Onlayn ictimai-siyasi qəzet
Məlum olduğu kimi bu ilin buraxılış imtahanlarının tarixi bəlli olub. Belə ki, DİM-in yaydığı məlumata görə tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək.
Ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı isə üç zona üzrə 13, 20 və 27 aprel tarixlərində təşkil olunacaq.
Bir sıra təhsil ekspertləri buraxılış imtahanlarının mart və aprel ayında keçirilməsini birmənalı qarşılamır.
Musavat.com bildirir ki, təhsil eksperti Kamran Əsədov məsələyə bu cür mövqe bildirib:
"Mart ayında keçirilən buraxılış imtahanlarından sonra 11-ci siniflərdə dərs prosesi demək olar ki, tamamilə pozulur. Şagirdlər üçün buraxılış imtahanı ümumtəhsil mərhələsinin yekun qiymətləndirməsi kimi qəbul edilir və bu imtahandan sonra onların tədris prosesinə marağı kəskin şəkildə azalır. Əksər hallarda şagirdlər məktəbə yalnız formal şəkildə gəlir və dərslərdə iştirak etsələr belə, onların dərsə diqqəti və aktivliyi minimuma enir. Bu hal sinif rəhbərləri və fənn müəllimləri üçün də ciddi çətinliklər yaradır, çünki artıq tədris mühitində şagirdlərin öyrənmə marağını qorumaq mümkün olmur.
Mart imtahanından sonra sinif rəhbərlərinin öhdəlikləri isə formal olaraq qüvvədə qalır. Şagirdlərin dərslərə davamiyyətinin təmin olunması, məktəbə gələnlərin inzibati qeydiyyatı və davranış məsələləri sinif rəhbərinin üzərində qalmağa davam edir. Lakin real vəziyyət ondan ibarətdir ki, şagirdlər dərs prosesindən kənarda qalır, bəzi hallarda isə ümumiyyətlə məktəbə gəlmir. Bu isə məktəblərin resurslarının və müəllimlərin vaxtının səmərəsiz istifadəsinə gətirib çıxarır".
Ekspert qeyd edir ki, aprel, may və iyun aylarında 11-ci siniflərdə dərs mühiti pozulduğundan tədris proqramlarının icrası formal xarakter alır:
"Şagirdlərin motivasiyasızlığı və məktəbə gəlməməsi tədrisin keyfiyyətinə birbaşa təsir göstərir. Müəllimlər tədris proqramını bitirsələr belə, şagirdlərin öyrənmə nəticələrinin effektivliyinə nail olmaq mümkün olmur. Bundan əlavə, məktəbdə qalan azsaylı şagirdlər arasında intizam problemləri yaranır, çünki buraxılış imtahanını artıq verdiklərini və tədris ilinin faktiki olaraq başa çatdığını düşünən şagirdlər məktəb qaydalarına riayət etməkdə də passivlik göstərir.
Bu vəziyyət həm təhsil sisteminin məntiqinə, həm də resursların səmərəli istifadəsinə uyğun gəlmir. Mart ayında keçirilən buraxılış imtahanı şagirdlər üçün “yekun” kimi qəbul edildiyindən, onların sonrakı aylarda məktəbə gəlməsi tədris prosesinin formal davamından başqa bir şey deyil. Təhsil sisteminin bu problemi həll etməsi üçün ya buraxılış imtahanlarının tədris ilinin sonunda keçirilməsi, ya da mart ayında imtahan verdikdən sonra 11-ci sinif şagirdlərinin məktəbə gəlmə öhdəliyinin aradan qaldırılması kimi tədbirlər nəzərdən keçirilməlidir".
Kamran Əsədovun fikrincə, əks halda, mövcud praktika təhsil prosesində intizam və keyfiyyət problemlərini daha da dərinləşdirəcək.
Xalidə Gəray
Musavat.com
12 Yanvar 2025
11 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ