İnsanlara hürriyət, millətlərə istiqlal!

Buğda istehsalına daha bir dəstək - NK-dan qərar

Dövlət suvarma sistemləri üçün götürüləcək kreditlərə zəmanət verəcək

Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, 2023-cü ilin ilk dörd ayında ölkəyə xaricdən əsasən Rusiyadan olmaqla 409.038 min ton (124 milyon dollarlıq ) buğda idxal edilibsə, cari ildə bu rəqəm 266 min 609 tona (59.697 milyon dollar) düşüb. 

Buğdanın bir tonu 2023-cü ilin birinci rübündə Azərbaycana 303 dollara başa gəldiyi halda, cari ildə bu rəqəm 224 dollara qədər azalıb. Maraqlıdır ki, idxalçılar belə əlverişli qiymət şərtlərindən istifadə edərək buğda alışını artırmaqdansa, azaldırlar.

Rəsmi statistikaya əsasən, 2023-cü ildə ölkədə 1 milyon 833,8 min ton buğda istehsal edilib, məhsuldarlıq 33,8 sentner olub. Bu il üçün Azərbaycanda həm payızlıq, həm də yazlıq buğda əkinlərinin sahəsində azalma diqqəti cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkədə 598,3 min hektar sahədə payızlıq buğda əkilib ki, bu da əvvəlki illə müqayisədə 9,9 faiz azdır.  Bundan əlavə, 2023-cü ildə yazlıq buğda əkinləri 4 799,2  ha olubsa, bu il cəmi 584,3 ha sahədə belə əkin aparılıb. Azərbaycan ərazisi qlobal iqlim dəyişikliyinin təsirinə ən çox məruz qalanı ölkələrdən biridir. Rəsmi məlumata əsasən, 2020-ci ildə 68.6 min ha, 2021-ci ildə 42.2 min ha, 2022-ci ildə 101.4 min ha və 2023-cü ildə 178.3 min ha sahədə əkinlər quraqlıq səbəbindən tamamilə məhv olub. Bu isə müasir və qənaətli suvarma sistemlərinin tətbiqini son dərəcə aktuallaşdırır. 

Prezident İlham Əliyevin 2022-ci ilin iyulunda imzaladığı fərmanla pivot suvarma sisteminin tətbiqi ilə keyfiyyətli ərzaqlıq buğda istehsal edən fermerlərə hər tona görə stimullaşdırıcı subsidiya müəyyən edilib. Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Subsidiya Şurasının qərarı ilə 2024-cü il üzrə bu subsidiyanın həcmi 100 manat olaraq müəyyənləşdirilib. 

2023-cü ildə Azərbaycanda müasir suvarma sistemi olan sahələr cəmi 98,5 min hektar təşkil edib. Bu, 1,5 milyon hektarlıq ümumi əkin sahələrinə nisbətdə çox cüzi bir göstəricidir. Hesablamalara görə, 150 min ha sahədə müasir suvarma sistemi və texnologiyaların tətbiq olunması ilə buğda yetişdirməklə, Azərbaycanda ərzaqlıq buğda təminatını ərzaq təhlükəsizliyini təmin edəcək səviyyəyə çatdırmaq mümkündür. 

Azərbaycan hökuməti bu məqsədə çatmaq üçün növbəti dəstək mexanizmini işə salır. Belə ki, iyunun 5-də Nazirlər Kabineti ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlamış sahibkarlıq subyektlərinə müasir suvarma sistemlərinin alınması üçün kredit təşkilatlarının öz vəsaitləri hesabına veriləcək kreditlər üzrə dövlət zəmanətinin verilməsi Qaydasını təsdiqləyib.

Qaydanın tətbiqi müasir suvarma sisteminin alınmasına özəl bankların vəsaitlərinin cəlb olunmasına imkan verəcək. Belə ki, qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə veriləcək 280 (iki yüz səksən) milyon manat kredit portfeli 168 (yüz altmış səkkiz) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir. Dövlət zəmanəti Maliyyə Nazirliyi ilə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi arasında bağlanılan “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.

Maliyyə Nazirliyi “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirməlidir.

Qaydaya uyğun olaraq verilən dövlət zəmanəti 2028-ci il yanvarın 1-dək dövlət zəmanəti verilərək bağlanılmış bütün kredit müqavilələrinə şamil edilir. Dövlət zəmanəti Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaitindən istifadə Qaydası”nın tələblərinə uyğun olaraq verilir.

Dövlət zəmanəti qaydanın tələbinə cavab verən kreditlərə Maliyyə Nazirliyi tərəfindən bu qaydaya əlavə - “Ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərərək fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir. AKİA dövlət zəmanətindən istifadə edilməsi barədə Maliyyə Nazirliyinə rübdə 1 (bir) dəfə hesabat verir. Hesabatın forması Maliyyə Nazirliyi tərəfindən təsdiq edilir. Hər bir kredit təşkilatı üçün onun müraciəti əsasında AKİA limit müəyyən edir. Kredit təşkilatının müraciəti əsasında 30 (otuz) təqvim günü müddətində AKİA-nın qərarı ilə ona əlavə limit müəyyən edilə bilər. Kredit təşkilatı tərəfindən istifadə edilməmiş limit AKİA-nın qərarı ilə azaldıla və ya ləğv edilə bilər. Dövlət zəmanəti verilmiş kredit vəsaitindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməlidir. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası müvafiq olaraq bu qaydaya uyğun həyata keçirilir.

Kredit təşkilatı dövlət zəmanəti verilməsinə görə AKİA-ya birdəfəlik, geri qaytarılmayan zəmanət və illik komissiya haqları ödəyir.

Dövlət zəmanəti verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, kredit təşkilatının dövlət zəmanəti üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə kredit təşkilatı ödəniş tələbini bu qaydada göstərilən sənədlərlə birlikdə irəli sürmədikdə zəmanət qüvvəsini itirir. Sənədlər tam və ya düzgün təqdim edilmədikdə, çatışmazlıqların 5 (beş) iş günü müddətində aradan qaldırılması üçün kredit təşkilatına məlumat verilir. Bu müddətdə çatışmazlıqlar aradan qaldırılmadıqda zəmanət qüvvəsini itirir. Dövlət zəmanəti üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin ümumi kredit məbləğinə nisbəti həcmində (borcun qalıq məbləği həmin nisbətə vurularaq) hesablanır.

Bir kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə AKİA-ya daxil olan vəsait çıxılmaqla) və kredit təşkilatının cari ödəniş tələbinin ümumi məbləği AKİA-nın həmin kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizini keçdikdə, kredit təşkilatına verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bu zaman son 4 (dörd) ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır. Bir kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə AKİA-ya daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği AKİA-nın həmin kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizindən aşağı düşdükdə zəmanətlər üzrə ödənişlər bərpa edilir.

Dünya SAKİT,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Noyabr 2024

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR