Onlayn ictimai-siyasi qəzet
Türk Dövlətləri Təşkilatına (TDT) üzv olan ölkələrinin ticarət dövriyyəsinin ümumi həcmi 42 milyard ABŞ dolları dəyərindədir və bu göstəricinin artırılması üçün potensial var.
"Report " xəbər verir ki, bunu Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı bu gün Bakıda keçirilən Türk Dövlətləri İqtisadi Forumunda deyib.
Səfir vurğulayıb ki, bu təşkilat üzv ölkələr arasında iqtisadi, ticarət əlaqələrinin inkişafına töhfə verir.
Onun sözlərinə görə, dünən Azərbaycan, Qazaxıstan və Özbəkistan enerji sistemlərinin birləşdirilməsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıb: "Onların əməkdaşlığı bölgənin dəyərli və strateji əhəmiyyətə malik olduğunu bir daha göstərdi".
C.Bağçı əlavə edib ki, Türkiyə müdafiə sənayesi çox inkişaf edib: "Bu istiqamətdə yüksək texnologiyalara əsaslanan məhsullar istehsal edirik. Bu üstünlük Türk Dövlətləri Təşkilatı arasında əməkdaşlığı gücləndirə bilər".
Səfir hesab edir ki, bu forum təşkilata üzv olan ölkələr arasında iqtisadi əlaqələri təşviq edir: "Bununla yanaşı, investisiya yatırımlarını da genişləndirməliyik".
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında hərtərəfli əməkldaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 2009-cu ilin 3 oktyabr tarixində Naxçıvan şəhərində keçirilən Zirvə Görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən 2012-ci ilin 1 noyabr tarixində yaradılıb. Təşkilat yaradılarkən adı “Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ)” olub. 2021-ci ildə təşkilatın adına dəyişiklik edilmiş və hazırda “Türk Dövlətləri Təşkilatı” adı ilə fəaliyyətini davam etdirir.
Azərbaycan Respublikası təşkilatın 4 təsisçi ölkəsindən biridir və hazırda təşkilatın 5 üzv dövləti var: Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyə. Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası isə təşkilatda müşahidəçi statusa malikdir. Təşkilatın mənzil-qərargahı Türkiyənin İstanbul şəhərində yerləşir.
28 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ