İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün Putin and içəcək Mərasimə qatılacaq tək prezident kimdir? - DETALLAR AÇIQLANDI

Mayın 7-də Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçiriləcək. İnauqurasiya mərasiminin sadə, xarici ölkələrdən bir prezident istisna olmaqla, heç bir dövlət və hökumət başçısının iştirakı olmadan keçiriləcəyi bildirilir. 

Dünən isə Rusiya prezidenti Vladimir Putinin inauqurasiya mərasiminə yenilənmiş “Aurus” avtomobili ilə gələcəyi barədə xəbər yayılıb. Globalinfo.az-nın xəbərinə görə, dövlət başçısının yeni avtomobili ilk dəfə “Rossiya-1" telekanalında yayımlanan "Moskva. Kreml. Putin" proqramının efirində nümayiş etdirilib. Onun yaradıcılarının sözlərinə görə, avtomobilin ön hissəsi - optika, radiator barmaqlığı, qabaq bamper, kapot dəyişdirilib. Qanadlar da dəyişib. Ümumiyyətlə, avtomobil öz sələfi ilə müqayisədə daha müasir olub. “Aurus”un dizaynı tamamilə yerli mütəxəssislər tərəfindən hazırlanıb.

Andiçmə mərasimində Belarus prezidenti Aleksandr Lukaşenko istisna olmaqla, başqa heç bir ölkənin dövlət və ya hökumət başçısının iştirak etməyəcəyi də yayılan xəbərlər sırasındadır. Məlumata görə, bu, Kremlin istəyi ilə bağlıdır. 

Rusiyalı politoloq Sergey Markov bildirib ki, qaydaya görə, Rusiyada andiçmə mərasiminə heç kim dəvət olunmur. Andiçmə mərasimi liderlə xalq arasında olan ünsiyyətidir. Digər ölkələrin nümayəndələri isə bu mərasimdə çox məhdud formatda iştirak edir: “Məncə, Lukaşenko andiçmə mərasimində iştirak edəcək. Çünki Belarus nəinki dost, müttəfiq ölkədir o, həm də İttifaq dövlətində yer alır. Lukaşenko özü də Qərbin sərt sanksiyaları altındadır. Bir sözlə, Putinlə Lukaşenko arasında qardaşlıq əlaqələri var və onlar bir səngərdədir. Ola bilsin ki, başqa heç kim iştirak etməsin”.

Axar.az-ın xəbərinə görə, Markov Putinin seçki qalibiyyətinin tanınmamasına da toxunub: “Putinin prezident kimi tanınmamasına gəlincə, bu, düzgün ifadə deyil. Qərb ölkələri Putini Rusiya prezidenti kimi tanıyır, amma seçkinin legitimliyini tanımırlar. Çünki Rusiyada prezident seçkisi həm də məlum o, 5 regionda aparıldı. Qərb bu regionları Rusiya ərazisi hesab etmir, Ukrayna torpağı kimi tanıyır. Oradakı səsləri legitim saymır. Rusiya Qərblə müharibədə deyil, amma onlar Rusiya prezidentinə pislik edirlər. Onların düşmən hesab etdikləri şəxsə qarşı bu münasibəti tamamilə təbii haldır. Qərb düşməninin seçilmək legitimliyini tanımaqdan imtina edir. Onlar Putini Rusiya prezidenti kimi qəbul edir. Rusiyadan nəsə tələb edəndə, Putindən tələb edir, sülh danışıqları təklif edəndə Putinə təklif edirlər. Qərb Rusiyadan sülh sənədini, məsələn, Zelenskinin sülh formulu sənədini imzalamağı istəyəndə də Putinə müraciət edir. Bu baxımdan da Putini prezident kimi tanıyır, lakin legitim yolla seçilməsini tanımırlar”.

Rusiyalı politoloq qeyd edib ki, Putinin andiçmə mərasmində terror hadisəsi baş verə bilər: “Təhlükəsizliyə gəlincə, təxribat, terror, hətta Putinə sui-qəsd də ola bilər. Kreml hesab edir ki, müasir düşməni Ukraynadakı rejim terrorçu rejimdir. Eyni zamanda ABŞ, AB və Britaniyanın bu terror rejimini kurasiya etdiyini və çox təəssüf ki, həmin ölkələrin özlərinin də Kiyev rejiminin bir neçə terrorunda aktiv iştirak etdiyini bilirlər. Aydındır ki, Kiyevin Zaporojye AES-i atəşə tutması nüvə terrorudur və bu, Qərb tərəfindən dəstəklənir. ABŞ, Britaniya, Polşa, Ukrayna kəşfiyyat kombinasiyası Şimal Axını qaz kəmərini partladıb. Bundan əlavə, Rusiyada bir çox vətəndaş və hakimiyyət üzvləri əmindir ki, "Krokus" terroru Ukrayna tərəfindən başqa bayraq altında törədilib. Andiçmə mərasimində terror olacağı ehtimalı çox böyükdür və ona görə də xüsusi təhlükəsizlik tədbirləri görülür".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR