Onlayn ictimai-siyasi qəzet
Ramiz Mehdiyevin başçılığı altında rus agentlərinin ifşası yaxşı haldır, dəstəkləyirəm, alqışlayıram, ancaq bir məsələ hələlik mənə qaranlıq qalır: başqa dövlətin casusu nə üçün bizim Təhlükəsizlik Şuramızın üzvü olaraq saxlanmaqdadır? Əgər orfdakı iclasların stenoqramını Kremlə satsa, dövlət sirlərimizi agenti olduğu dövlətə ötürsə, bundan dövlətçiliyimizə zərər dəyməzmi? Hesab edirəm əlaqədar orqanlar bu istiqamətdə tezliklə tədbir görər (hətta qəzet çapa gedənəcən olsa lap yaxşı olar - hər saniyənin hökmü var, bəzən casuslar məxfi tapşırıq yazılan kağızları ələ keçməmək üçün yeyirlər).
Eyni şey adı hallanan o biri yoldaşlara da aiddir. İçlərində çoxlu sayda eks-nazirlər vardır. Əbülfəs Qarayev, Elmar Məmmədyarov, Eldar Mahmudov, Azad Rəhimov və sairə. Rəhimovu anladıq, ölüb və canını qurtarıb, bəs qalanları? Doğrudan da bu adamların şpionaj fəaliyyəti varsa, niyə çağırıb ifadələrini almırlar? Casusun da kasıbı-varlısı, arxalısı-yiyəsizi olurmu? Axı hansısa sadə vətəndaş, müxalifətçi jurnalist, yutub-bloger haqda belə iddialar çıxsa, çoxdan tutub içəri salardılar.
Ola bilsin hökumət, hüquq-mühafizə orqanları səbr edir, müəyyən prosesləri gözləyir. Belə şeyləri casus filmlərində görmüşük. Hansısa casusu aşkar edirlər, lakin tutmurlar, gözləyirlər bütün şəbəkə ələ keçsin. Bunun üçün izləmə aparılır, gizli mənzillər, görüş yerləri nəzarətdə saxlanılır və sairə. Məndə olan məlumata görə, hüquq-mühafizə orqanlarımız Ramiz müəllimin Rusiyaya işlədiyini hələ 1989-cu ildən aşkar ediblər, o vaxtdan bəri zati-aliləri nəzarət altındadır, bütün addımları, nə yeyib-içdiyi, kiminlə görüşdüyü, hətta hansı toya neçə rubl nəmər yazdırmasına qədər qeydiyyata alınır. İnşallah, tezliklə ədalət qılıncının zərbəsini görəcəyik. Yiyəsizlik deyil ki. Hökumətlə hökumətlik eləmək olmaz. “Rus evi”nin dünən dağıdılması da qəlbimizə su səpdi. Hətta mən güman edirəm rəhmətlik Vəfa Quluzadənin dediyi “Rusiya dağılacaq” proqnozu məhz Bakıdakı o ilan yuvasından başlayacaqdır.
Yiyə demişkən, son günlər ədəbi-bədii ictimaiyyətdəki proseslər də xalqımızı narahat edir. Səməd Vurğunun ifşasından sonra hörmətli Əlisa müəllim klassiklərin bütlərini yıxmaqda davam edir və növbə nə az, nə çox, Nizami Gəncəviyə çatıb. Əlisa müəllim Nizami haqda elə söz deyib ki, açığı, mən onu burada təkrar yaza bilmirəm. Cəsarətim çatmır. Lakin gəl gör buna görə Əlisa Nicata qarşı çıxan oldumu? Belə çıxır gəncəlilər qazaxlılar qədər millətçi deyildir, öz şairlərinə yiyə durmaq istəmirlər.
Eyni zamanda yazıçı Elxan Elatlının AYB-dən xeyir görmədiyi ortaya çıxıb. Nə üzvlüyə qəbul ediblər, nə medal, ev, pensiya veriblər. Bu da qəribə haldır, çünki Elxan Elatlının satılan kitablarını üst-üstə yığsan AYB altında qalar. O cümlədən AYB sədri Anar müəllimin hələ Sovet dövründə zorla basılan tirajlarını da toplasan Elxan Elatlının bir romanının tirajı qədər eləmir. Lakin adam nə AYB üzvüdür, nə oradan qara qəpik görüb. Bu ona bənzəyir ki, Müslüm Maqomayevin bulvardakı heykəlini qoparıb yerinə Röyanın büstünü qoyasan. Əslində yaxşı olardı Anar müəllimin yerinə AYB sədrliyinə Elxan Elatlı keçsin. Detektiv yazır, şairlərin hansının hansı yuvanın quşu olduğunu bilir. Özü də vaxtilə məktəb direktoru olubmuş, idarəçilik anlayışı var.
Yazını Nazim Hikmətin şeirindən Ramiz Mehdiyevə aid sitatla bitirirəm:
İnsan olan vatanını satar mı?
Suyun içip ekmeğini yediniz.
Dünyada vatandan aziz şey var mı?
Beyler bu vatana nasıl kıydınız?
12 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ