İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bunu məndən başqa heç kim etməyəcək...” – Paşinyanın Bakıdan İLGİNC istəyi

Vaxtaşırı ziddiyyətli açıqlamaları ilə gündəmə gəlməyi xoşlayan Ermənistan baş naziri Nikol Paşinyanın “sülh formulu”nun konkret nədən ibarət olduğunu yəqin ki, özündən savayı heç kim bilmir. Maraqlıdır ki, dünən o, vaxtilə “müridi” olduğu sabiq prezident Levon Ter-Petrosyanı və onun partiyasını da 1998-ci ildə Bakıya etdiyi “torpaq əvəzinə sülh” təklifində səmimi olmamaqda qınayıb.

Başqa sözlə, öz “mürşidi”ni də qeyri-konstruktiv ölkə başçısı kimi damğalayıb.

Yada salaq: Ter-Petrosyanın təklifinə görə, birinci mərhələdə Azərbaycanın işğal olunmuş ərazilər boşaldılır, Dağlıq Qarabağın statusu isə sonrakı mərhələyə saxlanılırdı. Beləcə, separatçılar üçün “müstəqillik” şərti aradan qalxırdı. Məhz bu səbəbə Levon Ter-Petrosyan qısa zamanda Qarabağ klanı, Köçəryan-Sərkisyan tandemi tərəfindən və əlbəttə ki, Moskvanın “dobro”su ilə hakimiyyətdən salınmışdı...

İndi bəlli olur ki, 44 günlük müharibəyədək (2020) erməni rəhbərləri arasında ən ağıllısı elə Ter-Petrosyan olub, nəinki “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol Paşinyan, yaxud “torpaq əvəzinə torpaq” deyib-duran digər maksimalist-ifratçı erməni prezidentlər. Bu da Paşinyanın özündən acı etiraf.

“2018-ci ildən (“məxməri inqilab”dan sonra – red.) Qarabağla bağlı ən böyük problem ondan ibarət idi ki, 2018-ci ilin aprelinə artıq belə vəziyyət yaranmışdı ki, biz istər-istəməz ya güzəştlər yolunu tutmalı idik, ya da müharibə. Onda özümə sual verdim: yaxşı, tutaq ki, bir güzəştə getdik, güzəşt prosesi harda dayanacaq?”

Sitat Paşinyanın parlamentdəki son çıxışındandır.

Onun sözlərinə görə, o zaman bunu qəbul edib bağlı qapılar arxasında demək lazım idi ki, “Qarabağ Azərbaycanın tərkibində muxtariyyət kimi tanınmalıdır, o məntiqlə ki, bu, təkcə erməni yox, birgə idarəçilikli Azərbaycan bölgəsidir”.

Güzəştlərin sərhədi məsələsinə bir az da aydınlıq gətirən Nikol ardınca bildirib: “Güzəştlərimizin sərhədi 29 743 kvadrat kilometr olmalıdır (Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisi - red.). Başa düşürəm ki, o vaxt belə bir şey söyləməyə heç dilim də gəlməzdi. Mən özüm özümü buna inandıra bilmədim. Və bu, mənim ən böyük səhvim və fiaskomdur. Dövlət xadimi anlamalı idi ki, bütün bunları öz üzərinə götürməlidir. Bu gün mən bunu edirəm. Bunu məndən başqa heç kim etməyəcək. Bu mənim borcumdur”.

Erməninin sonrakı ağlı. Əgər ümumiyyətlə onların kəllə qutularında “ağıl” adında nəsə varsa...

Rəsmi Bakı konfliktin dinc həlli üçün illər boyu qarşı tərəfə nələr təklif eləmədi ki? Ən yüksək muxtariyyət (öz polis qüvvəsi ilə), transmilli neft-qaz kəmərlərinin Ermənistandan keçməsi (böyük tranzit gəlirləri, ucuz qiymətə neft-qaz almaq şansı), cırtdan ölkəyə böyük sərmayə yatırımları ilə bağlı vəd, daha nələr, nələr. O sırada Ərdoğan hökuməti ermənilərə hətta işğal altındakı ikicə rayonumuzun boşaldılması qarşılında sərhədləri aça biləcəyini bəyan eləmişdi.

Lakin mənfur və işğalçı-maksimalist qonşular “biz borunu Qarabağa dəyişmirik” deyib göylə getməyə davam etdilər. Nəticə bəlli. Yekun A.S.Puşkinin məşhur “Balıqçı və qızıl balıq nağılı”ndakı kimi oldu – haqq eləmədikləri hər şeyi itirib təzədən köhnə “daxma” ilə kifayətlənməli oldular. İndi də gileylənirlər ki, nəinki 2 rayon, bütün torpaqlar boşaldılıb, bəs Ankara sərhədləri niyə açmır?

Çünki torpaqlardan xoşluqla çıxmadınız, bizi yeni şəhidlər verməyə vadar elədiniz, bizi həddən-ziyadə çox incitdiniz. Çünki “Dəmir yumruq”dan sonra da toplum olaraq özünüzü ağıllı apara, Türkə nifrətdən qurtula bilmirsiniz. Azərbaycan və Türkiyə ilə sülh müqavilələri imzalayıb barıt qoxulu konstitusiyalarını beynəlxalq hüquqa uyğunlaşdırmağa tələsmirsiniz. Üstəlik, altdan-altdan revanşist planlar qurursunuz...

Odur ki, sual yaranır: Paşinyan indi də tələsməməklə səhvə yol vermir ki? “Bunu məndən başqa heç kim etməyəcək” deməklə o, Bakıya nəyin mesajını verir, əlavə möhlətmi istəyir? Axı daha nə qədər? Axır ki, adekvat, “5-ci nöqtəsi” ilə deyil, başı ilə düşünən normal bir erməni çıxıb sülh-barışıq sənədləri imzalamalıdır, ya yox?

Məntiqlə erməni cəmiyyəti sülh istəyirsə, müharibədən, qırğından, rəzil və miskin həyatdan bezibsə, o zaman Paşinyan həqiqi mənada Ermənistanın taleyini müəyyən edəcək, onu bataqlıqdan çıxaracaq iki qonşu dövlətlə sülh anlaşmaları imzalamaqdan niyə qorxsun ki? Qorxursa, deməli, əmin deyil ki, onun xalqı sülh, dinclik, əmin-amanlıq, rifah arzulayır. Ya da özü istəmir, oyun oynayır.

Hansı ehtimal doğrudur? Bunu 2024-də dəqiq biləcəyik. Bu il yerdə qalan bütün “i”lərin üzərində nöqtə qoyulacaq. Qoyulmalıdır...

Siyasət şöbəsi,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR