Onlayn ictimai-siyasi qəzet
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarındakı çimərliklərdə monitorinqlər aparıb - nəticələr...
Azərbaycanda çimərlik mövsümü iyunun 15-dən etibarən başlayıb. Abşeron yarımadasında yerləşən çimərliklər müxtəlif kateqoriyalara bölünür: ictimai çimərliklər, özəl çimərliklər, dənizkənarı istirahət mərkəzlərinin ərazisində olan çimərliklər və boş sahələr. Bu çimərliklərin hər biri mövsüm öncəsi hazırlıq işlərinə aprel və may aylarından başlayır. Xüsusən özəl çimərliklərdə və istirahət mərkəzlərində cari təmir işləri görülür, ərazi abadlaşdırılır, sakinlərin və qonaqların rahatlığı üçün şərait yaradılır. Bu işlərin təşkili və icrasına çimərliklərin yerləşdiyi rayonlar üzrə məsul nümayəndələr və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları da cəlb olunurlar. Nazirlik tərəfindən çimərliklərdə mütəmadi olaraq yoxlamalar həyata keçirilir.
Abşeron yarımadasında - Şıx, Sahil, Buzovna, Novxanı, Görədil və Pirşağı çimərliklərində İDEA İctimai Birliyi tərəfindən ictimai çimərliklər yaradılıb. Bu layihə İctimai Birliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılıb. Layihə çərçivəsində dənizkənarı ərazilərdə yaradılan çimərliklər paytaxt sakinləri və şəhərə üz tutan qonaqlar üçün pulsuz xidmət göstərir. Çimərliklərdə güllüklər, söhbətgahlar, sanitariya qovşaqları, eləcə də avtomobil dayanacaqları təşkil olunub. Mövsüm ərəfəsində ərazilərdə abadlıq və cari təmir işləri aparılıb, bəzi yerlərdə rənglənmə işləri də həyata keçirilib. Bu ərazilərin təmizliyinə xüsusi diqqət yetirilir, tullantıların daşınması üçün əlavə tədbirlər görülür.
Qeyd edək ki, ictimai çimərliklərə giriş tamamilə pulsuzdur və bu ərazilərdə heç bir xidmət üçün ödəniş tələb olunmur. Özəl çimərliklərə də giriş ödənişsizdir, lakin göstərilən xidmətlərə (kafedən, güllük və sanitariya qovşaqlarından istifadə və s.) görə ödəniş edilir.
Yay mövsümünə hazırlıq çərçivəsində Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən Bakı, Sumqayıt, Mingəçevir şəhərləri, eləcə də Lənkəran, Astara və Xaçmaz rayonlarında yerləşən çimərliklərdə sanitar-gigiyenik vəziyyətin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparılıb.
Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, monitorinqlər zamanı dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəriciləri laboratoriya üsulları ilə tədqiq edilib:
“Araşdırmalar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi və Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin mütəxəssisləri ilə birgə həyata keçirilib.
May ayından etibarən aparılan müayinələrə Bakı şəhərinin Buzovna, Mərdəkan, Şüvəlan, Türkan, Hövsan, Novxanı, Görədil, Nardaran, Bilgəh, Pirşağı, Şıx, Sahil kimi çimərlik əraziləri, eləcə də Sumqayıt, Lənkəran, Astara və Xaçmaz rayonlarının sahilboyu əraziləri daxil edilib.
Belə ki, Suraxanı rayonunun Hövsan, Xəzər rayonunun Türkan, Səbayel rayonunun Şıx, Qaradağ rayonunun Sahil çimərlikləri ilə yanaşı, Xaçmaz rayonunun Niyazoba kəndi, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsi və Sütəmurdov kəndində yerləşən çimərliklərdən götürülən su nümunələrində normadan artıq bakterioloji çirklənmə aşkarlanıb.
Bu ərazilərdə suyun çirklənmə səviyyəsinin əhalinin sağlamlığı üçün təhlükə yaratdığı və yoluxucu xəstəliklərin yayılmasına səbəb ola biləcəyi bildirilib. Bu səbəbdən qeyd olunan çimərliklərdə istirahət etmək tövsiyə olunmur".
“Monitorinq nəticələri əsasında Azərbaycan Respublikasının "Su Məcəlləsi"nin 42-ci maddəsinə uyğun olaraq, Dövlət Su Ehtiyatları Agentliyinə çimərliklərdən istifadənin məhdudlaşdırılması və ya dayandırılması ilə bağlı tədbirlərin görülməsi üçün rəsmi müraciət hazırlanır.
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən çimərliklərdə monitorinqlər davam etdirilir", - deyə məlumatda qeyd olunub.
Şəhanə RƏHİMLİ,
“Yeni Müsavat”
20 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ