İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu yaşda qadınlar doğuş zamanı ölə bilər - XƏBƏRDARLIQ

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Masallıda körpə ölümü qeydə alınıb. Belə ki, 17 yaşlı  Səfurə Qubadova doğuş üçün Masallı rayon mərkəzi xəstəxanasının ginekologiya və doğum şöbəsinə müraciət edib. Daha sonra ağrıları olan S.Qubadova doğuşa götürülüb. Doğuş zamanı çəkisi 2,8 kq olan ölmüş qız uşağı dünyaya gəlib. 

Yaxınları bildirir ki, uşağın ölümünə səbəb həkim səhlənkarlığıdır. Bəziləri isə məhz erkən nikahın faciəyə səbəb olduğu qənaətindədir. 

Bəs görəsən, erkən nikahın bu məsələdə rolu böyükdürmü? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan həkim mama-ginekoloq Arzu Məhərrəmova erkən nikahların tibbi baxımdan bir sıra fəsadlar törətdiyini bildirib. 

Mütəxəssis yeniyetmə hamilədə hansı ağırlaşmaların baş verə biləcəyinə aydınlıq gətirib: 

“Təbii ki, körpənin ölümü həm həkim səhlənkarlığı, həm də erkən nikah üzündə ola bilər. Ümumiyyətlə, biz erkən nikaha daxil olan qızlara və 35 yaşından yuxarı qadınlara doğmağı tövsiyə etmirik, çünki erkən nikahda orqanizm hələ fiziki olaraq tam formalaşmamış olur, istər çanaq üzvləri, istərsə də cinsi üzvlər bu yaşlarda hələ tam formalaşmadığı üçün təhlükə böyükdür. Hətta orqanizm tam formalaşmadığı üçün onlarda hamiləlik dövrü belə normal keçmir. Bu kimi hallarda hamiləliyin erkən toksikozu, ikinci toksikozu ilə nəticələnməsi ehtimalı çox yüksəkdir, erkən doğuş, uşaqsalma təhlükələri də var. 

Ona görə də biz erkən nikahı tövsiyə etmirik. Son zamanlar qohum nikahları ilə bağlı qadağalar tətbiq edildi, bu da bizi çox sevindirdi. Qohum evliliyi zamanı irsi xəstəlikləri daşıyan xromosomların görüşmə riski daha yüksəkdir”. 

A.Məhərrəmova qeyd edib ki, erkən nikah, bu yaşlarda doğuş və ya abort tam formalaşmamış qadın orqanizmi üçün təhlükəli ola bilər. Hamiləlik dövründə isə yetkinləşməyən qızlar və uşaqlar ölüm riski ilə üzləşə bilərlər:

“Həkim səhlənkarlığı isə hər zaman, dünyanın hər yerində olub, amma məhz sözügedən pasiyentdə günah həkim səhlənkarlığı, yoxsa erkən nikahdır məsələsini yəqin ki, səlahiyyətli orqanlar ətraflı araşdıracaq. 

Biz ginekoloq olaraq həmişə erkən nikahın əleyhinə olmuşuq. Bu qızlar həm fiziki, həm psixoloji olaraq ana olmağa hazır deyillər. Onlar doğuşdan sonra belə özlərini normal ana kimi aparmırlar. Uşağı əmizdirmək istəmir, düzgün bələməyi bacarmırlar, onlara ancaq ana və ya nənə kömək edir. Bu da nəticədə uşağı ana qayğısından uzaqlaşdırır. O yaşda normal doğuş qızın çəkisindən, boyundan asılıdır. Adətən 17-18 yaşlı qızlar özləri sərbəst doğa bilmirlər, doğuş qeysəriyyə ilə nəticələnir. Hətta özlər doğanda belə, çox zaman uşaq travma alır və bu da körpənin ölümü ilə nəticələnir”. 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR