hüquqi olaraq əsaslandırmaq mümkün deyil. Yaxud sürücülük hüququ olmadan idarə etmənin cəriməsinin 100 manatdan 200 manata qaldırılacağı deyilir. Maraqlıdır, görəsən kimlər 100 manata əhəmiyyətsiz baxırlar ki, belələrini bu xətadan çəkindirmək üçün bu cəriməni iki dəfə artırmaq zərurəti var? Bəzi cərimələrin tətbiqindəki qeyri-müəyyənliyi və mübahisələri aradan qaldırmaq üçün yol hərəkəti qaydalarında da ciddi dəyişikliklərə ehtiyac var”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR