Onlayn ictimai-siyasi qəzet
İşğaldan azad edilən torpaqlarımızda sürətli şəkildə yenidənqurma və abadlıq işləri görülür. Artıq minlərlə əhali dədə-baba torpaqlarına qovuşmağın sevincini yaşayır. Qarabağ eli artıq öz obasında məskunlaşır. Hər kəs kimi tanınmış simalar da əzəli və əbədi yurd yerlərinə qayıtmaq istəyir.
Musavat.com xəbər verir ki, məşhur simaların bir qismi mövzu ilə bağlı düşüncələrini “Yeni Sabah”la bölüşüb.
Xalq artisti Mənsum İbrahimov bildirib ki, azad olunan ərazilərdə görülən işlər hər kəsi sevindirir:
“Qarabağda 3 il ərzində çox böyük işlər görülüb. İşğaldan azad edilən topraqlarımızdakı sürətlə aparılan quruculuq tədbirlərinə görə dövlətimizə təşəkkür edirik. Bu müddət ərzində davam edən köç və məskunlaşma prosesi bizi çox sevindirir. Düşünürəm ki, bura aid olan bütün sakinlər Qarabağa köçməlidir. Çünki orada bir-birindən gözəl binalar tikilir, yollar çəkilir, infransturuktur qurulur. İnsanların məskunlaşması, həyatını orada davam etdirməsi üçün bütün lazımi işlər görülməkdə davam edir.
Qarabağ dünyanın cənnətidir. Mən orada doğulub, səs qazanmışam. Həmin torpaqlara gedəndə yenidən güc qazanıram. Hər dəfə Yevlaxdan o yana keçəndə deyirəm ki, səsim daha gurlaşır. Tələbəlik dövrümdən Bakıya gəlmişəm. Hazırda işimlə bağlı olaraq burada yaşamaq məcburiyyətindəyəm. Ancaq Qarabağda muğam mərkəzləri, konservatoriya binası, mədəniyyət sahəsi ilə bağlı müxtəlif qurumlar yaradılacaq. İşimlə bağlı Qarabağda fəaliyyət göstərə bilsəm, sevə-sevə öz yurduma köç edib, yaşamaq istəyərəm”.
Xalq artisti Aygün Bayramova da bu yerlərə qayıtmağın həsrətində olduğunu vurğulayıb:
“Mən o torpaqda doğulmuşam. Biz illərlə bu yerlərin həsrətin çəkmişik. Hər an Qarabağa qayıtmağı, öz el-obamıza qovuşmağı arzulamışıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Bu günləri yaşamağımızı onlara borcluyuq.
Azad edilən ərazilərdə görülən quruculuq işləri, Laçına, Füzuliyə, Zəngilana qayıdan sakinlər məni çox sevindirir. Artıq o torpaqlar azaddır, insanlarımız Qarabağda yaşamağa başlayıb. Əlbəttə, bir qarabağlı kimi mən də öz yurduma, Ağdamıma köçüb, məskunlaşmaq istəyərəm. Ağdama köçün başlamağını böyük bir səbrsizliklə gözləyirəm. Doğrudur, ora getmişəm. Amma Ağdamda yaşamağın, həyatımızın qalan hissəsini doğma el-obamızda davam etdirməyin yeri bir başqadır”.
Əməkdar artist İlkin Əhmədov da Qarabağa qayıtmaq istədiyini açıqlayıb:
“Əlbəttə, öz yurduma qayıdıb, orada yaşamaq istəyərəm. Kim öz torpağına, elinə, yurd-yuvasına qayıtmaq, orada məskunlaşmaq istəməz? Mən də hər kəs kimi doğma torpağım olan Cəbrayıla qovuşmaq, orada məskunlaşmaq arzusundayam. Bu anları bizə yaşadan dövlətimizə, şəhidlərimizə, qazilərimizə təşəkkür edirəm”.
Əslən Cəbrayılın Soltanlı kəndindən olan tanınmış jurnalist Seymur Verdizadə də doğma yurda qayıtmaq arzusu ilə yaşayır. Yazar tezliklə Cəbrayıla qayıdacağına ümid etdiyini deyib:
“Kəndimiz Macarıstanın tikinti sektorunda ciddi nüfuz və təcrübə sahibi olan aparıcı şirkətlərin biri tərəfindən inşa olunur. Çox güman ki, 1-2 ilə tikinti işləri tamamilə yekunlaşacaq və insanlar ata-baba yurdlarına dönəcəklər. Doğma kənddə yaşamaq, işləmək ən böyük arzumdur. Hesab edirəm ki, müvafiq dövlət qurumları insanların məşğulluğu ilə bağlı məsələni diqqətdə saxlayacaq, Qarabağa qayıdan insanların öz ata-baba yurdlarında azad, xoşbəxt, firavan yaşamaları üçün təxirəsalınmaz tədbirlər görəcək. Əsas odur ki, indi biz Qarabağa bir nəfəs qədər yaxınıq. Uca Alalh bu xoşbəxtliyi bizə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərimizin canı sağlığı versin. Dövlətimiz var olsun!”
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ