İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu gün İranda seçkinin 2-ci turudur - azərbaycanlı doktor prezident olsa...

Bu gün - iyulun 5-də İranda növbədənkənar prezident seçkisinin ikinci turu keçiriləcək. Bu turda etnik azərbaycanlı, keçmiş səhiyyə naziri, “islahatçı qanad”ı təmsil edən Məsud Pezeşkian və “mühafizəkar” qanadın təmsilçisi Səid Cəlili mübarizə aparacaq.

İkinci tur ərəfəsi keçirilən iki debatda Pezeşkian ölkədəki mövcud idarəçiliyi, məxsusən mühafizəkarları sərt tənqid edib, ölkənin faktiki “qəfəsdə olduğunu” söyləyib. Narazı xalqın tələblərini ifadə edib. 

“Səid Cəlili təcrübəsiz və təhlükəlidir”. Bunu da o, seçkilərin ikinci turu ilə bağlı yaydığı bəyanatında qeyd edib. 

O, birinci turda Cəliliyə səs verməyənlərə təşəkkür edib, onların bu hərəkətini qeyri-adi və təhlükəli ideyalara mənfi cavab kimi qiymətləndirib: “Fəlakətdən qaçıb özümüzü sığortalamalıyıq. Gəlin bir daha düşünək və baş verə biləcəklərin heç də zarafat olmadığını qəbul edək! Etibarsız, təcrübəsiz və təhlükəli insanlar İranı qəribə ideyaların ən böyük laboratoriyasına çevirə bilər”.

Bəs cəsarətli fikirlər azərbaycanlı iddiaçıya əlavə və həlledici səslər gətirə bilərmi? 

İranın “Şenaaxt” analitik mərkəzinin ikinci tur ərəfəsində keçirdiyi sorğunun nəticələrinə görə, respondentlərin 52 faizi Pezeşkiana, 48 faizi isə Cəliliyə səs verməyə hazırlaşır. Respondentlərin 42%-i səsvermədə iştirak etmək arzusunda olduğunu bildirib.

Maraqlıdır ki, məhz ikinci tur ərəfəsi Pezeşkianı təbliğ edən və onun çıxışlarını yayan İranın məşhur “İslahat nyus” sosial media kanalı bağlanıb. Bu barədə kanalın məsulu Əli Əhmədniya məlumat yayıb. O bildirib ki, rəhbəri olduğu kanal xəbərdarlıq edilmədən və heç bir səbəb göstərilmədən qapadılıb: “Bununla bağlı məhkəməyə müraciət etmişəm. Ancaq hələlik heç bir cavab ala bilmirəm. Ölkənin büdcəsindən maliyyələşən bəzi qurumlar seçki zamanı nəzərdə tutduqları namizədi prezident etmək üçün hər yola əl atırlar”.

Qeyd edək ki, İranda iyunun 28-də keçirilən seçkilərin birinci turunda azərbaycanlı Məsud Pezeşkian ən çox (10,4 milyon) səs toplayıb. Onun ən yaxın rəqibi Səid Cəlili isə 9,4 milyon səslə ikinci olub. Onlar 5 iyulda ikinci turda mübarizə aparacaq.

Həlledici səsvermə ərəfəsi qüvvələr nisbəti, şanslar necə görünür? Budəfəki seçici fəallığı yüksək olacaqmı? Azərbaycanlı İranın 9-cu prezidenti ola bilərmi? O halda Azərbaycana münasibətdə nə dəyişə bilər? Söhbət xüsusən də səfirliyimizə terror hücumundan sonra ən aşağı səviyyəyə düşmüş Azərbaycan-İran diplomatik əlaqələrinin tam bərpasından gedir. Seçkilərin nəticəsinin səfirimizin Tehrana qayıtmasına təsiri gözlənilirmi? 

Jurnalist Kənan Rövşənoğlunun anası vəfat edib

Kənan Rövşənoğlu: “Kimin seçiləcəyindən asılı olmayaraq...”

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Rövşənoğlu “Yeni Müsavat”a danışıb: “Hazırda kimin seçiləcəyi haqda fikir söyləmək çətindir. Çünki hər iki tərəfin üstünlükləri və zəif məqamları var. Ona görə də hər iki tərəfin şansları demək olar, bərabərdir. O ki qaldı seçkinin nəticəsinin səfirimizin Tehrana qayıtmasına təsiri məsələsinə, hesab etmirəm ki, bu məsələ seçki ilə əlaqəli olsun. Çünki seçkidən əvvəl Azərbaycan-İran münasibətləri düzəlib və səfirliyimizin bərpa olunması məsələsi demək olar ki, həll olunub. 

Xatırladım ki, Azərbaycan Prezidenti İlham Əliyev İrandakı helikopter qəzası ilə bağlı İran səfirliyinə gedərək başsağlığı verərkən bildirmişdi ki, “mayın 20-də ciddi razılaşmalar əldə olunub və bu razılaşmaların davam edəcəyinə ümid edir”. Buradan da belə bir nəticəyə gəlmək olur ki, iki ölkə arasında ciddi razılaşma var və hazırda bu razılaşmanın pozulması ilə bağlı hər hansı əlamət və səbəb yoxdur. Beləliklə, Azərbaycan-İran münasibətlərində bir neçə il əvvəl mövcud olan sərt, soyuq münasibətlər artıq arxada qalıb və normallaşma var. On görə də düşünmürəm ki, münasibətlər Pezeşkiandan və yaxud Cəlilidən asılı olsun. Bununla bağlı yüksək səviyyədə qərar verilib və ciddi işlər görülüb".

Siyasi şərhçi Aqşin Kərimov isə qeyd edir ki, İranda prezident seçkisinin ikinci turunda namizədlər Səid Cəlili ilə Məsud Pezeşkianın çəkişməsi seçici iradəsinin nəticəsi ilə deyil, daha çox dövlətin elitasındakı güc rəqabəti səhnəsinin verdiyi qərarlar əsasında nəticə hasil edəcək: “Onsuz da İran seçicisi namizədlərin şəxsi dürüstlüyünə yox, bu iki şəxsin əhalinin rifahı üçün təqdim etdiyi qavrayışlara diqqət yetirirlər. 

Almaniya, Fransa və Brüssel arasında geniş mübarizə gedir" - Aqşin Kərimov  News 365

Aqşin Kərimov: “Cəlili ilə Pezeşkianın çəkişməsi seçici iradəsinin nəticəsi ilə deyil, daha çox... ”

Maraqlıdır, bu iki siyasi obraz İran iqtisadiyyatını yaxşılaşdırmaq üçün nə təklif edir? Pezeşkian iqtisadiyyatda, o cümlədən qadınların və azlıq qruplarının ictimai iştirakının artırılmasının vacibliyini vurğulayır. Pezeşkian deyir ki, beynəlxalq sanksiyalar İranın iqtisadi problemlərinə qismən səbəb olur. Ancaq onu da əlavə edir ki, hökumətin iqtisadi siyasəti tam şəkildə həyata keçirməməsi də İranın iqtisadi çətinlikləri sırasındadır. Pezeşkian iqtisadiyyatın yaxşılaşdırılmasının dünya ilə diplomatik münasibətlərdə də praqmatizm tələb etdiyini deyir.

Cəlili isə diqqətini növbəti hökumətin necə daha çox iş imkanları yarada biləcəyinə yönəldir. Cəlili sanksiyaların İran iqtisadiyyatına təsirini azaltmaq üçün alternativ ticarət tərəfdaşları tapmağı təklif edir. O, Qərblə nüvə danışıqlarının və beynəlxalq sanksiyalardan qurtulmanın əhəmiyyətini azaltmaq üçün təklif edir ki, İran sanksiyaların acı nəticələrini kompensasiya etməkdən ötrü enerji ixracını artırmalı və xarici investisiyaları cəlb etməlidir. Amma bunun necəliyinə dair onun təsəvvürləri aydın deyil.

Məsud Pezeşkian isə xarici siyasətdə daha mühafizəkar kimi davranan model təqdim edir. Birincisi o, ali rəhbər Seyid Əli Xameneyiyə tabe olduğunu təkrarlayır. Doğrudur, burada Pezeşkianın gizli bir məqsədi odur ki, mühafizəkarların Səid Cəlilidən narazı olan qismindən səs alsın. İkincisi, Pezeşkian İranın uranın zənginləşdirilməsini artıracağına və beynəlxalq müfəttişlərin nüvə obyektlərinə girişin məhdudlaşacağını vurğulayır. Mötədil islahatçı blok bu qanunu Qərblə nüvə danışıqlarının irəliləyişinə maneə kimi qiymətləndirir.

Göründüyü kimi, hər iki namizəd İrandakı durumu sahmana salmağın yolunu xarici siyasətdəki yanaşmaları izləmək fonunda vurğulayır. Ziddiyyətli görünən düyünlər onda açılır ki, İranda prezidentlik institutunun başına kimin keçməsi ilə xarici siyasət müəyyənləşmir.

İranın oturuşmuş və mühafizəkar dəst-xəttə əsaslanan xarici siyasəti mövcuddur və ölkədəki yeni prezident həmin kursu izləyəcək".

Aqşin Kərimov əlavə edib ki, müəyyən yumşalma və əməkdaşlıq modellərində prezidentin təqdim etdiyi ideyalar rol oynaya bilər, lakin ümumilikdə İranın klassik siyasətindən ayrılacağını söyləmək çox tezdir.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR