İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu nəhəng işlərin öhdəsindən Azərbaycan öz imkanları hesabına gəlir”-Deputat Səbinə Salmanova  

“Hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Ermənistanın xarabalığa çevirdiyi şəhər, kənd və qəsəbələrimizdə azğın düşmənə gözdağı verəcək möhtəşəm yaşayış binaları, bir sıra obyektlər tikilir, parklar salınır, yol-nəqliyyat infrastrukturu tamamilə yenidən qurulur. Ona görə də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Ağdam, Əsgəran rayonlarına və Xankəndi şəhərinə növbəti səfəri mühüm əhəmiyyət daşıyır”.

Bu sözləri Musavat.com-a Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Deputat xatırladıb ki, dövlət başçısı və birinci xanım mütəmadi olaraq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına səfər edirlər. Həmin səfərlər zamanı ölkə başçımız sosial-iqtisadi obyekt və mədəniyyət abidələrinin açılışını edir, xeyir-duasını verir, müxtəlif təyinatlı yeni obyektlərin təməlini qoyur, yenidənqurma işlərinin gedişatı ilə maraqlanaraq tapşırıq və tövsiyələrini verir:

“Bildiyiniz kimi, fevralın 18-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva növbəti dəfə Ağdam şəhərinə səfər ediblər. Azərbaycan lideri budəfəki səfər çərçivəsində “Hilton Garden İnn” hotelində, Ağdam Muğam Mərkəzində, həmçinin şəhərdə tikintisi davam etdirilən 1268 mənzilli 2-ci yaşayış kompleksi, 1 nömrəli körpələr evi-uşaq bağçası və 1 nömrəli tam orta məktəbdə görülən işlərlə tanış olub. Prezident bundan başqa, “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında da iştirak edib. Görülən işlər onu sübut edir ki, bir zamanlar “Qafqazın Xirosiması”, “Kabus şəhər” adlandırılan Ağdam yenidən dirçəlir və çiçəklənir. Əminəm ki, bir neçə ildən sonra Ağdam öz gözəlliyi və bənzərsizliyi ilə hər kəsi valeh edəcək”.

S.Salmanova həmçinin əlavə edib ki, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olublar:

“Dövlət tərəfindən Azərbaycanın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərilir. İşğal dövründə Ermənistan tərəfindən dağıdılan, məhv edilən tarixi və dini abidələrimiz hazırda təmir-bərpa olunur, yenidən qurulur. Bu işlərə xüsusən Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də mühüm töhfə verilir. Belə ki, Fond tərəfindən Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Vaqifin büstü, Mehmandarovların malikanə kompleksi təmir olunub, Zəngilan məscidi tikilib, Ağdam Cümə məscidi isə bərpa edilib. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir”.

Parlamentari bildirib ki, bir neçə gün sonra Xocalı soyqırımının 33-cü ildönümüdür. Soyqırımın 33-cü ildönümü ərəfəsində Prezidentin Xocalıya səfəri, rayonun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olması, sonra kəndə köçən bir qrup sakinlə görüşü mühüm əhəmiyyət kəsb edir:

“Dövlət başçımız sakinlərlə görüşündə bildirdi ki, “Birinci Qarabağ müharibəsinin çətin vəziyyətindən əziyyət çəkən ən çox elə xocalılılar olmuşdur, onlara qarşı soyqırımı törədilmişdi. Ona görə Xocalını azad etmək hər zaman gündəlikdə duran məsələ idi”. Soyqırımına məruz qalmış Xocalıya artıq həyat qayıdıb. İnsanların doğma yurdlarına qayıdışı ilə həmin torpaqlar yenidən canlanır. Ballıcada artıq 460 keçmiş köçkün yerləşib, kənddə 137 ev bərpa edilib və 60-a yaxın ev isə bərpa olunacaq”.

Millət vəkili qeyd edib ki, hazırda işğaldan azad edilmiş ərazilərimizin tez bir zamanda bərpası dövlətimizin müəyyən etdiyi prioritet sahələrdən biridir: “Böyük Qayıdış Proqramına uyğun olaraq, hər ay keçmiş köçkünlərimiz öz doğma torpaqlarına qayıdışı təmin edilir. Ötən qısa müddət ərzində Qarabağ və Şərqi Zəngəzurda çox mühüm işlər görülüb, layihələr həyata keçirilib. Bunun nəticəsidir ki, öz yurdlarına qayıdan insanların rahat yaşaması üçün bütün müasir infrastruktur təmin edilib, eyni zamanda məşğulluq məsələsi də həll olunaraq, iş yerləri açılıb. Bu nəhəng işlərin öhdəsindən isə Azərbaycan öz imkanları hesabına gəlir. Bütün bunlar dövlətimizin iradəsini, əzmini, güclü iqtisadiyyata malik olmasının əyani sübutudur. Əminik ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə işğaldan azad olunmuş bütün ərazilərimiz dünyanın ən gözəl guşələrindən birinə çevriləcək”.

Etibar Seyidağa,

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

21 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR