İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu, Türkiyənin Şuşada konsulluq açmasından tez ola bilməz” - İlham İsmayıl

“Rusiyanın Xankəndidə konsulluq açması barədə Karasinin açıqlaması Rusiya dövlətinin mövqeyidir. Rusiya Fedrasiyasının Xankədidə konsulluq açması Azərbaycan üçün heç bir təhlükə yaradası deyil, əksinə, Xankəndinin suveren Azərbaycan ərazisi olduğunu qəbul etdiyinin göstəricisidir”.

Təhlükəsizlik üzrə ekspert İlham İsmayıl bunu Musavat.com-a Rusiya Federasiya Şurasının komitə sədri Karasinin Xankəndidə baş konsulluq açmaq niyyəti ilə bağlı açıqlamasını şərh edərkən bildirib.

Ekspert qeyd edib ki, hətta, 44 günlük müharibədən sonra Rusiya “Qarabağın statusunu gələcək nəsillər həll edəcək” deyib, Azərbaycanın ərazi bütövlüyünü şübhə altına salmağa çalışırdısa da, Xankəndidə konsulluq açmaqla ərazi bütövlüyümüzü tam tanıdığını bildirmiş oldu.

Bu açıqlamada arxa plan ola bilərmi?

İ.İsmayıl: “Burada iki istiqamət ola bilər. Bu açıqlama ilə Ermənistan cəmiyyətinə bildirmiş olur ki, Rusiyadan uzaqlaşdığınız üçün artıq Xankəndidə belə konsulluq açırıq və sabah ermənilər daha ciddi zərbələr ala bilər. Bununla erməni cəmiyyətində anti-Paşinyan ovqatını körükləməyi hesablayır. Eyni zamanda Türkiyənin Şuşada konsulluq açmasını qısqanclıqla qarşılayıb, Qarabağdan hərbi kontingentini çıxarsa da, diplomatik missiyasını davam etdirəcəyinə işarədir. Bir də, diplomatik strukturlardan adətən, kəşfiyyat məqsədləri üçün də istifadə edildiyindən, hesab edirəm ki, Rusiya kəşfiyyat məlumatları toplamaq üçün bu missiyadan yararlanmaq məqsədi güdə bilər. Burada isə xüsusi bir təhlükə olacağını hesab etmirəm. Konsulluğun adətən ştat heyəti məhdud olur və əks-kəşfiyyat tərəfindən əməliyyat nəzarətində olur”.

Ekspert əlavə edib ki, konsulluğun açılması heç də həmin ölkənin o yerdə vətəndaşlarının yaşaması və ya tez-tez gediş-gəlişi ilə bağlı olmur:

“Azərbaycanın Los-Ancelesdə konsulluğu var və bu o demək deyil ki, orada xeyli Azərbaycan vətəndaşı yaşayır və ya intensiv səfərlər edirlər. Sadəcə, erməni lobbisinin güclü olduğu bir ştatda maraqlarımızı təmin etmək istiqamətində diplomatik fəaliyyətə ehtiyac var. Rusiya da Cənubi Qafqazda təsirini qorumaq məqsədilə konsulluq açmağı məqsədəuyğun hesab edir. Onu da qeyd edək ki, bu məsələ tezliklə həll olunası deyil. Hər halda bu, Türkiyənin Şuşada konsulluq açmasından tez ola bilməz. Türkiyə isə konsulluq açmaq ideyasını Xankəndi hələ azad olunmamışdan əvvəl elan etməklə erməni separatçılarına mesaj vermişdi ki, perspektivdə heç bir status olmayacaq. Rusiya Qafanda da konsulluq açmaq niyyətindədir və məqsəd təsir gücünü qorumaq, Qərbə və ya İrana güzəşt etməməkdir”.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR