İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu günün təqvimi - uşaqlar hələ də müharibə qurbanlarıdır

Qəzzada 15 mindən çox uşaq ölüb; ölkəmizdə bu sahədə ən ciddi problemlərdən biri qız uşaqlarının erkən yaşda məcburi ərə verilməsidir 

Bu gün - iyunun 1-i dünyada Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunur. Bu tarix ilk dəfə 1925-ci ildə Cenevrədə Uşaqların Rifahı üzrə Ümumdünya Konfransı zamanı elan olunub. 4 noyabr 1949-cu ildə isə Moskvada Qadınların Beynəlxalq Demokratik Federasiyası tərəfindən 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi təsis edilib.

Bəs dünya uşaqlarının ən böyük problemi bu gün nədir - təhsil, yaxşı qidalanmamaq, valideyn himayəsindən məhrumluq, zərərli internet resursları, yoxsa nə? Uşaqlar ən çox nəyə ehtiyac duyur? 

Kəmalə Ağazadə: Donmamaq üçün elektrik şitinin içində ölən uşaqdan sonra  sığınacaq yaratdım - MÜSAHİBƏ - Oxu.az

Kəmalə Ağazadə 

Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “Təkcə 1 iyun deyil, hər gün uşaqların müdafiəsi günüdür. Hesab edirəm ki, dünya uşaqlarının ən böyük  problemi onların sağlamlığına zərərin vurulması, qətl edilməsi, müharibə qurbanı olması, ekologiyanın zərərindən zərər göməsi, bu zərər nəticəsində genefondun dəyişməsidir və sairə. Əgər bütün bunlar varsa, demək ki, orada təhsil də, düzgün qidalanmaq da  yoxdur, həmçinin valideyn himayəsindən məhrumluq var.  O ki qaldı uşaqların ən çox nəyə ehtiyacı olması, bu sevgi, qayğı, diqqətdir”.

Çingiz Qənizadə: Xalq öz Prezidentinə inanır və güvənir - AZƏRTAC

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə qeyd edib ki, hazırda dünyanın müxtəlif ölkələrində uşaqların hüquqlarının açıq-aydın pozulmasının şahidiyik: “Uşaqların təhsil hüququ pozulur, aclıqdan əziyyət çəkir, sosial digər hüquqları pozulur. Bu əsasən kasıb ölkələrdə baş verir. Lakin müəyyən inkişaf etmiş ölkələrdə də digər problemlər var. Azərbaycanda gəldikdə isə birmənalı olaraq deyə bilərəm ki, ölkəmizdə dövlət tərəfindən uşaqların hüquqlarının qorunması ilə bağlı kifayət qədər qanun qəbul edilib, uşaqlara lazımi diqqət-qayğının göstərilməsi istiqamətində addımlar atılıb və atılmaqdadır. Bu baxımdan hesab edirəm ki, bu gün uşaqların hüquqlarının pozulması ilə bağlı problemləri daha çox ailədaxili, məişət məsələlərində axtarmalıyıq. 

Birincisi, çox təəssüf ki, son vaxtlar ölkəmizdə nikahların pozulması ilə bağlı statistika ürəkaçan deyil. Statistikada boşanmalar 30-40 faiz civarında göstərilir. Amma nəzərə alsaq ki, boşanmayan, amma münaqişə nəticəsində küsüb ayrılan xeyli ailələr də var, bütün bunları hesablayanda ölkədə boşanmaların sayının 50 faiz civarında olduğunu deyə bilərik. Məlum olduğu kimi, boşanmalardan da ən çox əziyyət çəkənlər uşaqlar olur. Valideynlərinin ayrılması uşaqlara çox böyük stress yaradır.  İkinci məsələ, Azərbaycanda sivil qaydada boşanma yoxdur. Uşağa sahiblənmək üstündə tərəflərin davası, bir-birinə hücum etməsi, uşaqlardan sui-istifadə etmə halları ilə tez-tez rastlaşırıq. Bu hallar da uşaqlara kifayət qədər çox ciddi psixoloji təsir edir. Bundan başqa, cəmiyyətdə laqeyd ana və atalara rast gəlirik. Hətta bir yerdə yaşasalar belə övladlarına qarşı olduqca laqeyd yanaşır, üzərlərinə düşən vəzifə və hüquqları layiqincə yerinə yetirmirlər. Son vaxtlar gənclər, yeniyetmələr arasında intihar, evdən qaçma hallarına tez-tez rast gəlinir. Bunun da əsas kökü evdə baş verən münaqişələr, psixoloji gərginliklər, laqeyd münasibət, zorakılıq hallarıdır. Ya ata həddən artıq zalım olur, ya ana laqeyddir və yaxud uşaq evdə istismar edilir, məcburi təsir altında saxlanılır və sairə. Nəticədə hüquqları pozulan uşaq və ya yeniyetmələr heç bir yerdən dəstək ala bilməyib, digər yollara əl atır, bəzən də bədbəxt hadisələr baş verir. 

Uşaqların hüquqlarının pozulması ilə bağlı problemlərdən biri qız uşaqlarının çox erkən 15-16 yaşında məcburi ərə verilməsi, məktəbdən yayındırılması məsələsidir. Bundan başqa, məlum olduğu kimi, ölkəmizdə qaraçı tayfasının üzvləri yaşayır və minlərlə qaraçı tayfasının uşaqları diləndirilir. Həmçinin qaraçı tayfasından olmayan digər valideynlər də var ki, uşaqlarını məcburi dilənçiliyə cəlb edirlər. Bu, uşaq hüquqlarının çox ciddi şəkildə pozulması deməkdir. Ümumilikdə isə, qeyd etdiyim kimi ölkəmizdə hüquq pozulan uşaqlarla bağlı problemi əsasən ailə daxilində axtarmalıyıq".

Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatı Uşaqlara Yardım Fondu (UNİCEF), Beynəlxalq Əmək Təşkilatı (İLO), Avropa İttifaqı, Qlobal Müsəlman Yardım Təşkilatı (MGR) və qeyri-hökumət təşkilatlarının hesabatlarından toplanan ümumi məlumata görə, hazırda valideyn qorumasından ayrı düşən yüz minlərlə uşağın can təhlükəsizliyi, bəslənmə, sığınma, təhsil və psixoloji ehtiyaclarının qarşılanması üçün təcili köməyə ehtiyacı var.

UNİCEF-in məlumatına görə, dünyada hər gün 10 minə yaxın uşağın yetim və kimsəsiz qalması ilə ümumi belə uşaqların sayı təxminən 140 milyondur. Ancaq statistikalara əks olunmayan uşaq sayının daha çox olduğu düşünülür.

7,7 milyard olduğu təxmin edilən dünya əhalisinin 2,2 milyardını təşkil edən uşaqların müxtəlif səbəblərdən müdafiəsiz qaldığı bildirilir.

Hesabata görə, yetimliyə gətirib çıxaran ən böyük səbəblərdən biri təbii fəlakətlərdir. Son 20 ildə baş verən təbii fəlakətlər nəticəsində 750 min adam həyatını itirib, yüz minlərlə uşaq yetim və kimsəsiz qalıb.

Sonda. Fələstin Qızıl Aypara Cəmiyyətinin son məlumatına görə, Qəzzada 15 mindən çox uşaq ölüb. Qeyd edək ki, oktyabrın 7-dən bəri mühasirədə olan anklavda İsrailin hücumları nəticəsində 35 mindən çox insan həlak olub.Həmçinin işğal altındakı İordan çayının qərb sahilində İsrail qüvvələrinin və məskunlaşanların hücumları nəticəsində 500-ə yaxın fələstinli həyatını itirib.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR