Onlayn ictimai-siyasi qəzet
Dekabrın 4-ü Buxarest Universitetinin, Buxarest Şəhər Muzeyinin və Azərbaycan Respublikasının Rumıniyadakı Səfirliyinin təşkilatçılığı ilə Buxarest Parlament Sarayının Təhsil Komitəsi zalında “Şəhər antropologiyası” jurnalının Qafqaz regionuna (Azərbaycan və Gürcüstan) həsr olunmuş oktyabr sayının təqdimatı keçirilib.
Jurnalda dərc olunmuş Azərbaycan mədəniyyətini, adət-ənələrini, ümumilikdə mədəni irsimizi müxtəlif aspektlərdən araşdıran elmi məqalələr Azərbaycan Dillər Universitetinin, Bakı Mühəndislik Universitetinin müəllim və professor heyəti tərəfindən hazırlanıb. Həmçinin jurnalda Buxarest Universitetinin Dillər fakültəsinin professoru Katalin Konstantin tərəfindən çəkilmiş Bakının və ölkəmizin müxtəlif regionlarının foto-görüntüləri də yer alıb. Xatırladaq ki, jurnalın təqdimatına həsr olunmuş konfransın əsas mövzusu “İpək Yolu səlnaməsi: ipək istehsalı və ticarətinin inkişafında Azərbaycanın rolu” olub.
Tədbirdə çıxış edən Katalin Konstantin jurnalın hazırlanması prosesində Azərbaycan, Gürcüstan və Rumıniyadan olan müəlliflərin birgə fəaliyyətinə toxunub, hər iki ölkənin mədəniyyəti, tarixi və adət-ənənələrinin öyrənilməsi üçün əməkdaşlığın gələcək perspektivlərindən danışıb.
Rumıniya XİN-in departament rəhbəri, Rumıniyanın Azərbaycanda keçmiş səfiri Dan Yanku çıxışında qeyd edib ki, Azərbaycanın şəhər memarlıq nümunələri xalqımızın tarixini və özünəməxsus mədəniyyətini təzahür edir. O, Buxarest Universitetinin Dillər fakültəsinin professoru Katalin Konstantin tərəfindən bu abidələri araşdıraraq, jurnalın oktyabr sayına əlavə etdiyini, bununla Cənubi Qafqazın memarlıq antropologiyası barədə gələcəkdə istifadə ediləcək elmi məqalələrin toplusunu ortaya gətirdiyinə görə ona təşəkkürünü bildirib. O, həmçinin Azərbaycan və Rumıniya xalqlarının mədəni cəhətlərinin oxşarlığını qeyd edərək, onların milli mətbəx, xalçalıq və memarlıqda əks olunduğunu vurğulayıb.
Səfir Qüdsi Osmanov çıxışında jurnalın yaradıcılarına təşəbbüsə görə xüsusi minnətdarlığı bildirərək, jurnalda dərc edilən məqalələrin ölkəmizin Rumıniyada daha yaxşı tanınmasına əlavə töhfə verəcəyinə əminliyini ifadə edib. Azərbaycan ilə Rumıniya arasında münasibətlərdən söz açan diplomat, ölkələrimiz arasında bütün sahələr üzrə əməkdaşlığın inkişaf etdiyini vurğulayıb. Tədbirin mövzusuna toxunan səfir hələ 90-cı illərdə Ulu öndər Heydər Əliyevin tarixi İpək Yolunun bərpası ilə bağlı təşəbbüsünə qoşulan Rumıniyanın keçən 30 il ərzində Azərbaycan tərəfindən irəli sürülən bütün beynəlxalq və regional layihələrə dəstək nümayiş etdirdiyini bildirib. Diplomat Azərbaycan, Gürcüstan və Rumıniyanı Şərqdən Qərbə uzanan qlobal yolun vacib bir hissəsi adlandırıb.
Tədbirdə Azərbaycan Dillər Universitetinin Regionşünaslıq kafedrasının müdiri Sevdagül Əliyeva və Təhsil 2 fakültəsinin dekanı Salman Nuriyev çıxış ediblər. Onlar Azərbaycanda ipək mədəniyyətinin tarixi, İpək Yolu boyunca yerləşən xalqlar və ölkələr arasındakı ticarət və iqtisadi münasibətlər, o cümlədən müasir dövrdə gərçəkləşən “İpək Yolu İqtisadi Kəməri” layihəsi barədə danışıblar.
Tədbirdə Gürcüstanın Rumıniyadakı Səfirliyinin və Rumıniyada yaşayan Gürcüstan ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Sonda qonaqlar ölkəmizin inkişafına həsr olunan sərgi ilə tanış olublar.
04 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ