İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bu görüş dünya siyasətinin dönüş nöqtəsidir” - Deputat detalları açıqladı

Volodimir Zelenski Böyük Britaniyada keçirilən görüşdən sonra jurnalistlərə açıqlamasında Ukraynanın nadir torpaq metalları üzrə ABŞ ilə müqavilə bağlamağa hazır olduğunu açıqlayıb.

ABŞ-nin maliyyə naziri Skot Bessent isə bildirib ki, hazırda Ukrayna ilə nadir torpaq metalları üzrə saziş müzakirə olunmur. O qeyd edib ki, Zelenski sazişi imzalamalı idi, lakin siyasətçi son anda razılaşmanı pozub.

aydin.jpg (68 KB)

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, Ağ Evdə baş verənlər dünya siyasətində böyük böhran yaşandığı və məsələlərin həllində fərqli mövqenin olduğunu göstərir:

“Bu görüş dünya siyasətinin dönüş nöqtəsidir ki, nəticəsini sonra görəcəyik. Görünən odur ki, Rusiya-Ukrayna münaqişəsinin hərbi həll yolu yoxdur. Müharibə illərlə davam edə bilər. Bundan isə dünya siyasəti, beynəlxalq hüquq normaları, eyni zamanda dünya iqtisadiyyatı ciddi zərər görür. Rusiya qazının Avropaya nəqlinin dayandırılması, Ukrayna taxılının dünya bazarından çıxarılması, Qara dənizin münaqişə bölgəsinə çevrilməsi dünya iqtisadiyyatına çox ciddi təsir edir.

ABŞ prezidenti hansı yolla olursa-olsun müharibəni dayandırmaq, daha sonra isə həll variantı təklif edir. Yanaşmalar fərqlidir. Hesab edirəm ki, münaqişə yarımçıq da olsa, dayandırılacaq. ABŞ və Rusiya rəhbərləri arasında görüşün keçirilməsi gözlənilir. Bu görüşdə həm münaqişə, həm də dünya nizamının yenidən dəyişdirilməsi ilə bağlı müzakirələrin olacağı gözlənilir. Qərb şirkətlərinin Rusiya bazarından çıxması Rusiya iqtisadiyyatı ilə yanaşı, həmin şirkətlərin fəaliyyətinə də ciddi təsir edib. Hər bir halda görünən odur ki, bu məsələ ilə bağlı vəziyyət günbəgün deyil, saatbasaat dəyişir. Dünya artıq müharibədən bezib, məsələnin sivil şəkildə həll edilməsini istəyir.

ABŞ prezidentinin “insanlar ölür”, “bu münaqişə 3-cü dünya müharibəsinə aparacaq” bəyanatı onu deməyə əsas verir ki, vəziyyətdən çıxış yolu üçün hətta ən ağrılı, ən gözlənilməz qərarları qəbul etmək lazımdır. Azərbaycan problemin tərəflərin razılığı ilə həllinin tərəfdarıdır. Digər məsələlər isə öz axarı ilə həllini tapacaq”.

Qeyd edək ki, CNN telekanalı Donald Trampla Rusiya prezidenti Vladimir Putin arasında görüşə hazırlıq tempinin sürətləndiyi barədə xəbər yayıb. Belə ki, fevralın 28-də Ağ Evdə Donald Trampın Volodimir Zelenski ilə mübahisəsi yaxın həftələrdə ABŞ-Rusiya münasibətlərinin bərpası ilə bağlı danışıqların növbəti raundu üçün əlavə stimul olub.

Rusiya liderinin köməkçisi Yuri Uşakov fevralın 18-də Tramp-Putin görüşünün konkret tarixinin hələ müəyyən edilmədiyini bildirib.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Mart 2025

BÜTÜN XƏBƏRLƏR