Onlayn ictimai-siyasi qəzet
"Korridalar" 12 il öncəki uğuru təkrarlaya biləcəkmi...
Futbol üzrə Avropa Çempionatında finalçılar artıq məlumdur. İyulun 9-da keçirilən oyunda Fransanı məğlub edən İspaniyanın rəqibi İngiltərə yığması oldu. Qardaş Türkiyə qarşısında bəxti gətirən Hollandiya millisi bu dəfə bəxtsizlik hissini yaşamağa məcbur oldu.
Eynilə türk millisi də oxşar hissi yaşamışdı. Əvvəlcə Niderlandın qapısına yol tapan ay-ulduzlular sonradan 2 top qapılarında görərək yarımfinalı holland oyunçulara hədiyyə etmişdilər. Hollandlar da ingilislər qarşısında əvvəl önə keçdilər, sonradan iki topu qapılarından çıxararaq Avro-2024-lə vidalaşdılar. Ən çox isə Hollandiya yığmasını oyunun bitməsinə bir dəqiqə qalmış qapısında qol görməsi üzdü.
Ümumi oyuna gəldikdə, azarkeşlər qarşılıqlı hücumlar şəraitində keçən maraqlı yarımfinal izlədilər. Hollandlar insafən türklər qarşısındakı oyunlarından daha mükəmməl oyun nümayiş etdirdilər. Bu qarşılaşmadan sonra qardaş türkiyəli oyunçuların niderlandlılarla keçirdikləri 1/4 oyunu yenidən gündəmə gəlib. Hər kəs təəssüflə əgər Türkiyə millisi yarımfinala çıxardısa, ingilisləri keçəcəkdi kimi fikirlər səsləndirir. Futbol mütəxəssisləri də eyni fikirdədir.
İyulun 14-də Berlində “Olimpiastadion” arenasında keçiriləcək İspaniya-İngiltərə oyununun nəticəsi barədə isə ən müxtəlif proqnozlara rast gəlinir. Doğrudur, əksəriyyət gənc kollektivə malik olmasına baxmayaraq, kifayət qədər peşəkar və təcrübəli oyun nümayiş etdirən ispan yığmasını şanslı görür. Amma futbolda hər bir şeyin ola biləcəyini dilə gətirənlər də az deyil. Xüsusilə son Avropa Çempionatının finalında İtaliyaya məğlub olan İngiltərənin bu dəfə şansı əldən qaçırmayacağı barədə proqnozlara rast gəlinir.
İspanlar isə düz 12 il öncə Avropa Çempionatının finalına çıxıb çempionluqlarını elan ediblər. Bu sarıdan onların xoşbəxt sonluqla bitən final təcrübələri var.
İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt komandasının Avro-2024-ün finalına yüksəlməsi barədə danışıb. O, bu qələbəyə layiq olduqlarını söyləyib: “Çox yaxşı oynadıq. Çətin bir matç keçirdik və daim taktikamızı dəyişməli olduq. Xüsusən də müdafiədə. Futbolçularımız çox yaxşı qərarlar verdilər. Matçın sonu komanda üçün xüsusi oldu. Bu, bizim ümumi işimizin mükafatıdır”.
İngiltərə millisinin futbolçusu Olle Vatkins Avro-2024-də finala yüksəlmələrini şərh edib. Niderlandla oyununda sonradan meydana daxil olan və qələbə qolunu vuran forvard bunları deyib: “Sözüm yoxdur! Matçdan sonra meydanı tərk etməyə tələsmədim. Çünki nələr hiss etdiyimi anlamaq istəyirdim. Qol epizoduna gəlincə, Kol Palmeri görəndə qaçdım və düşünürdüm ki, ötürmə gələcək. Fikirləşdiyim kimi oldu və qol vurdum. Qoldan daha vacibi komandanın qələbəsidir. Düzü, İngiltərə millisi ilə Avropa çempionatında oynayacağımı düşünməzdim”.
Niderland millisinin baş məşqçisi Ronald Kuman da Avro-2024-də mübarizəni yarımfinalda dayandırmalarını şərh edib. Mütəxəssis oyunla bağlı bunları deyib: “Nəticəyə görə məyusam. Yaxşı başladıq və qol vurduq. Bundan sonra sanki problemlər yaşamağa başladıq. Rəqibin təhlükəli oyunçularına boşluqlar verdik. Dəyişikliklər edib, oyunu çevirsək də, alınmadı. Futbol belə oyundur. Bəlkə də matç əlavə vaxta getməli idi. Amma olmadı. Futbolçularımla qürur duyuram, əla turnir keçirdik”.
Niderland millisinin müdafiəçisi Vircil van Dayk İngiltərə məğlubiyyətindən danışıb. O, baş hakim Feliks Zvayeri tənqid edib: “Belə qol buraxmağımız utancvericidir. Hər şeyimizi verdik, amma son dəqiqə qoluna üzüldük. Əliboş qaldıq. Hakimin paltardəyişmə otağına tez qaçması hər şeyi deyir. Bundan artıq danışmaq, günahı onun üzərində yıxmaq istəmirəm”.
Futbolla yaxından maraqlanan, deputat Aqil Abbas çempionat başlayan ilk günlərdən İspaniyanın çempion olacağını dilə gətirən tanınmış simalardandır. O, yenə də əminliklə eyni fikirdədir.
Aqil Abbas
Deputat final oyunu öncəsi “Yeni Müsavat”a bunları dedi: “İspaniyanın qələbəsinə yenə də inanıram. Amma bu futboldur, hər şey ola bilər. Qorxuram ki, ispanları uduzduralar. Çünki futbolu tam şəkildə siyasətə çeviriblər. Bu çempionatda belə halları az görmədik. Futbolu siyasətlə yanaşı həm də qumara çeviriblər. Qumara da çevrildiyi üçün lazım gələndə hansısa millini, yaxud klubu uduzdururlar. Türkiyənin timsalında bunu yaşadıq. Havayı yerdən bir oyunçusunu çıxardılar. Sonradan da məsələlər aydın oldu. Amma bir məsələni deyim ki, Türkiyə yarımfinala çıxsa belə, finala çıxa bilməzdi. Çünki soyuqqanlı oynaya bilmir. Hadisələri də təhlil edə bilmirlər. Düzdür, ürəklə oynayırlar, amma futbol təkcə ürək tələb etmir ki. Futbol həm də səbir, dözüm, ağıl tələb edir. Məsələn, Arda Gülər çox yaxşı oyunçudur. Amma neyləsin?”
Natiq Muxtarlı
Tanınmış idman yazarı Natiq Muxtarlı ingilislərin finalda ispanlar qarşısında çox çətin anlar yaşayacağını qeyd etdi: “Avropa Çempionatı üçün proqnozlar böyük ölçüdə özünü doğrultdu. Finala çıxan hər iki komanda - həm İspaniya, həm də İngiltərə çempionat ərəfəsində əsas favoritlərdən hesab olunurdu. Finalda fərqli oyun üslubuna sahib olan yığmaların duelini izləyəcəyik. İspaniya bütün çempionat boyu azarkeşlərə baxımlı futbol bəxş etdisə, İngiltərənin müdafiəyə meyilli sistemini hətta öz azarkeşləri də tənqid etdi. Sautqeytin oynatdığı futbolun ingilis futboluna dəxli yoxdur. Ona görə də azarkeşlər onu tənqid edirlər. Görünür, Sautqeyt bundan əvvəlki Avropa Çempionatında İtaliyadan ilham alıb. Həmin çempionatda İtaliya məhz ultramüdafiə sayəsində çempion olmağı bacardı. Özü də finalda İngiltərəni məğlub etməklə. Sautqeyt də "əsas müdafiədir" prinsipinə üstünlük verdi. Bütün İngiltərə bu sistemə qarşı olsa belə, inadından əl çəkmədi. Və görünən odur ki, onun inadı öz bəhrəsini verib.
Ancaq İngiltərə çempion olmasa, Sautqeyt amansızlıqla tənqid olunacaq. Onun ingilis futbol ənənəsinə “xəyanətini” yalnız çempionluq sığortalaya bilər. Bunu bacaracaqmı? Çətin görünür. Çünki qarşılarında bütün xətlərdə balanslı sistemə malik İspaniya var. İspaniya Fransa ilə oyunda göstərdi ki, hücumu istənilən müdafiəni yarmağa qadirdir. Onlar oyun zamanı baş verən hər cür situasiyaya hazırdırlar. Qol buraxanda təlaşa düşmürlər, oyun sistemindən imtina etmirlər. İstədikləri vaxt təzyiqi artırıb, aşağı sala bilirlər. Topa mükəmməl nəzarət edirlər. Topu itirəndə onu inanılmaz sürətlə geri alırlar. İstəsələr, 90 dəqiqə öldürücü pressinq də tətbiq edə bilərlər.
Bir sözlə, İspaniya finalın aşkar favoritidir. Sautqeytin İngiltərəni finala qədər gətirən sistemdən imtina edəcəyi inandırıcı deyil. Deməli, ingilislər könüllü şəkildə “ikinci nömrə” olmağa razılaşacaqlar. İngiltərənin müdafiə xətti isə o qədər də etibarlı deyil. Avropa çempionatında az qala hər komanda onlara qol vurdu. İspaniya o boşluqları tapacaq".
İdman yazarı çoxlarını maraqlandıran bu suala belə cavab verdi: “Yarımfinalda İngiltərənin rəqibi Niderland yox, Türkiyə olsaydı, nə baş verərdi? Düşünmürəm ki, belə olsaydı, sensasiya yaşanardı. Sadəcə, daha baxımlı, zövqlü oyun olardı. Çünki Türkiyə hücumameyilli oynayacaqdı, Niderland isə ehtiyatlı futbol sərgiləyirdi. Amma Türkiyənin hücumu ingilislərin öldürücü əks-hücumlarına məğlub olacaqdı. Yarımfinalda Türkiyə olsaydı, İngiltərə bəlkə də böyük hesabla daha asan qələbə qazanardı. Bu iddianı irəli sürərkən Türkiyənin qrup mərhələsində Portuqaliya qarşısında necə aciz qaldığına istinad edirəm.
Türkiyə mütləq müdafiə olunmaq bacarığını artırmalıdır. Heyətdə istedadlı futbolçular var. Amma bu futbolçuların mentalitetini dəyişmək lazımdır. Sistemli, komanda oyununa üstünlük verilməsə, uğur qazanmaq olmaz. Baxın, İspaniya hücum futbolu oynayır. Amma müdafiəsinə arxayındır. Arxa xətlə hücum arasında balanslaşdırılmış əlaqə var.
Türkiyə yığmasında müasir futbol oynayan təkcə bir nəfəri gördüm bu çempionat ərzində - Hakan Çalhanoğlu. Vəssalam. Qalanları istedadlıdırlar, amma düşüncə dəyişməsə, bu istedadın heç bir əhəmiyyəti olmayacaq".
Kənan Məstəliyev
Futbol mütəxəssisi Kənan Məstəliyev futbol azarkeşlərini maraqlı bir final oyunu gözlədiyini söylədi: “Finiş xəttinə çıxdıq. Son yarımfinal matçı da oynanıldı və gözəl bir həlledici qarşılaşma izləyəcəyimiz dəqiqləşdi. Əminəm ki, final çox maraqlı olacaq. İngiltərə-Niderland qarşılaşması gözləniləndən daha yaxşı keçdi. İngilislər turnir ərzində ilk dəfə baxımlı, hücumameylli oyun oynadılar, qapanmadılar, son saniyələrə qədər bəxtlərini sınadılar və finala çıxdılar. Rəqib də onlardan geri qalmadı və layiqli mübarizə nümayiş etdirdi. Niderland oyuna daha yaxşı start verən tərəf idi, gözəl qolla hesabı açdılar. İngilislərin cavabı isə şübhəli penaltidən gəldi.
Düşünürəm ki, haqsız penalti idi və orda sadəcə oyun epizodu idi, müdafiəçi sadəcə topun qarşısını almağa çalışırdı. Heç nədən britaniyalılara şans yarandı. Amma bundan sonra onlar dayanmadılar, qalib gəlmək üçün daha çox çalışdılar. Qaret Sautqeytin superpraqmatik oyununu ikinci plana keçirmişdi, əvəzetmələri ilə də oyuna doğru müdaxilələr etdi.
Niderlandın finalın bir addımlığına qədər gəlməsi və şansı son saniyələrdə qaçırması üzücü oldu. Böyük futbol ölkəsi olduqlarını bir daha təsdiqlədilər. Onlar yox, Türkiyə yarımfinala çıxsaydı, indi İspaniya-Türkiyə qarşılaşması izləmək mümkün idimi? Niyə də yox? Montella çəkinməsəydi, komandasının potensialından daha doğru istifadə edə bilsəydi, indi biz ay-ulduzluları çempionluq matçında da görə bilərdik. Qardaş ölkə bu çempionata damğasını vuran komandalardan oldu, xüsusilə Avstriya ilə matç möhtəşəm olmuşdu. Hər halda, potensial var və biz qarşıdakı böyük turnirlərdə hələ ay-ulduzlu formanı daha yuxarı pillələrdə görəcəyik.
Final barədə isə onu deyə bilərik ki, ispanlar onu qazanmağa daha layiqdirlər. Baxımlı, aqressiv futbolla azarkeşlərin rəğbətini qazanıblar, kuboku haqq ediblər. Amma bu futboldur. Final da bir matçdır və bu bir matçda hər şey ola bilər. Finallar futbol oynamaq yox, onu udmaq üçün olur".
Cavanşir ABBASLI,
“Yeni Müsavat”
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ