İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu il daşqınlar bir çox ölkəni cənginə alıb

Son zamanlar iqlim dəyişikliyi ilə əlaqədar dünyanın bir çox yerində sel, daşqın müşahidə olunur. Bəzi ölkələrdə sel fəlakəti insanların ölümünə də səbəb olur.

Avqust ayında Məkkədə yağan güclü yağışlar şəhər infrastrukturuna, insanlara və təsərrüfata ciddi ziyan vurmaqla dağıntılara səbəb olub. Oktyabrın əvvəlində İranın Kerman əyalətində Həlil çayının daşması nəticəsində 14 nəfər ölüb. Bu ilin aprel ayında analoji hal Qazaxıstan və Rusiyada baş vermişdi. Daşqın nəticəsində Orenburqda 12 min yaşayış evini və 15 mindən çox həyətyanı təsərrüfatı su basmışdı. Bildirilmişdi ki, Ural çayında suyun səviyyəsi 40 santimetr artaraq 11 metri ötüb. Qazaxıstanda isə aprel ayında su basmış ərazilərdən 86 min sakin köçürülmüşdü. Temperaturun artması səbəbindən qarın əriməsi nəticəsində Ural çayında suyun səviyyəsi 7 metrə çatmışdı. Qazaxıstanda daşqınlar başlayandan 108 mindən çox insan təxliyə edilmişdi. Sel və daşqın səbəbindən 10 regionda fövqəladə vəziyyət rejimi elan edilmişdi. Qazaxıstan Prezidenti Comart Tokayev bu təbii fəlakəti miqyası və nəticələri baxımından son 80 ilin ən böyük fəlakəti adlandırıb. Şri-Lankada isə daşqın 118 mindən çox insana ziyan vurub. 76 minə yaxın insan təxliyə edilib, 230-dan çox yaşayış binası qismən və ya tamamilə dağılıb, məktəblər bağlanıb.

Hətta inkişaf etmiş ölkələr də təbii fəlakətlərin nəticələri ilə mübarizə aparmaqda bəzən aciz qalırlar. Böyük Britaniyada Eşli qasırğası ilə bağlı 100-dən çox daşqın xəbərdarlığı edilib. Daşqın riski yüksək olan 96 bölgə gecə ərzində yüksək həyəcan vəziyyətində saxlanılıb. Şotlandiyada isə İrlandiyada on minlərlə ev bazar günü axşam elektrik enerjisiz qalıb. Mövsümün ilk qasırğası gün ərzində 53 minə qədər ev təsərrüfatını elektrik enerjisiz qoyub. Eşli qasırğası həftəsonu nəqliyyat sistemində də xaosa səbəb olub. Belfast, Edinburq və Qlazqo daxil olmaqla, bir sıra hava limanlarında onlarla uçuş ləğv edilib və ya yönləndirilib. Dəmir yolu şəbəkəsinin bəzi hissələrində dağıntılar və kökündən çıxmış ağaclar ciddi fəsadlar yaradıb(Azertac).

İtaliyanın şimalında, Emilia-Romanya regionunun və Bolonya şəhərinin böyük bir hissəsi də su altında qalıb. Bolonyada 2100-dən çox insan, Emilia-Romanyada isə 1000 nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Fransada da sel fəlakəti kənd təsərrüfatına, yol infrastrukturuna, əhaliyə ciddi ziyan vurub. Fransa parlamentinin aşağı palatasının yerləşdiyi binanı su basıb. Daşqın səbəbindən deputatlar və onların köməkçiləri təcili təxliyə edilməli olub.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR