İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün YAP İdarə Heyəti toplanır - gözlər hakim partiyada

Namizədlərin DSK-lara təqdimatı başladı; MSK 3 partiyanın səlahiyyətli nümayəndələrini qeydə aldı

Sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin təqviminə görə, namizədliyin irəli sürülməsinin təsdiq olunub-olunmaması qərarı sənədlər dairə seçki komissiyasına təqdim ediləndən sonra 5 gün müddətində çıxarılmalı, imza vərəqələri verilməlidir. 

18 yaşına çatmış ölkə vətəndaşı parlamentin deputatı seçilə bilər. İkili vətəndaşlığı, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul şəxslərin, din xadimlərinin, fəaliyyət qabiliyyətsizliyi məhkəmədə təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin seçilməsi yasaqdır. Şəxs təqsirləndirilirsə və haqqında istintaq gedirsə, bu zaman onun deputatlığa namizədliyini irəli sürməyində heç bir problem yoxdur. İcra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edənlər bir halda namizəd ola bilərlər ki, onlar vəzifələrindən istefa versinlər. Namizədin müdafiəsi üçün onun irəli sürüldüyü seçki dairəsinin ərazisində seçicilərin azı 450 imzası toplanmalıdır. Bir seçicinin birdən artıq namizədin müdafiəsi üçün imza atması mümkündür.

Rəsmi qeydiyyat üçün sənədlərin dairə seçki komissiyasına təqdim edilməsi iyulun 13-də başlayır, avqustun 2-si saat 18-də bitir. İmza vərəqələrinin və başqa sənədlərin yoxlanması, namizədin qeydə alınıb-alınmaması haqqında qərar 7 gün müddətində qəbul edilməlidir. Seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat səhər 8-də dayandırılır.

Parlament seçkisində siyasi partiyaların da namizəd irəli sürmək hüququ var və siyasi partiyaların əksəriyyəti seçkidə iştirak etmək qərarı verib. Ölkədə dövlət qeydiyyatına alınmış 26 partiya var. AG Partiya, Ana Vətən Partiyası, Azad Vətən Partiyası, Azərbaycan Demokrat Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Azərbaycan Xalq Partiyası, Azərbaycan Xalq Cəbhəsi Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Ümid Partiyası, Böyük Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Demokratik İslahatlar Partiyası, Ədalət Partiyası, Ədalət, Hüquq, Demokratiya Partiyası, Gələcək Azərbaycan Partiyası, Haqq-Ədalət Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası, Milli Cəbhə Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Müasir Müsavat Partiyası, Müsavat Partiyası, Respublikaçı Alternativ Partiyası, Vəhdət Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Yeni Azərbaycan Partiyası, Yeni Zaman Partiyası.

İyulun 3-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin 1 sentyabra təyin olunmuş növbədənkənar parlament seçkilərinə həsr olunmuş iclası keçiriləcək. Hakim partiyanın deputatlığa namizədlər siyahısının yaxın bir neçə gün ərzində elan olunacağı açıqlanıb. Digər siyasi partiyalar da deputatlığa namizədlərini müəyyənləşdirirlər. 

Cavanşir Abbaslı: “Sevindirici haldır ki, artıq qanunverici orqan  səviyyəsində…”

Cavanşir Abbaslı

AĞ Partiya namizədlər siyahısını hazırlayıb və iyulun 2-dən dairələr üzrə namizədlərini irəli sürməyə başlayıb. Bu barədə AĞ Partiya sözçüsü Cavanşir Abbaslı məlumat verib. Modern.az saytı isə VI çağırış Milli Məclisin bəzi bitərəf deputatlarını sorğulayaraq, yenidən namizədliklərini irəli sürüb-sürməyəcəklərini öyrənməyə çalışıb. 

Vahid Əhmədov: |“Deputatın qaldırdığı məsələ həllini tapmırsa, biz niyə bu  məsələni qaldırmalıyıq?”

Vahid Əhmədov 

Bitərəf deputat Vahid Əhmədov bildirib ki, seçkilərdə iştirak edib-etməyəcəyi ilə bağlı qərarı bir-iki günə verəcək: “Mən həmişə 52 saylı Quba seçki dairəsindən namizədliyimi irəli sürmüşəm. Əgər bu dəfə də seçkilərdə iştirak etsəm, yenə də 52 saylı Quba seçki dairəsindən namizədliyimi irəli sürəcəm. Yenidən namizəd olmağım üçün əhalidən mənə çoxlu müraciət gəlməkdədir”.

Aqil Abbas - 70

Aqil Abbas

Deputat Aqil Abbas namizədliklə bağlı məsələni Qarabağdan olan seçicilərlə müzakirə edəcəyini deyib: “Mən Qarabağ bölgəsindən deputat seçilmişəm. Gedib Qarabağ camaatı ilə, yəni seçicilərlə görüşüb soruşacam ki, "məni yenidən deputat görmək istəyirsinizmi?" Onlar razılıq versələr, gəlib deputatlığa namizədliyimi irəli sürəcəm".

Başkəndi ermənilərə “verən” Rasim Musabəyov kimdir? – DOSYE - Turkustan.az

Rasim Musabəyov

Deputat Rasim Musabəyov seçkilərdə yenidən iştirakla bağlı hələlik qərar vermədiyini qeyd edib.

Görüntüləri yayılan deputat Etibar Əliyevdən AÇIQLAMA - VİDEO

Etibar Əliyev

Bitərəf deputat Etibar Əliyev isə vurğulayıb ki, budəfəki seçkilərdə də mütləq iştirak edəcək: “Əlbəttə ki, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində namizədliyimi irəli sürəcəm”.

Dəqiq qərar verməyən bitərəf deputatlardan biri də Rüfət Quliyevdir. “Parlament seçkilərində iştirakla bağlı son fikrim formalaşmayıb. Təxminən 10 günə bu istiqamətdə qəti qərarımı verəcəm”, - o deyib.

Professor Musa Qasımlı: Qüdrətli rəhbər və güclü dövlət hər şeyə qadirdir -  AZƏRTAC

Musa Qasımlı

Digər bitərəf parlamentari Musa Qasımlı da seçkilərdə iştirak edəcəyini bildirib.

Uzun müddət ictimai-siyasi proseslərdə yer almayan şəxslərin də bu seçkiyə qatılacağı iddia edilir. Bəlli zaman çərçivəsində ancaq ara-sıra açıqlamaları ilə yadda qalan partiya sədrlərinin növbədənkənar parlament seçkilərində güclərini sınayacağı müzakirə mövzusudur.

Teleqraf.com-a açıqlamasında ölkənin sabiq baş prokuroru, Ədalət Partiyasının sədri İlyas İsmayılov seçkilərə qatılmaq iddiasında olduqlarını təsdiqləyib: “Heç kəs narahat olmasın, biz də bu seçkilərə qatılacağıq. Təbii ki, mən özüm parlament seçkilərinə qatılmaq niyyətində deyiləm. Amma partiyadan yoldaşlar bu seçkidə iştirak edəcəklər”.

Məgər kişi kişidən borcunu istəyəndə öldürülməlidir?!” - İlyas İsmayılov

İlyas İsmayılov

İlyas İsmayılov bununla bağlı Ədalət Partiyasının yekun qərarının olacağını söyləyib: “Rəsmi şəkildə partiyanın mövqeyini ifadə etməmişik. Amma fikrimiz var ki, bu seçkidə partiya olaraq iştirak edək. Seçkiyə neçə namizədlə qatılacağımızı hələlik dəqiqləşdirməmişik. Azadlıqdır, kim nə qədər istəyir, o qədər namizəd irəli sürə bilər”.

Müsavat Partiyası isə seçkidə iştirak edib-etməmək barədə yekun qərar vermək üçün bu həftənin sonuna məclisin iclasını çağırıb. 

Mərkəzi Seçki Komissiyasının (MSK) isə iyulun 2-də iclası keçirilib. İclasda Respublikaçı Alternativ (REAL) Partiyasının, AG Partiyanın və Vətəndaş Həmrəyliyi Partiyasının 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.

MSK həmçinin seçkilərə start verilməzdən də bir az öncə ölkə üzrə seçicilərin siyahılarının dəqiqləşdirilməsinə başlayıb. APA xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında MSK sədrinin müavini Rövzət Qasımov deyib.

O bildirib ki, bəzi dairələrin məntəqələrinin hüdudlarında dəyişiklik etməyə əsaslar yaranıb: “Bir sıra məntəqələrlə bağlı müəyyən tədbirlərin görülməsinə ehtiyac yaranıb. 1 saylı Şərur-Sədərək, 32 saylı Suraxanı 2-ci, 67 saylı Sabirabad, 71 saylı Cəlilabad şəhər və digər seçki dairələri üzrə bu kimi tədbirlər görülməsinə ehtiyac yaranıb. Ümumilikdə 24 dairədə 50-yə yaxın məntəqədə müvafiq tədbirlərin görülməsinə ehtiyac var. Bunun yaranmasına rəvac verən əsas məqam ölkə üzrə həyata keçirilən monitorinqlərdir. Bu, seçicilərin rahatlığı üçündür. Respublikanın müxtəlif bölgələrini əhatə edən dairələrdə məntəqələrlə bağlı iş aparılmasına ehtiyac yaranacaq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

27 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR