Onlayn ictimai-siyasi qəzet
Bursanın Orhaneli, Kestel və Gürsu rayonlarında eyni vaxtda meşə yanğınları başlayıb.
Musavat.com Türkiyə mediasına istinadən xəbər verir ki, Orhanelidəki yanğın səbəbindən Harmancık rayonunda elektrik enerjisi kəsilib. Alovun qarşısını almaq üçün bölgəyə yüzlərlə canlı qüvvə və texnika cəlb olunub.
Yanğın ilk olaraq saat 16:00 radələrində Orhaneli rayonunun Harmancık yolu üzərində yerləşən Meyran adlı ərazidə qeydə alınıb. Ağaclar arasından qalxan tüstünü görən sakinlərin məlumatı əsasında əraziyə yanğınsöndürmə briqadaları cəlb edilib.
Hadisə yerinə axışan yanğınsöndürmə qrupları alovla mübarizəyə başlasa da, küləyin güclü olması yanğının daha sürətlə yayılmasına səbəb olub. Ərazidə təhlükəsizlik tədbirləri gücləndirilib, Orhaneli-Harmancık yolu jandarma tərəfindən nəqliyyata bağlanıb.
Yanğının yaxınlığında yerləşən məhəllələrdə səsgücləndirici ilə vətəndaşlardan könüllü yardım istənilib.
Bölgədə ikinci meşə yanğını saat 17:30 radələrində Kestel rayonunun Ağlaşan məhəlləsi yaxınlığında baş verib.
Hazırda yanğına həm havadan, həm qurudan müdaxilə olunur.
Gürsu rayonundan da meşə yanğını xəbəri gəlib. Əraziyə müvafiq qurumların qüvvələri cəlb olunub.
Ən dramatik görüntülərdən biri isə alovların iki yerə ayırdığı magistral yolda yaşanıb. Fermerlər və yanğınsöndürənlər alovun ortasında qalıb. Görmə məsafəsi və əlaqə tamamilə itib.
Musavat.com
27 Iyul 2025
ŞƏRHLƏRŞƏRH YAZ