Onlayn ictimai-siyasi qəzet
Hüquqşünas deyir ki, həm sosial, həm də psixoloji amillər nəzarətə alınmalıdır, habelə...
Son günlərdə insanların aqressiv davranışlarının acı nəticələrini müşahidə edirik. Ümumiyyətlə, cəmiyyətşünaslar xeyli vaxtdır bildirir ki, Azərbaycan cəmiyyətində aqressiya aşırı həddədir, insanlar heç nəyin üstündə dalaşır, bir-birinə xəsarət yetirir, öldürür və s.
Son vaxtlar baş verənlər - bıçaqlanmalar, qətl hadisələri, hüquq-mühafizə orqanları əməkdaşlarına qəsd, baş həkimin otağının yandırılması, qadınların bıçaqlaşması və s. hadisələr buna nümunədir. Cəmiyyət niyə aqressivdir? Burada sosial problemlər, məmur-vətəndaş münasibətləri, psioxloji səbəblər hansı rolu oynayır? Və çıxış yolu nədir?
Müşahidələr göstərir ki, böyük maarifləndirmə kampaniyalarının başlanması zərurəti var. Bəs bunu kim etməlidir?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, cəmiyyətdə münasibətlərin aqressiv şəkil alması bir neçə amillə bağlıdır: “Aqressiyanın səbəblərini insanlarımızın yaşam tərzində, təlim tərbiyəsində axtarmaq lazımdır. Ümumilikdə isə insanların aqressivliyini şərtləndirən əsas amillərdən biri, elə birincisi maddi vəziyyətlərinin aşağı səviyyədə olmasıdır. Uşaq evdə adi dondurma istəyir, atanın da almağa pulu yoxdur. Uşaq gəzməyə, dağa, bağa, dənizə getmək istəyir, valideynin isə maddi imkanı buna imkan vermir. Şəhər nəqliyyatındakı xaosa bərabər durum, bir tərəfdən də havanın boğucu istisi insanlarda aqressiv durumu formalaşdırır. İmkanı olsa, belə deyək də, kefi kök olsa, niyə aqressiv olsun ki? Bütün bəlaların kökündə imkansızlıq dayanır. Bundan başqa, orta məktəblərdə valideynlərlə iş düzgün qurulmayıb. Bu günün şagirdi otuz il əvvəlin şagirdi deyil. Dövr, dəyərlər dəyişib. Cəmiyyət günü-gündən mürəkkəbləşir, aqressiya artır. Bunu görə də cəmiyyəti başlı-başına buraxmaq olmaz. İnsanların sosial durumları daim nəzarətdə olmalıdır. Savadlı sosioloqlar yetişdirilməlidir ki, onlar mütəmadi olaraq insanlarla ünsiyyətdə olsun, problemlərlə maraqlansın, düzgün yol göstərsinlər. Təhsil sistemində xeyli dəyişikliklər edilməlidir”.
Natiq Ələsgərov deyib ki, birinci sinifdən başlayaraq uşaqlara insanpərvərlik, humanizm kimi prinsiplər aşılanmalıdır: “Uşaqlar bu ruhda tərbiyə olunmalıdır. Məktəblər bu məsələdə valideynlərlə birgə çalışmalı, valideyn özü də maariflənməlidir. Cəmiyyətdə nəzarət gücləndirilməlidir. Bütün məkanlarda kameralar quraşdırılmalıdır. Təhlükəsizlik tədbirləri gücləndirilsə, qətl hallarının da qarşısı alınar. Tutalım, məşqçidirsə, idman zalında hərəkətlərini tənzimləyər, kobud, aqressiv, vəhşi hərəkətlərə yol verməz. Eləcə də digər məkanlarda. Bu çox vacib məqamdır. Azərbaycanda təhlükəsizlik məsələləri çox vaxt diqqətdən kənarda qalır. İşə götürülən şəxsin sosial, psixoloji durumu yoxlanılmalıdır. Bununla bağlı xüsusi komissiya yaradılmalı, müəyyən sənədlər yoxlanılmalıdır. Bilinməlidir ki, tutalım, bu müəllimi sinfə buraxmaq olar, ya olmaz. Bu məmuru vətəndaşla işləməyə məsul etmək olar, olmaz. Artıq cəmiyyət bunu tələb edir. Koronavirusdan sonra cəmiyyətdə psixoloji problemi olan insanların da sayı artıb. Televiziyalar bu yöndə maarifçiliklə məşğul olmur. Qəzetlər yazır, amma geniş auditoriya üçün televiziyaların müstəsna rolu var. Telekanallarda yayımlanan verilişlər ailə münaqişəsi problemini qızışdırır, tərbiyələndirmir”.
Natiq Ələsgərov deyib ki, bəzi alimlər aqressivliyin artmasını planetar dəyişikliklərlə izah edirlər: “Dünyada müharibə ocaqları artır, qan tökülməsi adi hala çevrilir. Bir müddət belə davam edəndən sonra isə dinc bir periodun olacağı proqnozlaşdırılır. Digər bir nəzəriyyəyə görə isə dövlətlərin davranışları ilə bağlıdır. Qeyd olunur ki, dövlətlər aqressiv tövr nümayiş etdirəndə, bu, nəticədə insanlara da sirayət edir. Əks-proses olanda isə əhalidə də sakitləşmə, mülayimləşmə prosesi gedir. Dövlətlərin halı - aqressivliyi artanda cəmiyyətdə də belə bir proses başlayır. Müşahidə etdiyimiz qəddarlıqların kökünü bu istiqamətdə axtarmalıyıq. Üstəlik, mətbuatda, telekanallarda, sosial şəbəkələrdə aqressivliyin təbliği olan filmlər, xəbərlər, verilişlər davamlı şəkildə diqqətə çatdırılır. Bütün bunlar son nəticədə fərdlərin şüuruna təsir edir, adiləşmiş qəddarlıq fərdin fərdi öldürməsi, ona ölümcül zərbə endirməsi ilə sonunclanır”.
Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ