İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu, “şpionomaniya” deyil - Gürcülərin ağzı bir dəfə "yanıb”, ikincini istəmirlər

İlk baxışdan Gürcüstan müxalifətinin və qeyri-hökumət təşkilatlarının parlamentdə qəbul prosesində olan “xarici agentlər haqqında” qanun layihəsinə bu cür müqavimət göstərməsi qəribə və absurddur.

Ölkəmizdə məşhur olan idiomatik ifadə ilə desək, adama deyərlər, soğan yeməmisənsə, için niyə göynəyir, bu qanunun qəbulu ilə xarici agentlərin fəaliyyəti məhdudlaşacaqsa, onlar üçün cinayət məsuliyyəti yaranacaqsa, qoy yaransın, sizə nə dəxli var.

Ancaq məsələnin mahiyyəti budur ki, müvafiq qanunun qəbuluna müqavimət göstərənlər niyə etiraz etdiklərini bilirlər. Gürcüstan hakimiyyəti də onların nəyə görə bu qədər şiddətlə dirəniş göstərdiklərinin səbəbindən xəbərdardır.

Hökumət bilir ki, xarici dövlətlər və fondlar Gürcüstanda geniş rəğbət qrupları yaradıblar, yüzlərlə adama qrant verirlər və bu vəsaitlər minlərlə adamın arasında bölünür. Bu gün meydana çıxanların çoxu onlardır. Adamlar konkret olaraq iş yerinin “bağlanması”na qarşı çıxırlar.

Bu, bir gerçəkdir: hələ 25 il öncədən ABŞ və bir sıra Avropa ölkələri insan haqlarının müdafiəsi və demokratiyanın genişləndirilməsi adı altında bir sıra ölkələrdə geniş rəğbət qrupları şəbəkəsi yaradıblar. Bunların ən güclüsü Gürcüstandaydı. 20 il öncə Gürcüstan əslində ABŞ və Avropanın qrant paylayıcı mərkəzi idi. Həm Ermənistanın, həm də Azərbaycanın bir sıra QHT-lərinin fəaliyyəti Tiflisdən koordinasiya olunurdu.

file_373.jpg (38 KB)

O zamanlar Qərb hər üç Qafqaz ölkəsində öz nüfuzunu genişləndirməkdə, əlinə rıçaqlar toplamaqdaydı. Qərbə rəğbət bəsləyən siyasətçilər və ictimai fəalların dəstəyi ilə hakimiyyətə gələn Mixail Saakaşvili öz nümunəvi fəaliyyəti ilə Gürcüstanı Qafqazın öndəgedən respublikasına çevirmiş və Qərbpərəstlərin əlini, mövqeyini gücləndirmişdi. Ermənistanda da, Azərbaycanda da Saakaşvilinin bu nailiyyətini təkrar etmək istəyənlər var idi. Qərb öz dollar/avro kisəsinin ağzını gen açmışdı və hakimiyyətə gəlmək istəyən qüvvələrə, xüsusilə də onlara bir köynək yaxın olanlara böyük maddi dəstək verirdi.

Konkret olaraq Azərbaycanda “kim Qərbə daha yaxındır” çəkişməsi gedirdi. Bəzi qüvvələr rəqiblərinin ABŞ və Avropa ölkələri ilə əlaqələrini qırmaq, ölkəyə gələn vəsaitlərin tamamına sahib olmaq üçün “donos müharibəsi” aparırdılar, rəqiblərinin gah İrana, gah da Türkiyəyə yaxın olduğunu, Qərblə səmimi olmadıqlarını sübut etməyə çalışırdılar.

neddd.jpg (70 KB)

Sonradan Azərbaycan hökuməti ABŞ və Avropanın qeyri-hökumət təşkilatlarının, əslində isə kəşfiyyat orqanlarının nəzdində fəaliyyət göstərən institutların yerli ofislərini bağladı, onların sərəncamında olan media strukturlarının fəaliyyətini məhdudlaşdırdı. Bu, ona görə oldu ki, 2005-ci ildən sonra Azərbaycan iqtidarından həm Qarabağ məsələsində, həm İrana qarşı kampaniyada, həm də hakimiyyətin bölüşüdürülməsi sahəsində umduğunu ala bilməyən Qərb dairələri iqtidara qarşı sərt tənqidi mövqe sərgilədilər və cavablarını bu şəkildə aldılar.

Gürcüstanda isə Saakaşvili hakimiyyətdən getsə də, onun yerinə yeni, Rusiya ilə münasibətləri loyallaşdıran, Qərblə əlaqələri normal saxlayan iqtidar komandası gəldi və Qərb donorlarının yerli müxalifəti və qeyri-hökumət təşkilatları maliyyələşdirməsinə mane olmadı.

931785.jpg (51 KB)

Bu arada qərbli donorlar ağırlıq mərkəzini Ermənistana çevirdilər, bu ölkəyə dollar və avroları sel kimi axıtdılar, öz rəğbət qruplarına minlərlə fəal cəlb etdilər, son nəticədə keçmiş jurnalist və QHT-çi Nikol Paşinyanı hakimiyyətə gətirdilər.

Paşinyanın hakimiyyətə necə gəlməsi, necə möhkəmlənməsi, sonra Rusiyaya nə cür dirsək göstərməsi, ölkəsini Qərbin ağuşuna necə atması prosesi o qədər şəffaf keçdi ki, bütün bunların Qərbin barmağı ilə baş verdiyinə heç kəsin şübhəsi qalmamışdı.

Son 12 ildə Gürcüstanı milyarder Bidzina İvanişvili pərdə arxasından idarə edir, vaxtaşırı ölkəyə yeni prezident və baş nazirlər təyin edir. Ancaq belə görünür ki, o, “Qərb uşaqları”nın böyüyən təhlkəsini anlayıb, ona görə də eyni prosesin Gürcüstanda yenidən getməməsi üçün bu qərara gəlib ki, belə bir qanun qəbul etməli, xarici dövlətlərə güvənən rəqiblərini neytrallaşdırmalıdırlar.

IMG_4419_1_resize.jpg (133 KB)

Xatırladaq ki, Ukraynada əvvəlcə Viktor Yuşşenkonu (Saakaşvili ilə eyni vaxtda) hakimiyyətə gətirənlər onun uğursuz fəaliyyəti nəticəsində ikinci müddətə prezident seçilə bilməməsi üzündən Ukraynada mövqelərinin zəifləməsi ilə barışmadılar, prezident seçilmiş Viktor Yanukoviçi bir müddət sonra devirib yerinə Pyotr Poroşenkonu, daha sonra Volodimir Zelenskini gətirdilər. Onlar eyni prosesi Gürcüstanda da təkrarlamaq niyyətindədirlər.

Bu avantüra nəticəsində Ukrayna Krımı və Donbası itirdi, işğala məruz qaldı, kütləvi insan tələfatına səbəb olan müharibəyə cəlb olundu. Artıq bir dəfə, Saakaşviinin dövründə ərazi itkisinə məruz qalmış, işğal təhlükəsindən son anda qurtulmuş Gürcüstanda başa düşürlər ki, Qərblə rəqsə qalxmağın axırı pis qurtarır.

Əslində Ermənistanda 30 il boyunca əllərində saxladığı Azərbaycan torpaqlarını itirmələrini Paşinyanın Qərblə yaxınlaşması üzündən baş verdiyinə inanırlar və düşünürlər ki, Paşinyanın komandası Rusiya ilə səmimi olsaydı, Kremlə xəyanət etməsəydi, Moskva onları sona qədər himayə edərdi.

regnum_picture_1618314750111042_normal.jpg (108 KB)

Gürcüstanın indiki hakimiyyəti bütün bunları da, bundan beş dəfə artıq həqiqətləri də, Saakaşvilinin və Gürcüstanın başına gələnləri də yaxşı bilir. Ona görə də onlar Avropa ailəsinə qovuşmağın bir addımlığındaykən dövlətin taleyini riskə atmaq istəmirlər, bilirlər ki, Qərbin adamları yenidən Gürcüstanda hakimiyyətə gəlsələr, Rusiya “yatmış vulkanlar”ı oyadacaq və Gürcüstan daha da kiçiləcək.

Düzdür, Avropa İttifaqı məkanına inteqrasiya çərçivəsində viza rejiminin liberallaşdırılması nəticəsində gürcülərin Avropaya gedib-gəlməsi rahat olub və bu imkandan yararlanan on minlərlə gürcü “qoca qitə”yə axışıb, ancaq onlar orada “qara işlər”də çalışırlar. Yəni Avropa ailəsinə yaxınlaşmaq gürcüləri xoşbəxt etməyib, bundan əvvəl onlar ucsuz-bucaqsız Rusiyanın çöllərində necə işləyirdilərsə, indi də elə işlərdədirlər, hələ bir az da dar çərçivədədirlər.

Bir sözlə, artıq bir çox ölkələrdə aydın şəkildə anlayırlar ki, Qərbin kəndiri ilə quyuya düşmək olar, amma oradan asanlıqla çıxmaq olmaz. Qonşu ölkələrin daxiıində siyasi gərginlik ona görə bu həddədir ki, ABŞ Qafqaza təməlli yerləşmək üçün hər üçünə ninza qarmağı atıb, bu qarmaq Ermənistanda ilişib, Azərbaycanda qırılıb, Gürcüstanda isə dava gedir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR